Qoç döyüşü

yaxud TQDK ilə Təhsil Nazirliyinin fərqi

Ölkənin iki qurumu – TQDK və Təhsil Nazirliyi arasında səngimək bilməyən qarşıdurma “pik” həddinə çatmaqdadır. Artıq tərəflər bir-birini açıq mətnlə tənqid etməkdən belə çəkinmir. Son günlərdə bu qarşıdurmaya qurumların “ağır artilleriyaları” – Məleykə Abbaszadə və Misir Mərdanov da qoşulub. Burada məsələnin diqqətçəkən tərəfi odur ki, bu cür olaylara Azərbaycanda o qədər də tez-tez rast gəlinmir. Belə çıxır, doğrudan da “balinalar” bir-birini parçalamağa hazırlaşır. Əlbəttə, bunu bəziləri kimi, “iriçaplı” məmurların hansısa maraq üstündə növbəti vuruşu sayıb məsələnin üstündən sükutla keçmək də olardı. Amma söhbət xalqın 7-dən 77-yə bütün kəsimlərinin marağına toxunan strateji sahədən, onun taleyindən gedirsə, burada susmaq mümkün deyil. Şəxsən mənim üçün bu sistemin bütün təkərcikləri və vintcikləri siyasi mənada eyni anlamı daşısa da, həmişə işinə görə insanların haqqının düzgün verilməsinin tərəfdarı olmuşam. Daha təhsil eksperti dostumuz Nabatəli Qulamoğlu kimi yox: “Mərdanov neyləsin, sistem günahkardır”. Hesab edirəm ki, hamımız bu cür düşünsək, onda heç nəyə nail ola bilmərik. Əksinə, hər bir məmurun sistemin bu hala düşməsində “xidmətinin” nədən ibarət olduğunu ortaya qoysaq, daha düzgün olar. Bunu göstərmək, elə sistemin anatomiyasını açıb göstərmək deməkdir. Ona görə də kiminsə: “TQDK bu sistemdə korrupsiya çirkabına ən az bulaşmış qurumdur”, – deməsi, heç də o şəxsin rejim tərəfdarı olması anlamına gəlmir. Onsuz da bu qurumla əlaqəsi olan hər kəs bunu etiraf edir, biz istəsək də, istəməsək də. Insanların əksəriyyəti bunu, birmənalı olaraq, qurumun təməlinin rəhmətlik Əbülfəz Elçibəyin düzgün qoyması ilə əlaqələndirir. Amma belə düşünürəm ki, əslində bu fikir Nabatəli müəllimin yanaşmasının o biri üzüdür. Sanki subyektiv amillərin – kadrların rolu heç yoxmuş. Əlbəttə, başqa cür düşünənlər də yox deyil. Məsələn, digər ekspert Əlövsət Osmanlı belə hesab edir ki, TQDK sədrinin postunda Misir Mərdanov olsaydı, bu qurum Təhsil Nazirliyindən də betər vəziyyətə düşərdi. Bəlkə də… Ancaq dəqiq bildiyim odur ki, təhsilimiz bu gün doğrudan da pis gündədir. Günü-gündən də geriyə getməkdə davam edir. Ən acınacaqlısı isə odur ki, cəmiyyət bu vəziyyətin düzələcəyi ilə bağlı heç bir siqnal almır. Bu siqnalı verəcək əsas şəxslər – Təhsil Nazirliyinin məmurları isə ünvanlarına söylənən iradları saf-çürük edib nöqsanları düzəltmək əvəzinə, opponentlərini az qala düşmən elan edir, məhkəmələrə çəkir. Bu iki qurum arasındakı fərqi nümayiş etdirən yaxın günlərin bir hadisəsini yada salaq.
Özünü BDU-nun beynəlxalq hüquq fakültəsinin tələbəsi kimi təqdim edən Səriyyə Əliyeva adlı bir gənc yalnız təhsil sistemini yox, bütün ölkəni Rusiyanın “Afisha.ru” internet saytında rüsvay elədi. Hamının gözü haqlı olaraq TQDK-ya və Təhsil Nazirliyinə dikildi. TQDK bəyan elədi ki, bu şəxs universitetə bizim sistem vasitəsilə qəbul olunmayıb. Bəs Təhsil Nazirliyi? Bu qurum isə hələ də susur, neçə gündür ki, toplumu düşündürən adi bir suala heç nə olmamış kimi, cavab vermək istəmir. Açıqlamır ki, bu savadın, bu ağlın sahibi olan bir tələbə ölkənin ən prestijli ali məktəbinin ən prestijli fakültəsinə hansı yollarla qəbul olunub. Axı həmin fakültəyə illərlə hazırlaşıb, ancaq bir-iki bala görə qəbul oluna bilməyən nə qədər gəncimiz var…
Fərqi gördünüz?!