Samir Şərifov bank sektorunu niyə iflic edir?

Ölkədəki bank çöküşünün pərdəarxası məqamları

Milli Məclisin Büdcə ilə əlaqədar müzakirələrində Milli Bankın Idarə Heyətinin sədri Elman Rüstəmovun vəziyyətlə bağlı tənqidi çıxışı və ölkədə vergi yükünün azaldılmasının zəruriliyini gündəmə gətirməsi siyasi iqtidarın sərt təpkisi ilə üzləşdi. Cavab elə Milli Məclisin bir gün sonrakı iclasında gəldi. Vergilər naziri Fazil Məmmədov və Maliyyə naziri Samir Şərifov tələm-tələsik, arqumentsiz cavabları ilə iqtisadiyyatın doğru yolda olduğunu bəyan etdilər. Və bununla hakimiyyətin islahat barədə, ümumuyyətlə düşünmədiyini bir daha təsdiqləmiş oldular.
Ardınca mətbuatda Elman Rüstəmovun Avstriyadakı bank qalmaqalında adının hallanması və hələ ki, ailə tərəfindən ram edilməsi mümkün olmayan Beynəlxalq Bankın reytinqi ilə bağlı spekulyasiyalar informasiya şəbəkəsində geniş şəkildə dolaşmağa başladı. Halbuki ölkənin bütün bankları hökumətin yanlış siyasəti nəticəsində iflasın son mərhələsinə qədəm qoymaqda olduğu iqtisadi çevrələrdə hər kəsə bəllidir. “Fitch Ratings” agentliyinin 14 dekabr 2012-ci il tarixdə ABB-nin uzunmüddətli reytingini “BBB-” investisiya kateqoriyasından “BB+” spekulyativ kateqoriyaya, dövlət dəstəyi reytinqini isə “2”dən ”3”ə, yəni yüksək səviyyə göstəricisindən orta səviyyə göstəricisinə endirməsi əsas götürülərək bu prosesin guya bankların düzgün idarə olunmamasından qaynaqlandığı görüntüsü yaradılmağa çalışıldı.
Əslində isə həmin agentlik eyni zamanda reytinqlərə belə mənfi təsir göstərən amilləri də açıqlayıb və qeyd edib ki, reytinqin enməsi bankın son 2 il ərzində kapitalın artırılmaması və nəticədə onun kapital adekvatlığı ilə əlaqədar müəyyən edilmiş minimal normativ tələblərə riayət etməməsi, habelə ABB-nin xarici cəlbetmələri üzrə kredit müqavilələrində əks olunmuş maliyyə öhdəliklərinin uzun müddət ərzində pozulması ilə əlaqədardır. Bu məsələdə ölkənin geniş maliyyə imkanlarının olmasına baxmayaraq, banka dəstəyin vaxtında göstərilməməsi, o cümlədən subardinasiya kreditinin ayrılmaması əsas təsiredici rol oynayıb. “Fitch Ratings” agentliyi həm də xəbərdarlıq edib ki, bu dəstək qısa müddətdə göstərilməsə, hazırkı reytinqlər bir daha endirilə bilər. Neqativ proqnozun bilavasitə hökumətin bank və monetar siyasətinin yanlış olması ilə bağlılığı göz qabağındadır. Milli iqtisadiyyatın strateji cəhətdən mühüm subyekti olan ABB-yə, eləcə də digər banklara vaxtında və adekvat dəstəyin göstərilməməsi ölkəni ciddi reytinq problemi ilə üz-üzə qoymaqdadır. Görünür, Milli Bankın Idarə Heyətinin sədri vəziyyətin daxili faktordan qaynaqlandığını anlayaraq xilas yolunun köklü islahatlardan keçməsi barədə cəsarətsiz şəkildə də olsa mövqe ortaya qoymağa çalışıb, ancaq sərt şəkildə mətbuatda yer alan kompramatlarla susdurulub. Halbuki dünyanın əksər ölkələrində belə banklara ciddi dəstək verilməsi zəruri addımlar kimi qiymətləndirilir. Məsələn, Almaniyada Nazirlər Kabineti yerli bankların xilası fondunun işini canlandırmaq, habelə kreditorların iflasdan qurtulması və sistem maliyyə böhranı risqini azaltmaq üçün fondun miqdarı 360 milyard avrodan 480 milyard avroya qaldırılıb. 