Gənclik ruhunu həmişə saxlayan teatr

«Fırtına»dan doğulmuşlar…

Azərbaycan mədəniyyət tarixində önəmli yer tutan teatr ocaqlarından biri də Gənc Tamaşaçılar Teatrıdır. Bu sənət ocağı mədəniyyət aləminə pioner və məktəblilərin bədii özfəaliyyət dram dərnəklərinin əsasında yaranan Bakı Uşaq Teatrı kimi qədəm qoyub. Ilk dəfə teatr 1927-ci il martın 15-də pioner dəstə rəhbəri Lətif Kərimlinin quruluşunda “Fırtına” tamaşasını təqdim edərək tarixə adını yazıb. 14 yaşlı Ağadadaş Qurbanovun təşəbbüsü ilə hazırlanan bu tamaşa respublikamızda uşaq teatrının yaranmasının təməlini qoyub.
“Fırtına” tamaşasında sonradan ömürlərini teatr və kino sənətinə bağlayaraq şöhrətli yaradıcılıq yolu keçən Muxtar Dadaşov, Məmmədağa Dadaşov, Kərim Həsənov, Cəvahir Isgəndərova, Yusif Dadaşov və başqaları iştirak etdilər. Tamaşa on gün sonra Bakı Işçi Teatrının binasında fəhlələrə göstərildi. Bu, respublikanın həyatında böyük mədəni hadisə kimi dəyərləndirildi.
1928-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə Bakı Uşaq teatrı rəsmi olaraq fəaliyyətə başladı. Teatrın ilk aktyorları və rejissorları Ağadadaş Qurbanov, Məmmədağa Dadaşov, Yusif Əminli, Minə Abdullayeva, Yusif Dadaşov, Susanna Məcidova, Cəvahir Iskəndərova, Süleyman Ələsgərov, Hüseynağa Sadıxov, Kərim Həsənov, Zəfər Nemətov, Məhərrəm Haşımov, Əliməmməd Atayev və başqaları olublar.
1928-ci il oktyabr ayının 5-də Bakı Uşaq (Cocuq da yazılıb) Teatrının rus bölməsi yaradıldı. 1929-cu ilin əvvəllərində teatrın Azərbaycan bölməsini yaratmaq üçün müsabiqə elan edildi. Noyabr ayında müsabiqə yekunlaşdırıldı və truppaya iyirmi üç nəfər teatr həvəskarı qəbul olundu. “Fırtına”nı oynayan aktyorların əksəriyyəti, o cümlədən sonralar şöhrətli rejissor olan Məhərrəm Haşımov truppaya götürüldülər. Teatr özünün ilk pərdələrini 30 yanvar 1930-cu ildə Mustafa Mərdanovla Rza Təhmasib tərəfindən tərcümə olunmuş “Qırmızı qalstuk əleyhinə” tamaşası ilə açdı. Tamaşanın rejissoru Qriqori Kornelli idi.
Milli dramaturgiyamız uşaq pyesləri yazmaqda hələ müəyyən təcrübə toplamamışdı və nəsr əsərlərini, xalq nağıllarını səhnələşdirməyə də meyil göstərmirdi. Boşluğu doldurmaq üçün teatrın rəhbərliyi repertuarı tərcümə pyeslərinin əsasında qururdu. Məktəbliləri düzlüyə, mehribanlığa, səmimiliyə, çalışqanlığa, böyüklərə ehtirama, Vətənə məhəbbətə səsləyən və eyni zamanda siyasi ideya yükü qabarıq olan “Vur köhnəliyi”, “Altay Robinzonları”, “Uzaq yaylaqda”, “Pambıq verək”, “Təkbaşına gəzən pişik”, “Əfilər”, “Beş illiyi iki il yarıma” pyesləri tamaşaçılara göstərilirdi. 1932-1933-cü il teatr mövsümündən başlayaraq teatrın üzvləri Zəfər Nemətov, Əliməmməd Atayev, Cəfər Cəfərov, Şamil Məlikyeqanov, Məmmədağa Dadaşov kiçik həcmli tərbiyəvi didaktik, siyasi ruhu qabarıq verilən, ideyası çılpaq olan pyeslər yazıb teatra təqdim etdilər.
1936-cı il iyun ayının 18-də Xalq Maarif Komissarlığının əmri ilə teatrın adı dəyişdirildi. Müəyyən bitkin repertuar qura bilmiş kollektiv Gənc Tamaşaçılar Teatrı adlandı. Bu, adicə addəyişmə deyildi. Eyni zamanda, teatrın növbəti yaradıcılıq qayəsinin estetik prinsiplərini, tamaşaçı auditoriyasının tərkibini müəyyənləşdirdi. Sözsüz ki, təzə adla fəaliyyətə başlayan kollektiv oyun üslubunda, ifadə vasitələrində, janr axtarışlarında, forma həllində də yeni yaradıcılıq pilləsinə qədəm qoydu.
Gənclik üçün bir nəfəs
Gənc Tamaşaçılar Teatrı öz ətrafında məktəblilərin, yeniyetmələrin zövq və psixologiyasının formalaşmasına xidmət göstərən dramaturqlar dəstəsi toplaya bildi. Bir-birinin ardınca Mirmehdi Seyidzadənin “Nərgiz”, “Qızıl quş”, “Ayaz”, Abdulla Şaiqin “Xasay”, “Eloğlu”, “Vətən”, “Ana”, “Fitnə”, Əbil Yusifovun “Babək”, “Ramiz”, “Od içində”, Əyyub Abbasovun “Azad”, “Cəbhəyə əmr”, “Məlik Məmməd”, “Bahar nəğməsi”, “Sevinc”, Səttar Axundovun “Çətin dərə”, “Tayqa”, “Dönməz” pyesləri tamaşaya qoyuldu. Teatr həmçinin milli kiassik dramaturqlarımızdan Cəfər Cabbarlının, Nəcəf bəy Vəzirovun, Mirzə Fətəli Axundzadənin, dünya ədiblərindən Fridrix Şillerin, Jan Batist Molyerin, Nikolay Qoqolun seçmə əsərlərini repertuara daxil etdi.
