Məmmədağa Eynullayev: «Masallıda məmur özbaşınalığı yoxdursa, nə üçün 80 nəfərə yaxın sakin Prezident Administrasiyasının qarşısına toplanmışdı?»
Rayonda kütləvi aksiya davam edir; Aclığa qoşulanların sayı günbəgün artır
“Masallıda məmur özbaşınalığı ilə əlaqədar narazılıqların olması ilə bağlı şəxsən mənim seçildiyim dairədən heç bir müraciət demək olar ki, daxil olmayıb. Ərizə bir yana qalsın, hətta bir illik dövr ərzində vətəndaşlarla 6 dəfə böyük görüş və onlarla qəbul keçirmişəm. Həmin görüşlərdə də bu barədə heç bir müraciət olmamışdır”. Bu sözləri deputat Elmira Axundova “Şərq” qəzetinə açıqlamasında Masallıdakı kütləvi aclıq aksiyasına münasibət bildirərkən deyib.
Aksiyanın təşkilatçısı Masallı Ziyalıları Ictimai Birliyinin sədri Məmmədağa Eynullayev isə Elmira Axundovanın rayondan xəbərsiz olduğunu bildirib: “Elmira Axundovanın daha çox Rusiyadan xəbəri var, nəinki Masallıdan. Əgər Masallıda məmur özbaşınalığı yoxdursa, nə üçün icra nümayəndəsi rüşvət alan yerdə həbs edilib? Əgər Masallıda məmur özbaşınalığı yoxdursa, nə üçün 80 nəfərə yaxın sakin bir neçə gün Prezident Administrasiyasının qarşısına toplanmışdı? Elmira xanım oturub evində elə bilir ki, vəziyyət əladır. Hətta onun dairəsinə daxil olan kəndlərdən belə, aksiyaya qoşulanlar var”.
Məmmədağa Eynullayev əlavə edib ki, aksiya hələ davam edir. Dünən aclığa daha 15 nəfər qoşulub. Həmçinin hüquq müdafiəçisi Eynulla Fətullayev və media nümayəndələri aksiya iştirakçılarına baş çəkib. Birlik sədrinin sözlərinə görə, rayon rəhbərliyi onlara təzyiqləri davam etdirsə də, aksiyanı dayandırmaq niyyətləri yoxdur.
Xatırladaq ki, dekabrın 15-dən rayonun bir qrup sakini “Hər evdə aclıq keçirək” şüarı ilə aclıq aksiyasına başlayıb. Aksiyanın keçirilməsinə səbəb rayonda məmur özbaşınalığının bütün hədləri aşması, icra başçısı Qəzənfər Ağayevin az qala rayonu “özəlləşdirməsi”, əsassız həbslər, yerli sahibkarların mülkiyyətlərinin əllərindən alınması, rayondakı özbaşınalıqlarla bağlı rayon ictimaiyyətinin şikayətlərinə ölkənin mərkəzi rəsmi qurumlarının laqeyd yanaşmasıdır.
Azad