“Sahib Məmmədov yalan danışır”

Eynulla Fətullayevdən  həmkarına sərt reaksiya

«O, isti evində oturub, mən isə AXCP-nin Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmlinin qanunsuz həbsini araşdırmaqla məşğulam»

 

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə Ictimai Komitənin üzvü Sahib Məmmədov “Insan hüquqları naminə” Ictimai Birliyinin sədri Eynulla Fətullayevin Qobustan həbsxanası ilə bağlı mövqeyini tənqid edib. O, “Şərq” qəzetinə açıqlamasında bildirib ki, Eynulla Fətullayev Qobustandakı vəziyyəti çox şişirdib: “Eynulla gedib-gəlib deyir ki, orda hər şey əladır. Belə şeyi mən heç bir zaman deyə bilmərəm. O söyləyir ki, hər şey yüksək səviyyədədir. Deyir ”peşman oldum getməyə, gərək heç getməyəydim. Gördüm ki, orda hər şey əladır”. Bizə inanmırdılar. Bu da onların Eynullası”.
Ictimai Komitənin üzvlərinin Qobustanda bu ilin sentyabrında monitorinq apardığını xatırladan S.Məmmədov orda həllini gözləyən bir sıra məqamların olduğunu diqqətə çatdırdı. “O zaman ümumi iradlar olub, onu da yazıb veriblər. Bir sıra görülən müsbət işləri də yazıblar. Daha Eynulla kimi tərifləyib oranın matahını çıxartmayıblar. Mən deyirəm ki, ora təzə bina lazımdır. Çünki orda texniki vəziyyət yaxşı deyil. Ordakı məhkumlar köçürülməlidirlər. Qobustan həbsxanasının şəraiti Avropanın minimal standartlarına cavab vermir, düzəlməlidir.
Bir müddət əvvəl Qobustan həbsxanasında monitorinq aparan və burada bir sıra müsbət irəliləyişlərin olduğunu qeyd edən   Eynulla Fətullayev isə Sahib Məmmədovun fikirlərinə sərt reaksiya verib. Hüquq müdafiəçisi “Azadlıq”a açıqlamasında deyib ki, Sahib Məmmədov yalan danışır: “Mən heç yerdə deməmişəm ki, hər şey əladır. Mən bəzi müsbət irəliləyişləri qeyd etmişəm, reallığı söyləmişəm. Məsələn, demişəm ki, 70 nəfər məhkumla görüşmüşəm və onlar həbsxanada işgəncəyə məruz qalmadıqlarını bildirdi. Ola bilər başqaları işgəncə ilə üzləşiblər. Yaxud korpusda müəyyən təmir işləri aparılıb, divarlar boyanıb, istilik sistemi bərpa edilib. Mənim bunları gözümlə görmüşəm və demişəm. Mən üçün ən ağrılı məsələ cərimə təcridxanasıdır (karser). Məhbuslara qarşı qeyri-insani rəftar məhz burada özünü göstərir. Lakin Qobustan həbsxanasında cərimə təcridxanasına baxdım. Təmir olunmuşdu, döşəməsi taxtadan idi, isitmə sistemi var idi. Mən də buna görə rəisə təşəkkür elədim. Mən bunları necə qeyd etməyə bilərdim?! Sahib Məmmədov bir gün də belə həbsxanada olmayıb. Ona görə də hər nə gəldi danışır”.
Eynulla Fətullayev deyib ki, müsbət işlərlə yanaşı problemlər də mövcuddur: “Mən hesab edirəm ki, bu həbsxana yerlə yeksan edilməli və yenidən tikilməlidir. Çünki bu həbsxana yararsızdır. Avropa standartlarına cavab vermir”.
Hüquq müdafiəçisi əlavə edib ki, kimlərsə onun fəaliyyətindən narahat olduqları üçün kampaniyaya başlayıblar: “AzadlıqRadiosunun ”Işdən sonra” verilişində də aparıcı Xədicə Ismayılova açıq aşkar mənə qarşı qərəz nümayiş etdirirdi. Mən radionun rəhbərliyinə zəng vuraraq buna etiraz etmişəm. Indi də Sahib Məmmədov başlayıb. Sahib Məmmədov isti evində oturub, mən isə AXCP-nin Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmlinin qanunsuz həbsini araşdırmaqdan ötrü Lənkərana gəlmişəm. Bəs Sahib Məmmədov niyə bura gələn insanların arasında yoxdur? Niyə siyasi məhbusların taleyinə biganə yanaşır? Tək Sahib Məmmədov deyil, Səidə Qocamanlı, Novella Cəfəroğlu bəs hardadır? Bunlar yalnız öz problemlərinin həlli ilə məşğuldurlar. Bizə isə çamur atırlar. Lakin xalq hamının fəaliyyətini izləyir, görür”.

Azad