Vaşinqton Suriya prezidenti Bəşər Əsədi istefa verməyə çağırıb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Ağ Evin yaydığı rəsmi bəyanatda qeyd olunur ki, Bəşər Əsəd rejiminə etimad qalmayıb, Ərəb Dövlətləri Liqasının sülh təşəbbüsü ilə bağlı protokola zidd fəaliyyət ortaya qoyulur.
Ağ Evin mətbuat katibi Ceya Karni deyib ki, Suriyanın şimal-qərbində yenidən zorakılığın baş qaldırması Dəməşqin Ərəb Dövlətləri Liqası qarşısında götürdüyü öhdəliklərin kobud surətdə pozulmasıdır: “Bəşər Əsəd anlamalıdır ki, onun hər bir addımını bütün dünya müşahidə edir, nə Suriya xalqı, nə də dünya ictimaiyyəti onun hakimiyyətinin legitimliyini tanıyır”.
Qeyd edək ki, dekabrın 19-dan başlanan toqquşmalar nəticəsində indiyə qədər 250 nəfərə yaxın insan həyatını itirib. Müxalif qüvvələrin bir araya gəldiyi Suriya Milli Şurası BMT Təhlükəsizlik Şurasına və Ərəb Dövlətləri Liqasına müraciət edib, ordu və qiyamçılar arasında toqquşmaların baş verdiyini zonanın qorunan zona elan olunmasını, qarşıdurmanın tənzimlənməsi üçün təcili iclasın keçirilməsini istəyib. Bu gün Suriya və Ərəb Dövlətləri Liqası arasında imzalanan protokola uyğun olaraq ilk müşahidəçi qrupu Suriyaya gələcək. Bu qrupun məqsədi 150 nəfərlik əsas müşahidəçi missiyasının gəlişinə hazırlıq görmək, müşahidəçilərin marşrutunu müəyyənləşdirməkdir.