Vəfa Quluzadə: «Türkiyə Fransanın son zamanlar atdığı azğın addımlara çox tutarlı cavab verdi»
Türkiyə qondarma erməni soyqırımının tanınmasının inkarını yasaqlayan qanun layihəsinin qəbul ediləcəyi təqdirdə Fransaya bir sıra sanksiyalar tətbiq edəcək. Sanksiyaların tək diplomatiyayla məhdudlaşmayacağı gözlənilir. Bundan başqa, fransız şirkətlər Türkiyədəki heç bir tenderə qatıla bilməyəcəklər.
Bu sanksiyalara görə, ilk olaraq Türkiyənin Parisdəki səfiri Tahsin Burcuoğlu Ankaraya geri çağırılacaq. Türkiyə Fransanın da Ankaradakı səfirinin geri çağırılmasını istəyəcək. Əks halda fransalı səfir “persona non qrata” elan ediləcək.
Ankara iki ölkə arasında təmsilçilik səviyyəsini baş katib səviyyəsinə endirəcək. Fransadakı hərbi attaşelər geri çağırılacaq və Fransanın Ankaradakı hərbi attaşelərinin akkreditasiyasını ləğv edəcək. Sanksiyalar eyni zamanda Türkiyə ilə Fransa arasında hərbi əməkdaşlığa da təsir edəcək:
– Fransa ilə kəşfiyyat məlumatlarının paylaşılmasına son veriləcək.
– Türkiyənin hava məkanı Fransa hərbi təyyarələrinin üzünə tamamilə bağlanacaq.
– Fransa hərbi gəmilərinin Türkiyənin sularına girməsinə maneə törədiləcək.
– Türkiyə beynəlxalq qurumlarda Fransanın siyasətini təsdiqləməyəcək.
– Iran, Suriya və Orta Şərq mövzusunda Paris ilə məlumat paylaşmayacaq.
– Fransa ilə elm, texnologiya və mədəniyyət sahəsində də əməkdaşlıq tamamilə təxirə salınacaq.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Türkiyə Fransanın son zamanlar atdığı azğın addımlara çox tutarlı cavab verib. Türkiyənin bu cür cavab verməsinin çoxdandır gözlənildiyini deyən V.Quluzadə vurğuladı ki, əslində hazırda Paris Fransanın dövlət maraqlarına uyğun çıxış etmir: “Fransız siyasətçilər heç bir ”erməni soyqırımı”nın olmadığını gözəl bilir. Sadəcə olaraq, qarşıdan seçki gəldiyindən erməni lobbisinin səsini almağa çalışırlar. Əslində bu yanaşma Fransanın dövlət maraqlarına xidmət etmir”. Azərbaycanın da Türkiyənin apardığı mübarizədə onun yanında olmasını vacib sayan V.Quluzadə vurğuladı ki, çünki beynəlxalq arenada Azərbaycanın maraqlarını ən güclü qoruyan məhz Türkiyədir. Fransanın Türkiyənin ultimativ gedişinə hansı reaksiyanı verəcəyinə gəlincə, V.Quluzadə hesab edir ki, bu cavab özünü çox gözlətməyəcək: “Nə qədər gec deyil, Fransa ağılsız addımlarından əl çəkməlidir”.
Xəyal