Ölüm cavanlaşır, pensiya yaşı isə artırılır

Qubad Ibadoğlu: «Pensiya həddinin artırılması, alınan təqaüdün aşağı olması vətəndaşlarımızın hüquqlarının pozulmasıdır»

Pənah Hüseyn: «Parlamentdə bu yaş həddinin kişilər üçün 75, qadınlar üçün 76 kimi müəyyənləşdirilməsini təklif edənlər var»

“Əmək pensiyaları haqqında” Qanuna əsasən 2012-ci il yanvarın 1-dən pensiya almaq üçün kişilərin yaş həddi 63, qadınlarınkı isə 58,5 müəyyənləşdiriləcək. Bundan başqa, qanuna görə, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı il yanvarın 1-dək hər il 6 ay artırılaraq müvafiq olaraq 60 yaş müəyyən edilməlidir. Amma qanunda əks olunan rəqəmlərin Azərbaycan reallığı ilə səsləşmədiyi açıq görünür. Azərbaycanda hər ötən il ölümün “cavanlaşması” nəzərə alınarsa, pensiya yaşının bu qədər yüksək müəyyənləşdirilməsi, heç şübhəsiz, ədalətsizlikdir.
Iqtisadçı Qubad Ibadoğlunun sözlərinə görə, pensiya həddinin artırılması, alınan təqaüdün aşağı olması ahıl yaşında olan vətəndaşlarımızın hüquqlarının pozulması deməkdir. O baxımdan bu məsələlərdə Azərbaycanın demoqrafik vəziyyətinin nəzərə alınmasını vacib sayan Qubad Ibadoğlu söylədi ki, eyni zamanda maliyyə imkanları da diqqətlə öyrənilməlidir. Çünki atılan səhv addım gələcəkdə istər vətəndaşlar, istərsə də büdcə üçün ciddi problemə çevrilə bilər. Q.Ibadoğlu da o məqamla razılaşdı ki, pensiya almaq üçün yaş həddinin yüksək olması ölkə reallığına uyğun deyil və qüsur mütləq aradan qaldırılmalıdır.

IP üzvü, keçmiş millət vəkili Pənah Hüseyn isə bildirdi ki, hazırda “Əmək pensiyaları haqqında” qanun mürtəce xarakterlidir. Pensiya yaşının ölkə reallığına görə müəyyənləşdirilmədiyini deyən P.Hüseyn vurğuldı ki, hətta parlamentdə bu yaş həddinin kişilər üçün 75, qadınlar üçün 76 kimi müəyyənləşdirilməsini təklif edənlər var: “BMT-nin Azərbaycanla bağlı aparılan araşdırmasında açıq göstərilir ki, Azərbaycanda orta yaş həddi kişilər üçün 60-61-dən yuxarı deyil. Bunu nəzərə alaraq Azərbaycanda pensiya həddi aşağı endirilməlidir. Digər tərəfdən, pensiya almaq üçün qadınlardan on iki illik əmək stajının istənilməsi də qanunun mürtəce tərəflərindən biridir”.

Xəyal