Məhəmməd Hatəmi mart seçkilərinə qatılmaq fikrində deyil
Iranın keçmiş prezidenti Məhəmməd Hatəmi gələn ilin martında baş tutacaq seçkilərlə bağlı mövqeyini açıqlayıb. Onun sözlərinə görə, islahatçıların qarşıdan gələn parlament seçkisinə qatılması məqsədəuyğun deyil. Çünki islahatçıların qoyduğu üç şərtin (siyasi məhbusların azadlığa buraxılması, hamının Konstitusiyaya riayət etməsi, azad seçki üçün şərait yaradılması) heç biri yerinə yetirilməyib.
Hatəmi bildirib ki, islahatçıların növbəti seçkiyə qatılmasına şərait yaradılacağı təqdirdə seçkilərdə iştirakı mümkün ola bilər: “Göründüyü kimi, buna şərait yaradılmayıb. Mən heç kəsin əvəzindən fikir irəli sürmürəm. Lakin hazırkı şərait və bütün göstəricilər bunu deməyə əsas verir ki, seçkiyə qatılmağın heç bir mənası yoxdur. Indiki şərait və vəziyyətdə islahatçılar bu seçkiyə qatıla bilmirlər. Hesab edirəm ki, qatılmamalıdırlar da”.
Bu arada, ölkənin bank tarixində ən qalmaqallı hadisə kimi xarakterizə olunan oğurluq faktı yenidən gündəmə gəlib. Baş prokuror Qulamhüseyn Möhsüni Ecei oğurluqla bağlı deputatın prokurorluğa çağırılaraq dindirildiyini bildirib. Ecei bank oğurluğunda Iran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Bürucerdinin adının hallandığını təsdiqləyib: “Prokurorluğa çağırılıb dindirilən deputatlar arasında Əlaəddin Bürucerdi də var. Lakin bank oğurluğu ilə bağlı Əlaəddin Bürucerdinin oğlunun həbs edilməsi barədə yayılan şayiələrin heç bir əsası yoxdur”.