Akademik olmaq üçün əyilmək və məddahlıq tələb olunurdu
Bu dəhşət bizim ruhumuza nə zaman hopdu?..
Hörmətli Cəmil müəllim, müsahibənizdə yerliçilik məsələsinin çox qorxulu olduğunu qeyd edirsiniz. Tamamilə haqlısınız. Amma bu qorxulu mərəzi canımızda indi hiss edirikmi? Yerliçilik siyasəti, o çirkin niyyət azərbaycan xalqına zorla 1970-ci ildən sonra təlqin edildi. O illərdə Azərbaycan rəhbərliyində Qərbi Azərbaycandan təkcə Kamran Bağırov təmsil olunurdu. Kamran Bağırovun atası 1918-ci ildən Bakıda yaşayan ermənistanlılardan, bir tərəfi isə əsilli-nəsilli bakılılardan idi. Ancaq o, ruslaşmış bir azərbaycanlı, eyni zamanda yerlibazlıqdan uzaq olduğu kimi Azərbaycan adət-ənənələrindən, milli dəyərlərdən, təəssübkeşlikdən də uzaq idi. K.Bağırov oturduğu vəzifəyə ona görə təyin edilmişdi ki, Azərbaycanda keçən əsrin 20-ci illərindən başlayan milli dirçəlişin, milli mədəniyyətin, qədim adət-ənənələrin məhv edilməsinə yardımçı olsun. Onun nəzarətində olan sahələrin rəhbərləri birbaşa respublika rəhbərinə qohumluğu və doğmalıqları ilə tanınan buyruqçuları, klanın yaxın əlaltıları, bir sözlə, Azərbaycan elitasını indi Oqtay Əsədovun düşündüyü səviyyəyə sala biləcək mənsəb sahibləri idilər.
Mir Cəfər Bağırovun zamanındakı Ermənistan azərbaycanlıları
O vaxt K.Bağırovdan başqa Ermənistan əsilli bir nəfər də olsun rəhbərlikdə təmsil olunmurdu. Ancaq Mərkəzi Komitənin büro üzvlərindən beşi “kiçik torpaqdan” idilər. Məhz onların xəyanətləri sayəsində son 40 ildir ki, bu zavallı xalq özünə gələ bilmir. Güman edirəm, bilməmiş deyilsiniz ki, Mir Cəfər Bağırovun dövründə Mərkəzi Komitənin büro üzvlərindən 5 nəfəri Qərbi Azərbaycandan idilər. Onların hər birinin Azərbaycan respublikasının inkişafında müstəsna xidmətləri vardı. Onların heç birinin ünvanına bu gün də acı söz danışan yoxdur. Yəqin o da sizə məlumdur ki, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təməlini qoyan Qərbi Azərbaycanlılar, görkəmli cərrah Mustafa bəy Topçubaşov, Azərbaycanda fəlsəfə məktəbinin yaradıcısı Heydər Hüseynov, Irəvanskilər şəxsiyyət olublar. Kim onları yerliçilikdə ittiham edə bilər?
Indi bu biçarə Qərbi Azərbaycanlılar nə etsinlər ki, onların içərisindən Əhliman Əmiraslanov, Fikrət Əliyev kimi məddahlığı özlərinə həyat tərzi seçən insanlar da çıxıb.
Ramiz Mehdiyevdən “öyrənən” riyaziyyatçı akademik
“Akademik” Fikrət Əliyev Ramiz Mehdiyevin əsərlərindən aldığı təəssüratla yaşadığını fəxrlə yazır. Həqiqətən də, Ramiz Mehdiyevin adından yazılan “əsərlər” elə Fikrət Əliyevin səviyyəsindədir. XXI əsrin yaşayış tərzini Ramiz Mehdiyevin “əsərlərindən” öyrənən riyaziyyatçı “akademikin” daxili səviyyəsini təsəvvür etmək çətin deyil. Güman edirəm ki, Fikrət Əliyev Kalmaqorovun teoremlərindəki qeyri-bərabərliyi də elə Ramiz Mehdiyevin əsərlərini öyrənəndən sonra aşkar edib.
