Ölkənin baş naziri kürdlərdən vitse- prezidenti təhvil verməyi tələb etdi
Iraqın baş naziri Nuri əl-Maliki kürd muxtar regionunun rəhbərliyindən terror ittihamları üzrə həbs qərarı çıxarılmış sünni vitse-prezident Tariq əl-Haşimini təhvil verməsını tələb edib.
Ölkənin ən yüksək rütbəli sünni siyasətçisi olan Tariq əl-Haşimi ona qarşı irəli sürülən ittihamları saxta adlandırıb. Amerika qüvvələrinin Iraqı tərk etməsindən bir gün sonra həbs qərarı çıxarılan Əl-Haşimi hazırda Iraqın şimalındakı Kürd muxtar regionundadır. ABŞ-ın vitse prezidenti Cozef Bayden Iraq liderlərini yeni böhranın həlli üçün birgə işləməyə çağırıb.
Iraqın şiə baş naziri Nuri əl-Maliki isə mətbuat konfransında bildirib ki, əsas sünni partiyası – əl-Iraqiyyədən olan nazirlər parlamentin və Nazirlər Kabinetinin işinə boykota son qoymayacaqları halda, onları vəzifəsindən azad edəcək. Maliki eyni zamanda böhranın həllinə çalışmaq üçün bütün siyasi fraksiyaları danışıqlar aparmağa çağırıb. Vitse-prezidentin ona qarşı həbs qərarının nəzərdən keçirilməsi üçün Ərəb Liqasına müraciəti ilə bağlı sualı da cavablandıran baş nazir deyib ki, bu, Iraqda cinayət işidir, bu məsələyə Ərəb Ölkələri Liqası və ya BMT-nin müdaxiləsi üçün heç bir səbəb görmür.


