İlham Əliyevin ad günü qısqanclığı

Məmurlara dəbdəbəli doğum günü keçirməyi qadağan edən ölkə başçısı özünün 50 illiyi ilə bağlı şit addımlara göz yumur

Dekabrın 24-də Ilham Əliyevin 50 yaşı tamam olur. Artıq indidən onun doğum günü ilə bağlı hökumət qəzetlərində mədhiyyələr yazmağa başlayıblar. Ölkənin hər yerində rəhbərin doğum gününə şıdırğı hazırlıq gedir. Sumqayıtın icra başçısı Eldar Əzizov Ilham Əliyevin doğum gününə 50 metrlik tort bişirtdirir. Başqa şəhər və rayonlarda da  dekabrın 24-nün təmtəraqlı qeyd edilməsi üçün ağlagəlməz addımlar atılır. 
Hər bir şəxsin öz doğum günün qeyd etmək haqqı var. Ilham Əliyev də bu haqqa sahibdir və bizim buna etirazımız yoxdur. Söhbət ad gününün necə keçirilməsindən gedir. Bir məmur və rəhbər üçün ad gününü ölkə səviyyəsində qeyd etmək avtoritarizmin görsənişidir. Digər tərəfdən, Ilham Əliyevin özü məmurlara dəbdəbəli ad günləri keçirməyi qadağan edib. Bununla bağlı mətbuatda təkzibedilməz məlumatlar dərc olunub. Hətta bəzi məmurlar dəbdəbəli doğum gününün qurbanına da çevriliblər, işdən çıxarılıblar. Yaxşı, əgər zati-aliləri dəbdəbəli ad günü keçirilməsini xoşlamırsa, nədən öz 50 illiyi ilə bağlı baş verənlərə göz yumur? Nədən, məsələn, elə Eldar Əzizovdan “tort biabırçılığı”nın hesabını sormur? Nədən nəzarətində olan KIV-lərə mədhiyyələri, heç olmasa, ad günündən bir gün əvvəl yazmağı tapşırmır?
Belə çıxır ki, Ilham Əliyev bu məsələdə səmimi deyil. Ölkə başçısı, sadəcə, digərlərinin doğum gününü dəbdəbəli qeyd etməsinə qısqanclıqla yanaşır ki, bu da yalnız avtoritar rəhbərlərə məxsus xarakterdir.

Azad