Gənc Tamaşaçılar Teatrı özünün yaradıcılıq spesifikasına uyğun olan milli rejissorlarımızı yetişdirdi. Teatrda Soltan Dadaşov, Məhərrəm Haşımov, Zəfər Nemətov, Kərim Həsənov, Şüa Şeyxov, Həsən Əliyev kimi səriştəli rejissorlar fəaliyyət göstərirdilər.
Gənc Tamaşaçılar Teatrı müxtəlif yaradıcılıq mərhələlərindən və sınaqlarından keçərək özünün estetik prinsiplərinə uyğun olan aktyor ansamblı formalaşdıra bilmişdi. Teatrda Süleyman Ələsgərov, Əliağa Ağayev, Məmmədağa Dadaşov, Rüxsarə Ağayeva, Susanna Məcidova, Hüseynağa Sadıqov, Ağadadaş Qurbanov, Yusif Dadaşov, Əliməmməd Atayev kimi aktyorlar yetişmişlər.
Teatrın repertuarında janr əlvanlığı gündən-günə artırdı və bu istiqamətdə cəsarətli səylər uğursuz cəhdlərdən çox idi. Nağıl, dram, məişət komediyası, satirik komediya, qəhrəmanlıq dastanı, məzhəkə, oyun-əyləncə, ictimai-sosial faciə və bu kimi janrlarda tamaşalar oynanılırdı. Teatr tərtibat-forma axtarışlarında öz estetik prinsip və xüsusiyyəti olan ifadə vasitələrini sınaqdan çıxara-çıxara və Gənc Tamaşaçılar Teatrına xas olan səhnəqrafiya ənənəsi yaratınışdı. Bu işdə rəssamlardan Ə.Həsənov, Fyodor Qusak, Həsən Mustafayev, Sadıq Şərifzadə səmərəli nailiyyətlər qazana bilmişdilər. 1930-cu ilin sonlarından başlayaraq teatr milli bəstəkarlarımızla yaradıcılıq əlaqəsi qurdu. Tofiq Quliyev, Niyazi, Fikrət Əmirov, Cahangir Cahangirov, Şəfiqə Axundova, Soltan Hacıbəyov, Əşrəf Abbasov mürəkkəb tamaşalara musiqi bəstələdilər.          
Yeni tamaşalar, böyük sənətkarlar
Ilbəil teatrla yaradıcılıq ünsiyyəti yaradan dramaturqların sayı Yusif Əzimzadənin, Cabbar Məcnunbəyovun, Səttar Axundovun, Rauf Ismayılovun, Əfqan Əsgərovun, Isgəndər Coşqunun, Xanımana Əlibəylinin, Qeybulla Rəsulovun, Məmmədhüseyn Təhmasibin, Əkrəm Əylislinin, Əli Əmirlinin, Elçinin müxtəlif janrlı, müxtəlif mövzulu pyeslərinin tamaşaları ilə artıb genişləndi.
Artıq teatrda Altay Səidov, Fuad Xəlilov, Fuad Qafarov, Tahir Tahirov, Elçin Məmmədov kimi rəssamlar psixoloji-romantik, realist-psixoloji, romantik-monumental tamaşa formalarında təcrübə toplaya bilmişdilər. Rejissorlardan Ulduz Əliyeva (Rəfili) yaradıcılığının monumental səciyyələri, Azər Paşa Nemət cəsarətli janr axtarışları, milli teatr poetikası ilə çağdaş Avropa teatrı prinsiplərini qovuşuq harınoniyada həll edə bilməsi, Ağakişi Kazımov psixoloji realizmə lirik və emosional duyğular aşılaması ilə seçilirdilər. Müharib Tağıyev, Həsən Əbluc, Möhsün Mürsəlov, Vaqif Əsədov, Rafiq Merdinli (Əliyev) teatrda müxtəlif üslublarda tamaşalar hazırlayıblar.
Mərhum sənətkarlardan Yusif Vəliyev, Osman Hacıbəyov, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Məmmədağa Dadaşov, Süsən Məcidova uzun illər teatrın repertuar ağırlığını öz çiyinlərində daşımışlar. Hazırda teatrda kollektivin ifaçılıq ənənələrini ləyaqətlə davam etdirən və fərdi oyun estetikası ilə seçilən ayrı-ayrı yaş nəslinə mənsub aktyorlar vardır.
Müxtəlif yaş dövrlərini əhatə edən tamaşaçıların estetik təfəkkürlərinin, zövqlərinin, gözəllik duyumlarının, sənət anlamlarının formalaşmasında Gənc Tamaşaçılar Teatrı mühüm rol oynayıb və bu istiqamətdə səmərəli fəaliyyətini davam etdirməkdədir. Həmin sənət ocağı təkcə zövqləri formalaşdırmır, daha geniş mənada cəmiyyətin sabahını təmsil edəcək nəslin Vətən məhəbbəti hisslərinin gözəllik, ləyaqət, saflıq, mənəvi pakiıq estetik duyğularının tərbiyə olunmasında fundamental yaradıcılıq məktəbi rolunu oynayır.
Gənc Tamaşaçılar Teatrının nəzdində rus bölməsi fəaliyyət göstərir. Bu bölmənin özünün müstəqil aktyor truppası və müstəqil repertuarı var.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir