Əliyevin təsdiqlədiyi ehtiyac meyarı real deyil

«Fiziki möcudluğunu davam etdirməsi üçün vətəndaşın 200 manatı olmalıdır»

Azər Mehtiyev: «Dünyanın heç bir ölkəsində sosial-iqtisadi prooseslərin tənzimlənməsində bu termindən istifadə olunmur»

Dövlət başçısı Ilham Əliyev Milli Məclisin 2012-ci il üçün yaşayış minimumu və ehtiyac meyarı haqqında qəbul etdiyi qanunları təsdiqləyib. Sənəddə deyilir ki, 2012-ci il üçün yaşayış minimumu ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilir.
2012-ci il üçün ehtiyac meyarının həddi 84 manat məbləğində təsdiq edilir. Bəs sənəddə əks olunan rəqəmlər nə dərəcədə Azərbaycan reallığına uyğundur? Hazırda ölkədəki ciddi sosial-iqtisadi durumu nəzərə alaraq bir nəfərin aylıq ehtiyac meyarı nə qədərdir?
Iqtisadçı ekspert Azər Mehtiyevin sözlərinə görə, “ehtiyac meyarı” analoqu olmayan bir termindir. Çünki dünyanın heç bir ölkəsində sosial-iqtisadi prooseslərin tənzimlənməsində bu termindən istifadə olunmur. Dünyada daha çox “minimum istehlak büdcəsi” terminindən istifadə olunduğunu deyən A.Mehtiyev bildirdi ki, Azərbaycanda müəyyən qüsurlar olmasına baxmayaraq bu göstəricidən istifadə olunur: “Milli Məclisdə əhalinin ayrı-ayrı təbəqələri üçün minimum istehlak büdcəsi qəbul olunub. Ikinci bir sosial normativ kimi minimum və orta aylıq əmək haqqı normativi mövcuddur. Bütün bu normativlərdən sonra ehtiyac meyarının da ortaya atılması söz oyunundan başqa bir şey deyil. Sadəcə olaraq ünvanlı sosial yardım zamanı ailədə adambaşına düşən vəsaiti qiymətləndirmək üçün istifadə edirlər. Amma ehtiyac meyarı normativinin nəyə lazım olduğu tam bəlli deyil. Minimum istehlak büdcəsi deyilən bir normativ var və o insanın bir ay ərzində fizioloji ehtiyaclarının ödənməsi üçün lazım olan məbləği göstərir. Bundan aşağısı ola bilməz”.
Amma Azərbaycanda ehtiyac meyarının minimum istehlak büdcəsindən də aşağı məbləğ olduğunu deyən iqtisadçı vurğuladı ki, bu göstəricinin nəyə görə bu qədər aşağı müəyyənləşdirildiyinə əlbəttə, hökumət cavab verməlidir. Nazirlər Kabinetinin minimum istehlak büdcəsi kimi yanvarın 1-dən hər bir şəxs üçün 116 manat müəyyənləşdirdiyini söyləyən iqtisadçı bildirdi ki, istehlakçının yaşaması üçün bu məbləğin olması vacibdir: “Amma Nazirlər Kabinetinin bir vətəndaşın yaşaması üçün müəyyənləşdirdiyi normativlər reallığı əks etdirmir. Bunlar kiçildilmiş normativlərdir. Bu normativlər həm ərzaq məhsulları, həm geyim, həm xidmətlər üzrə reallığı əks etdirmir. Azərbaycan reallığında Azərbaycan vətəndaşının fiziki möcudluğunu davam etdirməsi üçün 200 manatın olması gərəkdir”.

Hikmət