Rəsul Mirhəşimli
“Döşəkdə ölən yigid murdar bolır…”
(B.Qazi)
Bir siyasi məhbus dostumuz var. Bu gün AXCP-yə yeni üzv olanların çoxu onu şəxsən tanımır. 1996-cı ildə BDU-nun 1-ci kursunda oxuyarkən AXCP-yə üzv olub.
20 Yanvar hadisələrindən sonra pioner qalstuklarını yandırmaq üçün məktəblərindəki aksiyaya başçılıq etdiyini deyirdi. Həm də atasının direktor olduğu məktəbdə.
O zaman yeniyetmə yaşı ilə Azərbaycanın müstəqilliyinə inanmışdı. Partiya sıralarında apardığı fəal mübarizəsində Azərbaycanın demokratik və bütöv olacağına inanıb. Həbsxana divarları belə onun bu inamını sarsıda bilməyib.
Millətinin azadlığını istəyən, bu yolda savaşan fəal mübariz dostumuz Ruslan Bəşirli. Allah Ruslana həqiqi Azadlıq nəsib etsin!
Ruslan Bəşirli haqqında yazıya bu təqdimatım onu 1996-cı ildən tanıdığımdan irəli gəlir. Son dəfə isə həbsindən bir neçə gün əvvəl görüşmüşdüm. Toyuna hazırlaşırdı. Biz də dəvətliydik o toya. Elə səmimi şəkildə dəvətini ifadə etdi ki, bu çağırış sadəcə, adamı toya çağırmaq deyildi. İnsanın dostlarına sayğısının ifadəsi idi. “Mütləq gəlin toyuma, rayonda görsünlər ki, Bakıdan necə dostlarım gəlib!”
Ruslan haqqında düşünəndə hər an ağlımda onun xarakterinin cizgiləri dolaşır. Ruslan inandığı həqiqəti heç kimə güzəştə getməzdi. Bu gün də həbsaxana divarları haqqında dəyişməz olaraq qalıb o xarakter. Haqsızlığa ona haqq kimi inandıra bilməzlər. Mən Ruslanı tanıyıram.
Ruslan bəy Azərbaycan Ordusunda hərbi xidmətini atəş nöqtəsində, sərhəddə keçirib. Onun necə cəsur komandir olduğunu hərbi komandanlığı da etiraf edib. Baş leytenat Ruslan Bəşirlinin təltifləri də bunu sübut edir. Təkcə bu fakt bəlkə də Ruslan Bəşirliyi qarşı irəli sürülən ittihamın qurama olduğunu sübut edə bilərdi. Amma bu hakimiyyət gənclərin mübarizəsini mütəşəkkil səviyyəyə yönəldə bilən Ruslan Bəşirlini yaxşı tanıyırdı.
Ruslan Bəşirlinin həbsindən sonra onun ailəsi olmazın təzyiqlərə məruz qalıb. Evlərinə hücum ediblər, ağbirçək nənəsinin ayağını sındırıblar. Atası Cəlil müəllim işini itirib. Bu təzyiqlər ailəni daha da mətinləşdiirb. Hər cür komfortdan imtina ediblər, amma vicdanlarını satmayıblar, ləyaqətlərinin sınmasına yol verməyiblər. Ruslanın yolunu 7 ilə yaxındır gözləyən nişanlısı bütün Azərbaycan xanımlarına bir ləyaqət, qəhrəmanlıq dastanıdır!
Ruslan bəyə həbsxanaya vəkilindən kitabımı göndərmişdim. Avtoqrafında Heynedən bir fikir yazmışdım: “Azadlığımı məhəbbətimə qurban verərdim!” Ruslan Bəşirli müəyyən zaman kəsiyində olsa belə, azadlığını Millətinə, Vətəninə, İdeallarına olan sevgsinə, məhəbbətinə qurban verib. Sınmayıb, mübarizədən yorulmayıb, onu qanunsuz, saxta ittihamla həbsdə saxlayanların ağzına tərs şillə olub. Qürurunu bircə Allah, Vətən sevgisinin önündə əyib. Onunla eyni mübarizədə olanları sevindirib, onu qınayanları utandırıb, sınmasını gözləyənləri pərişan edib!
Möhtəşəm bir Türk şairimiz və Hökmdarmız var-Bürhanəddin Qazi! Onun yaradıcılığı barədə Ruslan da BDU-nun filologiya fakültəsində öyrənib. Bədii yaradıcılıqda tuyuğ şeir şəklinin ustadı sayılan bu böyük şair yazırdı:
Kəndini əş-şeyx bilən sərdar bolır,
Ənəlhəq dəvi qılan bərdar bolır,
Yigid oldır haq yoluna baş oynada,
Döşəkdə ölən yigid murdar bolır.
Ruslan “Haq yoluna baş oynadan”, həqiqət uğrunda savaşan dostumuzdu. Ömrünü “döşəkdə ölməklə murdar” edənlərdən Ruslan Bəşirlinin fərqi onun insanlığa dəyər verdiyi keyfiyyət göstəricisidir.
Ruslan haqqında 2005-ci ildən bəri hər dəfə yazı yazmaq keçib fikrimdən. Düşünmüşəm, Ruslan da mənim yerimdə olsaydı, bu cür düşünərdi. Yazmaq istəmişəm, amma alınmayıb. Bilmirəm, bu dəfə alındımı?!