Əli Kərimli qalmaqallı polemikadan danışdı

«Biz dünyəvi dövlət tərəfdarıyıq, amma inanclı insanların da haqqına hörmətlə yanaşırıq»

Son günlər Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı Ilqar Ibrahimoğlunun Ictimai Palatada təmsilçiliyi ətrafında polemika açılıb. Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli AzadlıqRadiosunun “Işdən sonra” verilişində bu məsələ ilə bağlı mövqeyini açıqlayıb. Əli Kərimli Hacı Ilqarın Ictimai Palatada təmsilçiliyinə qarşı çıxanlara cavab olaraq deyib:   
“Ictimai Palatada olan qüvvələr əsasən milli demkoratik qüvvələrdir. Bizim Azərbaycanın inanclı insanlara münasibətimizin normal olmasından normal bir şey yoxdur. Burada nə qəbahət axtarmaq lazımdır ki?! Hacı Ilqar 2003-cü ildə seçki məhbusu olanda yaxşı idi, indi bizim aramızda olmağı Ictimai Palataya qarşı nə böyük kompromat olub?! Niyə bu adamlar indi xəbər tutub ki, Hacı Ilqar milli demokratik düşərgədədir?! Hacı Ilqar demokratik düşərgədə indi deyil, o, 2003-cü ildən seçki məhbusudur. O zaman niyə imtina olunmurdu Hacı Ilqarın köməyindən?!
Hacı Ilqarın orada olmağını böyük bir dəhşətə çeviriblər.  “Ictimai Palata Rafiq Tağının xatirəsini yad etməyib” yalanını cəmiyyətə sırıyıblar. Yalandır axı. Biz hamımız ayağa qalxıb Rafiq Tağının ruhunu yad edəndə mən iclasa sədrlik etmişəm.
Deyirlər yalan ayaq tutur, yerimir, amma bəzən yürüdüyü olur. Görürəm ki, hara baxırsan adamlar bu yalanlara inanmış kimi davranır. 
Sonuncu polemikalar bir az süni xarakter daşıyır, şişirdilir. Biz dünyəvi dövlət tərəfdarıyıq, amma inanclı insanların da haqqına hörmətlə yanaşırıq. Bu, tamamilə normal demokratik düşüncə tərzidir ki, bizim tərəfimizdən ortaya qoyulub”.