«Hakimiyyət xalqı sövq edir ki, Azərbaycanda rejim dəyişikliyi bütün tələblərdən önə keçsin»
Əli Kərimli: «Azərbaycanda islamçıların öz dünyagörüşünə, sərt tənqidlərə görə həbs olunmayacağına təminat verəcəyik»
“Media forum” saytı AXCP sədri, Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Əli Kərimlidən müsahibə alıb. Müsahibəni təqdim edirik.
– Ərəb dünyasında baş verənlər Türkiyəni yeni bir rolda irəli çıxardı. Azərbaycanda demokratiyaya, insan haqlarına dəstək verən qüvvələrdən danışanda bizə ən yaxın ölkə olan Türkiyənin rolu qeyd olunmur. Sizcə, “ərəb baharı”na qədər Türkiyə Azərbaycanla bağlı hansı mövqe tuturdu, indi hansı mövqedədir?
– Türkiyədə hazırda hakimiyyətdə olan qüvvə xoşa gəlib-gəlməməyindən asılı olmayaraq demokratik, xalqın seçdiyi qüvvədir. Demokratiyanın yoxluğundan vaxtilə əziyyət çəkmiş qüvvədir. Indiki baş nazir siyasi məhbus həyatı yaşayıb. Ona görə də onların daxilində demokratiyaya hörmət var. Sadəcə, hakimiyyətə gəldiyi ilk mərhələdə bu partiya diqqəti Türkiyənin daxilinə yönəltmişdi. Bir tərəfdən ölkə içərisində möhkəmlənmək qayğıları vardı, o biri tərəfdən də Türkiyənin sərhədlərində elə rejimlər vardı ki, Türkiyə istəsəydi də, təkbaşına heç nə edə bilməzdi. “Sıfır problem” strategiyası da ordan yarandı.
Amma sonradan iki mühüm dəyişiklik oldu və partiyanın indiki siyasəti ortaya çıxdı. Birincisi, Ədalət və Inkişaf Partiyası, yəni AKP Türkiyənin daxili siyasətində mümkün olan hər şeyi elədi. Indiki baş nazir Ərdoğan üçüncü dəfə seçkini qazanandan sonra onun Türkiyə daxilində reallaşdıra bilmədiyi bir şey qalmamaşdı. Həm də nəzərə almaq lazımdır ki, bu, onun son seçkisidir, daxildəki bütün hədəfləri arxada qoyub, indi daha sərbəstdir.
Ikinci dəyişiklik dünyada, xüsusilə də ərəb dünyasında baş verənlər oldu. Bunlar AKP hökumətinə bu mesajı çatdırdı ki, fəal olmaq lazımdır, bu dəyişikliklər həlledici ola bilər. Yada salım ki, ilkin mərhələdə AKP astagəl mövqedə idi. Amma sonra prosesləri çevik dəyərləndirdilər və prosesin gedişində siyasətlərini korrektə etdilər. Inandılar ki, başlanan proses ciddidir, ölkədə baş verənlər emosional bir partlayışın nəticəsi deyil, bütün regionu bürüyə bilən siyasi prosesdir. Burada AKP prosesin gedişatında öz siyasətini korrektə etdi və xalqa yönəlik siyasətə keçdi. Indi də rəsmi siyasətləri ondan ibarətdir ki, AKP iqtidarı Türkiyədə xalqlardan yararlanır, avtoritar rejimlərə qarşıdır.
– Azərbaycan müxalifətinin Türkiyə ilə münasibətləri yetərincədirmi?
– Mənəvi, ideoloji baxımdan yanaşsaq, Azərbaycan müxalifətinin avanqard qüvvəsi Türkiyə ilə yaxın münasibətdədir. Amma bu münasibətlər gündəlik siyasi əlaqə səviyyəsində çox zəifdir. Görünür, Türkiyədə belə bir yanlış yanaşma var ki, Azərbaycan hökuməti ilə münasibətlərin qorunub saxlanmasının tək yolu müxalifətlə münasibətləri gözardı etməkdən keçir. Bəlkə də bu, Azərbaycan hökumətinin şərtidir, bilmirəm. Əgər belədirsə, onların məsuliyyətini bir qədər azaldır.