2010-cu ildə təkcə Rusiyada kommersiya banklarına 250 mld. rubl əlavə maliyyə yardımı nəzərdə tutulub. 2009-cu ildə ABŞ hökuməti 23 amerikan bankına antiböhran iqtisadi dəstək proqramı çərçivəsində 365,4 mld. dollar ayırmışdı. Böyük Britaniyada da bu sahədə ciddi dəstək proqramı həyata keçirilib. Azərbaycanda isə hökumət bilavasitə bankların batırılması proqramını hədəf olaraq seçib. ABB-də səhmlərin 50,2 faizinin sahibi olan dövləti bankda təmsil edən Maliyyə Nazirliyi nizamnamə kapitalının artırılması məsələsində bankın maraqlarına qarşı açıq-aşkar maneə yaradacaq mövqe sərgiləyib. Maraqlıdır ki, ABB 2009-2010-cu illərdə mənfəətlə işləyib, konkret olaraq 2009-cu ildə 128 milyon manat, 2010-cu ildə 48,8 milyon manat xalis mənfəət əldə edib. Həmin mənfəət səhmdarlar arasında dividentlər verilməklə bölüşdürülməli olduğu halda, məhz  Samir Şərifov həlledici səs çoxluğundan istifadə etməklə 2009-cu ilin 3-cü rübündən başlayaraq dividentlərin verilməməsinə nail olub. Bu isə səhmdarların səhm əldə etmək istəyini azaldıb, səhmlərin bazar qiymətini kəskin şəkildə aşağı düşürüb. Bu amillər isə son nəticədə belə vəziyyətə gətirib çıxara bilər ki, nizamnamə kapitalının emissiya vasitəsilə artırılması, ümumiyyətlə mümkün olmasın. Halbuki, 2009-cu ildə elə səhmlərin satışı yolu ilə nizamnamə kapitalı dəfələrlə artırılıb.
Samir Şərifovun əvvəllər də iqtisadi yenilikçilik təşəbbüslərinin fiaskoyla nəticələnməsi hazırda bütün bankların qarşılaşacağı problemləri proqnozlaşdırmağa imkan verir. Hələ ölkənin Milli Bankında işlədiyi dövrdə guya SWIFT sisteminə (pul köçürmələrinin beynəlxalq sistemi) alternativ kimi AZIPS sisteminin tətbiqini təşkil etmiş, buna kifayət qədər dövlət vəsaiti xərclənmiş, ancaq  bu gün də həmin sistem xarici dövlətlərin xüsusi xidmət orqanlarının nəzarətində olan SWIFT sistemi vasitəsilə işləyir. Bu isə ölkə daxilində aparılan pul köçürmələrinin konfidensiallığının pozulması deməkdir. Yaranmış vəziyyətdən çıxış yolu kimi yeni XÖHKS sistemi yaradılmışdır. Dövlət Neft Fondunun rəhbəri olarkən də o, qulluq mövqeyindən istifadə etməklə aktivləri idarə edən özünə yaxın şirkətlər vasitəsilə Neft Fondunun vəsaitlərinin öz maraqlarına xidmət edən tərzdə yerləşdirilməsinə “nail olmuşdur”.
Bu gün Samir Şərifov növbə ilə bankları udmaq üçün açılmış məlum ağızlara Beynəlxalq Bankı itələmək üçün bütün imkanlarını səfərbər almış. Bankın udulub-udulmayacağı bəlli deyil, ancaq bir şey bəlli ki, “Inkişafın Azərbaycan modeli” deyilən şey, iqtisadi sistemin azərbaycansayağı çökdürülməsinin dünyada analoqu olmayan üsullarından ibarətdir.

Hikmət