ƏLİ BƏYİN PARLAQ TAKTİKASI VƏ…

Şahvələd bəyin dünyəvilik narahatlıqları

Düzü, bu yazını yazmaqda böyük tərəddüd göstərdim. Çün, bu vurhavurda və basabasda durub hörmət etdiyim şəxslərlə polemikaya girişməyi öncə rəva bilmədim. Amma, Əli bəy kimi ünlü fiqurun bunca insafsızlıqla tənqidə (olsun ki, dostcasına tənqid idi) məruz qaldığını görcək, müdaxilə qərarı verdim.

Söhbət Şahvələd bəyin “Dünyəvilik sualları” köşəsindən gedir. Müqəddimə olaraq qeyd edim ki, son günlərdə Əli bəyin parlaq siyasi gedişlərini kifayət qədər önəmli sayıram. Zira, Əli bəy dissident klublarının birinin moderatorluğu statusundan gerçək müxalifət liderliyi görəviliyinə parlaq transferdə bulundu. Sirr deyildir ki, son üç ildə hakimiyyətin incitdiyi əsas kateqoriyalardan biri məhz dindarlar olmuşdur. Lakin, onminlərlə passionar potensialı olan bu kəsimi hakimiyyətə aktiv etirazçıların sırasına qoşmaq alınmamışdır. Düşünürəm ki, bunun əsas səbəbi məhz etirazçılığın müxalifət düşərgəsi ilə assosiasiya olunması, müxalifətçiliyin isə dindarlıqla yola getməyən bir güruh olmasının ciddi-cəhdlə yeridilməsidir. Hal-hazırda da biz Əli Kərimlinin dindarların təhtəlşüuruna göndərdiyi fundamental mesajın şahidi olmuşuq. Bu mesaj “narahat olmayın, biz özgə deyilik” anlamında qavranılmalıdır. Əli bəy bu parlaq gedişi ilə son bir neçə ildə məscidləri sökülən, azanları qadağan olunan, müqəddəs kitabları və baş örtükləri yasaqlanan, hər bir etirazçısının “narkoman” deyilərək yağmalandığı dindar kəsimin protestçi zümrəyə qoşmaq yönündə praktiki addımlar atmış oldu. Zatən, müxalifətin, xüsusən də gerçək dəyişiklik yapmaq istəyən və bunun məsuliyyətini yaşayan kapitanların gerçək işi bu…
Bir nöqtəyə də diqqət verək ki, Əli bəy son müsahibələrinin birində işarəli müddəalardan birini ortaya qoymuşdur. O, “son illərin təcrübəsi, hakimiyyət tərəfindən davamlı provokasiyalara çəkilən dindarların səbirli, təmkinli və emosiyaya uymayan bir sabit durumda bulunmalarını bəlli etdi” kimi uzaqgörən bir nəticəni aşkarladı. Politoloji dildən tərcümədə bu o deməkdir ki, dindar kütləni  etirazçı zümrəyə çevirməyin “arzuolunmaz və nəzarətolunmaz nəticələri” barədə postulatların əsassızlığı isbata yetir və müxalifət bu passionar kütləni öz bayraqları altına almaq mesajları verir.
Sayın Şahvələd bəy ya bu mesajların önəmliyinin fərqinə varmadı, ya da nəzəri-politoloji yanaşmada ifrata vararaq strateji gedişləri gözündən qaçırtdı. Hər iki halda, Şahvələd bəy, Əli bəyə yönəli qınaqları ilə mifik hədəfləri izləyərək, əslində gerçək taktiki əngəllər törədir. Azərbaycan tarixi üçün belə durum yeni deyildir. Elə 1918-1920-ci illərdə də, 1980-ci illərin sonunda da, 90-cı illərin əvvəllərində də məhz belə bataliyaların mövcudluğu hazırda yaşadığımız dönəm üçün zəmin yaratdı.