Hesab edirəm ki, bu yanlış yanaşma zamanla aradan qalxmalıdır. Türkiyə Azərbaycanla əməldə də qardaş kimi hərəkət eləməlidir. Qardaş nə deməkdir? Onun yaxşılığını istəmək. Azərbaycanın yaxşılığı isə onun demokratikləşməsindən keçir. Mən Türkiyə mətbuatına verdiyim müsahibələrimdə də demişəm ki, bu demokratiya yaxşı şeydirsə, niyə azərbaycanlı qardaşlarınız üçün də istəmirsiniz, əgər pis şeydirsə, niyə özünüz mənimsəmisiniz?
– Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bir müddət əvvəl müsahibəsində təxminən belə demişdi ki, türk kimliyimizi qabartmaq doğru deyil. Eyni zamanda, o, Azərbaycan Xalq Cümhuriyyətinin çar Rusiyasında gedən proseslər nəticəsində yarandığını, həmin dövrdəki siyasi qüvvələrin hədəfində müstəqil dövlət qurmağın olmadığını demişdi. Müxalifət düşərgəsindən bunlarla bağlı fikir bildirən olmadı. Bu fikirləri bölüşürsüzmü?
– Hökumətin xeyli nümayəndəsi, xüsusən də bir qayda olaraq bu işlərlə məşğul olan Ramiz Mehdiyev elmi, tarixi görünmək iddiasındadır. Əslində isə psevdoelmi və psevdotarixi yazılar yazılır. Biz əvvəlki mərhələlərdə belə yazıları, çıxışları geniş şərh edirdik, lazımi reaksiya verirdik. Ancaq indi bu tip yazıları ciddiyə almırıq. Bu adamların absurdu Heydər Əliyevi Azərbaycan dövlətinin banisi elan etmək həddinə qədər gəlib çatıb. Bura artıq sözün qurtardığı yerdir, bu adamlarla nə danışasan, nəyin müzakirəsini aparasan? Heydər Əliyevi Azərbaycan dövlətinin banisi elan edən, bu qədər absurd danışan adamlarla nəyinsə polemikasını aparmağın mənası qalmır. Ona görə də belə yazılarla bağlı uzun-uzadı polemikaya girmirik.
Soy-kökümüzə gəlincə, biz Azərbaycan dövlətinin vətəndaşlarıyıq, biz hamımız azərbaycanlıyıq. Bizi birləşdirən məfhum olaraq azərbaycanlı olmağımızı qabardırıq, burada bir qəbahət yoxdur. Amma eyni zamanda bu ölkədə yaşayan xalqlar arasında türk etnosunun əksəriyyət təşkil etdiyini söyləməkdə də bir qəbahət yoxdur. Bu gün bizim soy-kökümüzün birbaşa türk keçmişinə bağlı olmasını söyləməmizdə heç bir problem olmalı deyil. Burada hər hansı problem axtarmaq, öz kimliyini ifadə etməyə mane olmaq qeyri-demokratik təfəkkürün göstəricisidir. Belə təfəkkür sahibləri hesab edirlər ki, kiminsə özünü ləzgi, talış və yaxud başqa xalq adlandırması da qəbahətdir. Biz isə deyirik ki, nə bu ölkədə əksəriyyət təşkil edən etnosun özünü türk adlandırmasında bir problem var, nə də talışın, ləzginin, tatın, avarın özünü öz kimliyi ilə təqdim etməsində problem var. Azərbaycan bizi birləşdirən ümumi vətəndir, məfhumdur. Azərbaycanda heç kimin bir-birindən artıq hüququ yoxdur, bu xalqların hansısa birinci, hansısa ikinci, üçüncü dərəcəli deyil. Ona görə bu məsələlərdə də keçmişin tabuları aradan qalxmalıdır. Hər şey olduğu kimi deyilməlidir.