Əlbəttə ki, o böyük rus alimi Kolmoqorov da, Azərbaycanın böyük alimi Rafiq Əliyev də Ramiz Mehdiyevin nəzəriyə və düşüncələri prizmasından çox kiçik görünürlər. Bu gün Ramiz Mehdiyevə məddahlıq və riyakarlıqla yazılan cəfəng dolu qalaq-qalaq kitablar Azərbaycanda yeni “fəlsəfə elminin” əsasını təşkil etmirmi? Onun “Demokratiyanın Azərbaycan modeli” adlı əsəri, hətta Qərbin siyasi dairələrini də öz baxışlarında dəyişiklik etmək zorunda qoydu. Çox təəssüflər olsun ki, onun bu “əsəri” dahi Eynşteynin nəzəriyyələri əsasında yazıldığından bir çox Avropalı siyasətçilər onu anlaya bilmirlər. O əsəri ancaq Fikrət Əliyev kimi “dühalar” dərk edə bilər. Ona görə də Fikrət Əliyevin zəhlətökənliyindən hörmətli alimlərimiz Cəlal Allahverdiyevin, Rafiq Əliyevin, Cəmil Həsənlinin inciməyə haqları yoxdur.
***
Cəmil müəllimin dünyanın elm və siyasi mərkəzlərində xarici dillərdə nəşr edilən çoxsaylı fundamental əsərləri haqqında Fikrət Əliyevin xəbərsiz olması heç kimi təəccübləndirməsin. Çünki F.Əliyevin hobbisi R.Mehdiyevin kitablarını oxumaqdır. Görəcəksiniz, Fikrət Əliyev kənd müəllimi arzusunda olub Əliyevlərin sayəsində akademik və rektor vəzifələrinə sahiblənən bir çoxlarını “ləyaqətlə” əvəz edəcək.
Indi qismət də elə gətirib ki, Bakı Dövlət Universitetinin rektorları arasında Əziz Əliyev, Cəfər Xəndan Hacıyev, Yəhya Məmmədov kimi ləyaqətli şəxsiyyət və görkəmli alimlərlə yanaşı Misir Mərdanovun da adı çəkilir. (Əvvəlki üç rektor da Qərbi Azərbaycanlılardır, amma əsilli-nəsillilərdəndir) .
Heydər Əliyev onları bir-bir sıradan çıxarırdı
1970-ci ildən sonra elmi nailiyyətlərinə görə bir nəfər də olsun ermənistanlı və naxçıvanlı Azərbaycan Elmlər Akademiyasına akademik seçilə bilmədi. Fiziologiya sahəsində dünya elminə böyük töhfə vermiş professor Qəhrəman Qəhrəmanovu heç müxbir üzv də seçmədilər. Hansı ki, onun elmi nailiyyəti Nobel mükafatına təqdim olunmuşdu. Nə üçün Q.Qəhrəmanov bu yüksək addan məhrum oldu? Çünki əyilə bilmirdi, sədaqəti əldən öpməkdə görmürdü, məddahlığı bacarmırdı, alıb-verməyi öyrənə bilməmişdi. 36 yaşında tibb elmləri doktoru olan Q.Qəhrəmanov 1966-cı ildə Tibb Institutunun prorektoru təyin edilmişdi. Tibb elmi onunla fəxr edirdi. 1970-ci ildə tutduğu vəzifədən uzaqlaşdırıldı, hər cür təqibə məruz qaldı.
Cəmil müəllimin yaxşı tanıdığı Mirəli Seyidov Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri idi. Uzun illər Matenadaran Əlyazmalar Institutunda elmi fəaliyyətlə məşğul olmuşdu. Ermənilərin qədim əlifbasını, Şumerlər dövrünün yazılarını oxuya bilən alimi, yüzlərlə dəyərli məqalələrin, neçə-neçə fundamental elmi monoqrafiyaların müəllifini Elmlər Akademiyasında seçkilərə qatılmağa belə, qoymadılar.
