Mən bildiyim qədəri ilə dünyada iki teokratik dövlət var. Biri Vatikan, o biri Iran. Vatikan ovuc içi boydadı. Dünya siyasətinə yer altından təsir etmək imkanı olsa da, atom silahı istehsal eləmir, ruhaniləri dünya vətəndaşlarına açıq ölüm fitvası çıxarmır, başqa dövlətlərlə müharibə vəziyyəti yaratmır, milli şovinizm xətti yürütmür, vətəndaşları dini diktatura boyunduruğunda yaşamır və s. Bir mənada sonsuz nüfuzu olan bu dövlət hardasa rəmzi dövlətdi. Zaman-zaman elm-bilim adamlarına çıxardığı dəhşətli edam-inkivizisiya hökmlərinə görə də bütün bəşəriyyətdən üzr istəyib, bununla bir daha xristian dünyasının dini mərkəzi olmaq haqqını daha da möhlkəmləndirib. Vatikanın iki kəsiri qalıb: yalnız katolisizmi rəhbər tutması və ağlagəlməz amansızlıqlarla müşahidə olunan səlib yürüşünə görə islam dünyasından üzr istəməməsi.
Ikincisi, dediyim kimi Irandı və Iran haqda nəsə deməklə yeni söz söyləmək mümkün deyil. Kor kor, gör gör. Bizi dünyəvi Azərbaycan dövləti olaraq Vatikandan heç bir təhlükə gözləmir. Iran isə bu zəmində olan təhdidlərini gizlətmir belə. Bütövlükdə Azərbaycan dövlətinə, onun yalan-gerçək rəhbərlərinə hər gün hədə biçir, dövlətimizi açıq-aydın bəyanatlarla dini-şiə dövləti kimi görmək istədiklərini dilə gətirirlər.
Artıq bir ilə yaxındı ki, mən çeşid-çeşid dostumdan həyəcanlı sözlər eşidir, məktublar alıram. Bu dostların bir ucu burda – Azərbaycanda, bir ucu dünyanın çeşidli ölkələrindədi. Onlar dəhşətli hürkü içində qorxularını dilə gətirirlər: “Baxarsan, bu gedişlə bizdə də Irandakı kimi bir rejim hakimiyyətə gələcək!..”. Bu kəlmələrin içində məni sevindirən məqam da yox deyil. Bu, həmvətənlərimizin Əliyev rejiminin gedəcəyinə olan inamlarıdı. Hətta o qorxu bildirən cümlənin içində Əliyevlərdən söhbət belə getmir. Yəni kimsə sabahın onlarla olacağını ağlına gətirmir. Lakin… – dəhşət də elə bu lakindədi,- hakimiyyətə dünyəvi baxışlı demokratların gələcəyi də o ehtimalların içində deyil. O cümlələrdə demokratların hakimiyyətə gələcəyinin sevinci deyil, Iranpərəst dindarların hakimiyyətə gələcəyinə dair siqnalların məyusluğu var.
Bu qorxunun yaranması boşuna deyil. Aşıq gördüyünü çağırar. Bu qorxulu ehtimalı səsləndirənlər sıradan biriləri deyil, Avropada təhsil görənlər, Azərbaycanda öz intellekti ilə seçilən adamlardı. Siyasi aktivlikləri normadadı. Susanlardan deyillər. Dünyanın siyasi mizan-tərəzisindən baş açırlar. Deməli, boşuna həyəcanlanmaz, indidən Iran teokratik rejiminin xofundan əndişəyə düşməzlər. Iş ondadı ki, bu gün Azərbaycanda demokratiyanın hardasa yanında olan dindar liderlərin çoxu Iranda – Qumda təhsil alıblar. Fazil Lənkərani kimi ayətullahlardan dərs alıblar. Onu təqlid eləyirlər. Istər-istəməz baxışları bir kərəlik formalaşıb və onların demokratların cərgəsinə yaxın cinahda yer almaları belə, nəinki demokratik sabaha ümidlər doğurur, əksinə vətəndaşları qorxuya salır. Onu da qeyd eləyim ki, sabahın vahiməli mənzərəsindən qorxu duyan dostlarımız heç də ateist deyillər və ya əsasən ateist deyillər. Lakin onlar dini siyasətin aləti kimi yox, mənəvi yol kimi görənlərdi. Ayətullahları təqlid eləməkdə də müasir şiəliyin adiliklərindən biri kimi saxınca yoxdu. Ama bu təqlid siyasi təqlidə çevrildiyində, kimsə ilə işim yox, Azərbaycan üçün gerçəkdən qara bulud şəklini alır. Üstəgəl demokratik partiyaların üzvləri arasında getdikcə şiddətlənən dini meyillər həyəcanları heç də havadangəlmə kimi nəzərə çarpdırmır. Ictimai Palatada Azərbaycanın dəyərli bir ziyalısının sayğı duruşu məsələsində yaranan kədərli mənzərə dünyəviliyin daddığı ilk yenilmə kimi qorxunun dozasını daha da artırır və narahat olmaq üçün əsasların mövcudluğunu yəqinləşdirir.
Hər halda mən dostlarımı ayıq olduğuna görə alqışlayıram, ama Azərbaycanın teokratik yox, demokratik sabahı olacağına inanmağa və bu inamları yolunda çarpışmağa səsləyirəm.