– Bir il əvvəl – Ictimai Palata formalaşdırılanda əsas məqsədin ölkədə təkrar parlament seçkisinin keçirilməsinə nail olmaq olduğunu elan etmişdiniz. Bu niyə mümkün olmadı və qurumun bugünkü hədəfi nədir?
– Ictimai Palata hədəfindən geri çəkilməyib və yenə də növbədənkənar parlament seçkisinin keçirilməsini tələb edir. 2012-ci ildə bu tələb daha da qüvvətli formada ifadə olunacaq. Bu il şərtlər yeni parlament seçkisinin keçirilməsinə nail olmağa imkan vermədi. Mən müsahibə boyu həmin şərtlərdən danışmışam və təkrarlamağa ehtiyac görmürəm. Üstəlik, biz Ictimai Palatanı yaradanda deməmişdik ki, 2011-ci ildə növbədənkənar parlament seçkisinin keçirilməsini təmin edəcəyik. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Ölkə daxilində qüvvələr nisbəti nə vaxt imkan versə, o zaman buna nail olacağıq. Bu məsələ bizim üçün prioritet olaraq qalır. Hakimiyyət Ictimai Palatanın həm təkrar seçki tələbinə, həm də “Demokratiyaya yumşaq keçidin yol xəritəsi” sənədinə qeyri-konstruktiv yanaşır. Ona görə də Ictimai Palatada belə qənaət formalaşıb ki, görünür, Azərbaycandakı problemlərin hamısı birlikdə həll olunmalıdır. Bu qənaət günü-gündən güclənir. Hökümət konstruktiv dialoqa, mərhələli islahatlara qadir olmadığını sübut edir. Bütün cəmiyyət bunu görür. Bizdən asılı olmayan səbəbdən hakimiyyət xalqı sövq edir ki, Azərbaycanda rejim dəyişikliyi bütün tələblərdən önə keçsin.
– Son bir il Azərbaycanda islamçı qüvvələrin aktivləşməsi və siyasət meydanında daha çox görünmələri ilə də yadda qaldı. Bu il 20 islamçı haqda məhkəmə hökmü çıxarılıb. Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanda demokratik müxalifətin yerini dini qüvvələr tuta bilər. Bunu real hesab edirsizmi?
– Mən hesab etmirəm ki, onlar Ictimai Palatada təmsil olunan və ənənəvi olaraq milli-demokratik qüvvələr adlandırılan düşərgəni əvəz edə bilərlər. Onların tamamilə başqa gündəliyi, sosial bazası var. Biz etiqad azadlığına hörmətlə yanaşmağın tərəfdarıyıq. Hesab edirik ki, Azərbaycan vətəndaşlarının ideya, ideologiya seçmək azadlığı olmalıdır. Kimlərsə Azərbaycanın gələcəyini başqa cür təsəvvür edə bilərlər, o cümlədən bizdən fərqli görə bilərlər. Bu vətəndaşların hərəkətlərində qanun pozuntusu olmayınca onların azadlığı təmin olunmalıdır. Ona görə də biz həbs olunmuş islamçı fəalların hüquqlarını müdafiə edirik. Bu adamların hakimiyyətin iddia etdiyi cinayətləri törətmədiyinə əminik. Biz bilirik ki, onlar rejimi sərt tənqid etdiklərinə, sərt ritorikalarına görə həbs olunublar. Azərbaycanın xüsusi xidmət orqanlarının evlərdən silahı hansı üsullarla çıxardığını da yaxşı bilirik.
Hökumətin bir çox dairəsi bu adamları zor müstəvisinə çəkmək üçün təxribatlar törədib. Bu səbəbdən biz həbs olunan islamçıları siyasi məhbus hesab edirik. Biz onları öz dini etiqad azadlıqlarını Azərbaycan dövlətinin maraqları çərçivəsində reallaşdırmağın yolunu tapmağa, dünyəvi dövlət strukturu çərçivəsində öz dini etiqad azadlıqlarını təmin etməyə çağırırıq.