Bir neçəsinin də adını çəkmək istərdim. Bu gün Azərbaycan iqtidarının şəxsi sərvətinə çevrilmiş neft sənayesinin korifeylərindən biri olan, üç dəfə SSRI Dövlət mükafatını, Stalin mükafatını, Azərbaycan Respublikasının Dövlət mükafatını almış, Xəzər dənizinin fatehi, bu gün hakimiyyətin ömrünü uzatmaq üçün imzalanmış “Əsrin Müqaviləsi” adlı kontraktın əsasını təşkil edən “Günəşli” yatağının istismara verilməsinə birbaşa rəhbərlik edən professor Ələkbər Süleymanovu Akademiyanın həndəvərinə buraxmadılar.
Azərbaycan iqtisadiyyat elminin inkişafında misilsiz xidmətləri olan, hətta iqtisadiyyat məktəbinin yaradıcısı sayılan professor Mədət Allahverdiyev 1970-ci illərdə iqtisadi saxtakarlıqlara qarşı çıxışlarına görə aldığı partiya cəzasını belə, ömrünün sonuna qədər üzərindən götürə bilmədi. Onun tələbələrinin bir neçəsi, o cümlədən Ziyad Səmədzadə AMEA-nın akademiki seçildi.
Siyahını artıra bilərəm, ancaq indiki dövrdə mənasız statistikadan başqa bir şey olmayacaq.
Akademiyanın prezidentinin doktorluq dissertasiyasını kim yazmışdı?
1970-ci ildən Azərbaycan elminin inkişafı ancaq “gurultulu alqışlara” çevrildi. Akademiyaya seçilmiş prezident Həsən Abdullayev elmi katib vəzifəsinə də Mərkəzi Komitənin razılığı ilə təyin edildi.
Sovet riyaziyyat elminin tanınmış simalarından biri olan akademik Zahid Xəlilov rəhbərlik etdiyi Riyaziyyat Mexanika institutunun direktoru vəzifəsindən azad edildi. Onun yerinə hələ doktorluq dissertasiyasını bitirməmiş Fərəməz Maqsudov təyin olundu.
F.Maqsudovun doktorluq dissertasiyasını yazan görkəmli riyaziyyatçı alim Mirabbas Qasımov 1966-cı ildə doktorluq dissertasiyasını müdafiə etmişdi. 1976-cı ildə F.Maqsudov Elmlər Akademiyasının müxbir üzvü, iki ildən sonra akademik seçildi. Bununla da AMEA elm mərkəzi kimi öz əhəmiyyətini itirdi. Məhz bu məqsədə nail olmaq üçün 1969-cu ildə Vəli Axundovu Akademiyaya prezident seçilməyə qoymadılar.
70-ci illərin əvvəlində Akademiyaya müxbir üzv seçilmiş Cəlal Allahverdiyev 2001-ci ildə zorla akademik vəzifəsinə seçildi. Cəlal Allahverdiyev görkəmli alim, ləyaqətli şəxsiyyətdir. O uzun illər Akademiyanın Kibernetika institutunun direktoru işləyib. Nizam-intizamı, təmiz adı ilə böyük hörmət sahibi olub. Şəxsi qazancı üçün kimsənin qolundan tutub qapılar açmayıb. Heç kimə boyun əyməyib. Ona görə də Telman Əliyev və Fikrət Əliyevdən sonra akademik seçildi. Yaqub Məmmədovun (o vaxt o Tibb Institutunun rektoru idi) xalası qızının həyat yoldaşı Telman Əliyevi akademik seçdilər, nədi-nədi Yaqub Məmmədov Akademiya rəhbərliyinin tapşırıqlarını yerinə yetirəcəkdi.
Indi əlbəttə, asanlıqla akademik seçilən Telman Əliyev özündən çox səviyyəli alimin əlehinə yazılan məqaləyə imza atmağa borcludur.
Bəli, “korun zəhləsi işıqdan gedər” ifadəsi çox yerində deyilib…
(ardı var)
Əli Qaraqoyunlu