Əcəba, nəyi qoyub, nə axtarırıq? Şahvələd bəy Əli bəyi “Azərbaycanda dünyəvi dövlətçiliyə təhlükə yaradan amilə” rövnəq verməkdə suçlandırır. Hansı dövlətin dünyəviliyinin nigaranlığını çəkirik? Demokratik dövlətin ayrılmaz atributu – müxalifətin strukturlaşmış mövcudluğudur. Hanı bu mövcudluq? Öncə Hikmət Hacızadə və indi Əli bəy Kərimli tam dəqiq diaqnoz qoyublar ki, bizdə “dissident klubları” səviyyəsindən o yana çıxmaq imkanı belə qoyulmayıb fərqli düşüncə sahibləri üçün. Belə olan durumda mövcudiyyətin hüdudlarını genişləndirmək üçün çarpışmaq gərəkdir, yoxsa bu dar çərçivədə nəzəri bataliyalara rəvac vermək? Cəmi 2-3 qəzet qalıb ki, son qüvvəsilə məlumat obyektivliyini, fərqli mövqenin mövcudluq hüququnu qoruyur. Bu qəzetləri də uzaq perspektivli nəzəri çəkişmələrin meydanına çevirərək, elektoratı dezorqanizasiya etmək kimə və nəyə lazım?!
Və hər şey bir yana – dünyəvilik əsla nə? Aydındır ki, dünyəvilik – bizim kimi toplumlara baş məşğul etmək üçün atılan mövzulardandır. Kimdir dünyəvi? ABŞ-mı – harada ki, Konqres üzvləri sırf dini bayramlar olan Miladı, Təşəkkür Gününü, hətta yəhudi bayramı Purimi qeyd etmək üçün rəsmi tətilə çıxırlar? İngiltərəmi, Almaniyamı? Yoxdur bu məfhum əslində, mövcud deyil. Müsəlman toplumlarının işərisinə atırlar ki, “parşala və hökm sür” siyasəti enişsiz-yoxuşsuz realizə olunsun. Bu, ayrı bir nəzəri mövzudur, bunu indi burada araşdırmaq mənə nə maraqlıdır, nə də yerli sayıram. Onsuz da hamıya aydındır ki, bu, oyundan başqa bir şey deyildir.
Şahvələd bəy hər şeydən əlavə, yazır ki, Əli bəy ateistləri meydanda tək qoydu. Bu, nə bölgüdür belə? Dindar-ateist cəbhəsi nədən yarandı? Əli bəy müxalif düşüncəli insanların böyük bir toplusunun lideridir; məgər o, ateistlərə ayrıca, dindarlara ayrıca liderlik etməliydimi? Nədəndir bu narahatlıq? Əli bəyin mövqeyindən gərək əks düşərgə narahat olsun ki, güclü taktiki gedişlər edir, status-kvonu yeniləməyə doğru əməli addım atır. Nə dünyəvilik-filan söhbətidir ki, olmayan məsələlərə görə bu boyda gedişi aşağılayır Şahvələd bəy?
Əksər hərəkatçılar kimi, 3-4 diplomum evdə tozlanır. Onlardan biri də hüquqşünaslıqdandır. Elə polemika açaram dünyəviliyin doktrinal nəzəriyyələri barədə ki, bir 10 saatlıq. Tam isbata yetirərəm bu terminin qeyri-dürüstlüyünü. Amma kimə və nəyə lazım bu mənasız diskussiyalar?
Yadınızdadırsa, 90-cı illlərin əvvəllərində saatlarla yox, günlərlə mübahisə aparırdıq nəzəri mövzular ətrafında. Biriləri əməli iş görürdü o vaxt. Biz elə indi də həmin diskussiya bataqlığından çıxmaq istəmirik sanki. Gündə 100 milyon dollar (ildə 40 milyard) neftin pulu hara gedir, necə xərclənir – hökumətdən hesabat istəyən yoxdur. Amma enerjimizi sərf edirik “dünyəvilik prinsipinin” son nəfəsədək müdafiəsinə. Davam edək bu diskussiyaları; daha bir 30-40 ildən sonra lap aktual olacaq.
Bir neçə söz də Hacı İlqar İbrahimoğlunun barəsində deməliyəm. Köhnə hərəkatçıyam, nə deyirəmsə, altında imza qoya bilərəm. İlqar İbrahimoğlu Oktyabr rayon Xalq Cəbhəsində hərəkatçılıq edəndə (İzmir dayaq dəstəsi) bu gün özünü cəbhəçi-müsavatçı sayan çoxlu dostum tərəddüddə idi. Bu bir.