Eyni zamanda özümüzün də kimliyimizi ortaya qoyuruq. Deyirik ki, biz Azərbaycan dövlətini qurmuşuq, milli-demokratik düşərgə olaraq ölkənin gələcəyini çoxpartiyalı, plüralist, demokratik, hüququn aliliyinin təmin olunduğu sosial dövlət kimi görürük. Azərbaycanın gələcəyini Avropada görürük. Azərbaycanın hər bir vətəndaşının dini etiqad azadlığına hörmət olunmasının tərəfdarıyıq. Biz dini etiqad azadlığına tam təminat verəcəyik. Azərbaycanda islamçıların öz dünyagörüşünə, sərt tənqidlərə görə həbs olunmayacağına təminat verəcəyik.
– Ictimai Palatanın sonuncu sessiyasında yazıçı-publisist Rafiq Tağının xatirəsinin yad edilməsi məsələsi ciddi mübahisələrə səbəb oldu. Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, qurumda dini kəsimi təmsil edən Hacı Ilqar Ibrahimoğlu qətlə yetirilən yazıçının xatirəsinin yad olunmasına imkan vermədi. Bunu dini qüvvələrin artıq Ictimai Palataya da ciddi təsir göstərməsinin göstəricisi saymaq olarmı?
– Hacı Ilqar Ibrahimoğlu vətəndaş cəmiyyətinin kifayət qədər tanınmış, mütərəqqi fikirli nümayəndəsidir. Ictimai Paltanın sonuncu sessiyasında bununla bağlı yanlış yanaşmalar oldu. Bəziləri bilə-bilə, bəziləri bilməyərəkdən məsələləri qarışdırdılar. Prinsipial olaraq Rafiq Tağının xatirəsini yad etməmək kimi bir mövqe heç kimdə olmayıb. Sadəcə bir çoxları hesab etdi ki, hər iclasda bunu etmək lazım deyil. Ondan əvvəlki sessiyada Rafiq Tağının xatirəsini yad etmişdik. Rafiq Tağının dəfn olunduğu gün bizim iclasımız vardı. Məlum oldu ki, biz dəfnə çata bilmirik. Isa Qəmbər məsələ qaldırdı və biz mərhumun xatirəsini bir dəqiqəlik sükutla yad etdik. Yas mərasimində iştirak etdik, dəfələrlə bəyanatlarla çıxış etdik. Rafiq Tağının öldürülməsinə münasibətdə, bunun insanlıq əleyhinə bir cinayət olmasını söyləmək məsələsində, o cümlədən xatirəsinin yad olunmasında Ictimai Palata daxilində hər hansı fikir ayrılığı olmayıb.
Hacı Ilqar da bu məsələlərdə Ictimai Palatanın ümumi mövqeyini bölüşüb. Ona görə də Azərbaycan cəmiyyətində dindar kəsimlə, islamçı siyasi qüvvələrlə milli-demokratk düşərgə arasında münasibətləri gərginləşdirmək, qarşıdurma səviyyəsinədək artırmaq heç kimin, xüsusən də özünü liberal hesab edən adamların marağında deyil. Açıq demək lazımdır ki, bu yalnız dəyişikliklərin ölkəyə gec gəlməsini istəyənlərin marağına uyğundur. Azərbaycanda dəyişikliklər olmasını istəyən hər kəs cəmiyyətdə konsensus əldə olunmasına çalışmalıdır, bunda maraqlı olmalıdır. Ictimai Palatanın rəhbərliyi cəmiyyətdə bu konsensusun formalaşdırılmasında maraqlıdır, buna çalışır. Biz ölkəni demokratikləşdirmək üçün bütün qüvvələrlə, o cümlədən islamçı siyasi qüvvələrlə müəyyən bir konsensus tapmalıyıq, buna tərəfdarıq. Bu o demək deyil ki, bizim mövqelərimiz üst-üstə düşəcək. Ola bilər ki, gələcəkdə ciddi siyasi yarışma məhz milli-demokratik qüvvələrlə islamçılar arasında olacaq. Amma bir oyun qaydası olacaq. Biz də bu oyun qaydasına uyğun yarışacağıq, bir-birimizi məhv etməyəcəyik.