Azərbaycandakı vəziyyət ABŞ-da müzakirə olundu

ABŞ paytaxtının düz göbəyində – Ağ Evin 3 blok məsafəsində çərşənbə günü bir araya gələn Azərbaycanda demokratiya tərəfdarları forumlarını elə belə də adlandırmışdılar: “Azərbaycan: Narazılığın Artan Səsləri”.
Görüşü açan Amerika Azərbaycanlıları Demokratiya Uğrunda – AZAD təşkilatının rəhbəri Elmar Şahtaxtinski bu yaz Yaxın Şərq və Ərəb dünyasını bürümüş demokratiya dalğasının Azərbaycana da təsirsiz ötüşmədiyini vurğulayıb.
“Ərəb Baharı Bakıda gənclik hərəkatı, dini qruplar və ziyalıları hərəkətə gətirdi”, deyib cənab Şahtaxtinski.
Ziyalıalar Forumunu təmsil edən tarixçi alim Cəmil Həsənli ölkənin üzləşdiyi çətinlikləri üç amillə əlaqələndirib: Mürəkkəb qonşuluq, Qarabağ münaqişəsi və ədalətsiz seçkilər.
“Sonuncu parlament seşkilərinin nəticəsi olaraq, Azərbaycanda birpartiyalı sistem rəsmiləşib”, deyib cənab Həsənli.

Koppursiya və mülkiyyətsizlik

Tarixçi-alim etiraf edib ki, xüsusilə son aylarda paytaxt əhlinin məruz qaldığı zorakı mülkiyyətsizlik və ölkə boyunca korrupsiyanın artan səviyyəsi hətta hakimiyyətə loyal şəxsləri da “dilə gətirib”.
“Biz görürük ki, insanlar dəyişiklik istəyirlər, onlar çörək əvəzinə ədalət axtarırlar”, deyib cənab Həsənli.
Onun fikrincə, cəmiyyətin bir vaxtlar neft gəlirlərinə bəslədiyi ümidlər də artıq sarsılıb, belə ki, ölkəyə pul axdıqca, əhali kasıblaşır, bazar isə yalnız “yuxarı dairənin” gəlirlərinə görə formalaşır.
“Korrupsiya Azərbaycan üçün yenilik olmasa da, son vaxtlar rəsmilər onu daha kobud şəkildə həyata keçirirlər”, tarixçi-alim əlavə edib.

“Eurovision haqqı”

Müxalif siyasətçi Hikmət Hacızadəyə görə, Ərəb inqilablarının ilk aylarında Azərbaycanda çoxları ölkəni bu prosesin kənarında görürdü. Amma indi hər bir “taksi sürücüsü” etiraz edir, və “bu etirazların arxasında təkcə çörək istəyi durmur”.
Cənab Hacızadənin təbirincə, ölkə boyunca narazı səslərini ucaltmağa çalışan dindarların bir hissəsi ektremizmi deyil, demokratiyanı təmsil edirlər.
“Hazırda 200-dək dindar həbsdə saxlanılır və cəmiyyət onlar barədə yetərincə məlumatlı deyil”, deyib siyasətçi.
Bakıda son aylarda xüsusilə artan mülkiyyət problemini isə cənab Hacızadə gələn il keçiriləcək Eurovision müsabiqəsi ilə əlaqələndirib. Onun təbirincə, indi ölkədə insan haqlarını “Eurovizion haqları” üstələyib.

İnqilab yoxsa, dinc dəyişiklik?

Bəs Azərbaycan hakimiyyəti “narazı səslərə” uzun müddət qulaq yumsa, necə olacaq? sual edib AZAD sədriinin müavini Qorxmaz Əskərov.
Forum iştirakçılarının bu suala cavabı birmənalıdır. “Dəyişiklik”.
Bəs necə? Cənab Hacızadə deyib ki, “biz qan tökülməsini istəmirik, dinc demokratik dəyişiklik tərəfdarıyıq”.
Tarixçi-alim Həsənli də hesab edir ki, hələ çox gec deyil, yaxşı olardı hakimiyyət ona ünvanlanan yerli və beynəlxalq çağırışlara qulaq versin, siyasi islahatlara başlasın.

BBC Azərbaycanca