İkincisi, İlqar İbrahimoğlunun adını Fərəc Quliyevlərin yanında işlətmək – ən azı insafsızlıqdır. Bəli, İlqar İbrahimoğlu çoxlarının istədiyi lekala düşən adam deyil, ona görə də qıcıq yaradır. Hamı onu başqa cür görmək istəyərdi. Amma plastilindən düzəldilmiş deyil, ona görə də necə var, elə qəbul etməliyik. Özü də hətta iqtidar mənsubları da məlum dərəcədə onun hörmətini saxlayır, çünki prinsipialdır, sözü ilə əməli düz gəlir. Ondan xoşumuz gələ də bilər, gəlməyə də bilər; amma bir kərə seçdiyi həyat yoluna və həyati prioritetlərinə sadiqliyinə ən azı hörmət etmək lazımdır. Və Əli Kərimlinin qeyd etdiyi həmin o fenomenin ki, dindarlar heç bir zorakılığa yol vermirlər və ədəb gözləyirlər – əsas müəllifi məhz İlqar İbrahimoğludur. Məhz İlqar İbrahimoğlunun apardığı maarifçilik işləri nəticəsində dindarları müxtəlif oyunlarda oynada bilmir heç kəs. Düzdür, bizim İlqar bəydən gözləntimiz vardı ki, dindarları siyasi səhnəyə gətirəcək, müxalifətin cəbhəsinə qatacaq minlərlə tərəfdarını. Amma kişi kimi əvvəlcədən dedi ki, dindarları siyasi oyunlara qatmayacaq və qatılmasını imkan daxilində əngəlləyəcək – gərək qəbul edək. Xoşumuza gəldi-gəlmədi, iradəsini ortaya qoyub, açıq mövqeyini səsləndirib. İzah da edib – “dindarların material kimi istifadə olunmasını deyir istəmirəm”.
Bir-iki söz də İlqar İbrahimoğlunun birləşdiricilik missiyası barədə. İqtidarla müxalifətin, dindarla qeyri-dindarın ortaq nöqtəsini arayıb, barışdırıcılıq etmək istəyir. Bu yaxınlarda bir aya 150 min nəfərdən imza yığıb göndərdi İlham Əliyevə ki, məktəblərdə olan hicab problemi həll olsun. Neçə müsahibədə də dedi ki, “xoş məramla problemin köklü həllini istəyirik”. Çoxlu belə  işlər görüb, gözə də soxmur, deyir mənim üçün problemin həlli önəmlidir, hay-küy yox.
Bir haşiyə də qeyd edim ki, İctimai Palata yaranandan, bir dəfə eşitmədim ki (hansı ki, iclasları izləyirəm) İlqar İbrahimoğlu İP-də hicab məsələsini qaldırsın. Şahvələd bəy və digərləri onu suçlayırlar ki, əqıdısini İP-ə daşıyır və onun vasitəsilə cəmiyyətə. Bu, mikroskopla xəta axtarmağa oxşadı lap. Olmayan şeyləri demək düzgün deyil. İlqar bəyi qaraguruhçu kimi altdan-altdan ictimai rəyə sırımaq da yaxşı iş deyil.
Bir məsələ də Şahvələd bəyin Əli bəyi müxalifəti ruhdan salmaqda suçlaması barədə. Bu, lap “çrezmernı” oldu. Müxalifətə ruh verən 2-3 nəfər varsa, elə Əli bəylə İsa bəydir. Üçüncünü deməz…
Əli bəy ölkədə müxalifətin sistemli duruma gəlməsinə imzasını atmış simadır. Ona belə söz-söhbət yapışmaz. Amma gərək diqqətli olaq. Şahvələd bəyin tənqid etmək hüququna canımızı gərək verək – bu, demokratiyanın tələbidir. Amma insafla tənqid etməsinə ictimai nəzarəti həyata keçirmək də üzərimizdədir.
Amma Şahvələd bəyin Eynullanı dəstəkləməməklə bağlı dediklərinə bir möhkəm “layk”. Sükanı belə saxla, Şahvələd bəy!

Əli CƏFƏRLİ

musavat.com