Masallıda 29 nəfər aclığı davam etdirir

Məmmədağa Eynullayev: «Bütün təzyiqlərə baxmayaraq, aksiya davam edir, heç bir təzyiq bunu dayandırmağa qabil deyil»

Masallıda məmur özbaşınalığına etiraz olaraq aclıq aksiyasını hazırda 29 nəfər davam etdirir. Bu haqda “Turan”a rayon “Ziyalılar Birliyi”nin rəhbəri Məmmədağa Eynullayev bildirib.
Aclıq aksiyası dekabrın 18-i “hər evdə aclıq aksiyası” adı altında keçirilməyə başlayıb. Səhhəti pisləşdiyinə görə Ramil Ibadullayev aksiyanın digər iştirakçılarının xahişilə dekabrın 21-də aclığı dayandırıb.  Masallı rayon icra hakimiyyəti iştirakçılara qarşı təzyiqlərə başlayıb. Belə ki, dekabrın 21-də rayon icra başçısı Qəzənfər Ağayev ərazi icra nümayəndələrinə aclıq aksiyasını dayandırmaq tapşırığı verib. Belə ki, aksiyaya bir günlük aclıq aksiyası keçirməklə dəstək nümayiş etdirən şəxslər kənd icra nümayəndələrinə çağırılaraq hədə-qorxulara məruz qalırlar. Bundan əlavə, rayon “Ziyalılar Birliyi”nin sədri Məmmədağa Eynullayevin soyadının bəzi mətbuat orqanlarında səhvən Zeynalov kimi getməsindən istifadə edən ərazi icra nümayəndələri bu şəxslərdən “biz aksiyada iştirak etməmişik, ona dəstək verməmişik və Məmmədağa Zeynalovu tanımırıq” formasında izahatlar almağa cəhd edirlər. “Bütün təzyiqlərə baxmayaraq, aclıq aksiyası davam edir, heç bir təzyiq bunu dayandırmağa qabil deyil, bu yalnız aksiya iştirakçılarının qərarı ilə dayana bilər” – deyə M.Eynullayev qeyd edib.