Dünya Lukaşenkoya qarşı səfərbər olunur

ABŞ və Avropa eyni anda Belarus hakimiyyətinin üzərinə getdi

 

 

Avropanın aparıcı dövlətləri Almaniya, Böyük Britaniya, İsveç və Polşa xarici işlər nazirləri Quido Vestervelle, Uilyam Hoque, Karl Bild və Radoslav Sikorski “Frankfurter Rundschau” saytında Belarusdakı ictimai-siyasi vəziyyətlə bağlı birgə məqaləylə çıxış ediblər. Nazirlərin məqaləsi ötən il Belarusda baş tutmuş prezident seçkilərindən sonra ölkə müxalifətinə qarşı repressiyaların ildönümünə təsadüf edib.

 

Məqalədə qeyd olunur ki, Aleksandr Lukaşenko düz 1 il öncə vətəndaşların və beynəlxalq ictimaiyyətin gözü qarşısında insan hüquq və azadlıqarını əzdi. O, ölkədə repressiya aparatını işə salaraq insanların siyasi hüquqlarını məhdudlaşdırdı: “Biz ümid edirdik ki, Belarus Avropa Birliyi və qonşuluğundakı demokratik ölkələrlə əməkdaşlığa can atacaq. Lakin bir il öncə biz bunun əksini gördük. Dinc aksiya iştirakçıları zorakılıqlarla üzləşdi. Yüzlərlə müxlaif fəal həbs olundu. Bundan sonra da ölkədə siyasi hüquqlar, söz azadlığının durumu daha da pisləşdi”.

Avropalı rəsmilər Lukaşenko rejiminin ölkəni qorxu və repressiya aparatiyla idarə etdiyini qeyd edib. Belarus hakimiyyəti repressiyaları artırmaqla onsuz da axsaq olan ölkə iqtisadiyyatı üzərində nəzarəti itirib. Müəlliflərin fikrincə, beynəlxalq təşkilatlar tərəfindən təklif olunan geniş iqtisadi islahlatları həyata keçirməsə ölkənin daha ağır iqtisadi süqut gözləyir.

Nazirlər birgə məqalələrində Lukaşenko rejiminə qarşı sərt addımların atılmalı olduğunu bildiriblər. Onların fikrincə, Avropa Birliyi Lukaşenko hakimiyyətinə qarşı qadağalarını daha da sərtləşdirməli və Belarusda vətəndaş cəmiyyətinə dəstəyini artırmalıdır. Nazirlər sonda Belarus xalqına müraciət ünvanlayıblar: “Biz Belarus xalqına alternativ yol, demokratiya təklif edirik. Demokratik yolla irələyən xalqlar dünyada hörmət sahibi olacaqlar. Bu həm də regionun sabitliyi üçün mühüm amildir”.

Bu arada ABŞ-ın Nümayənədələr Palatası Belarusa qarşı sanksiyaların sərtləşdirilməsi və siyasi məhbusların dərhal azad olunmasıyla bağlı qanun layihəsini qəbul edib. Həmin layihə ötən həftə Senat tərəfindən də qəbul olunub. Sənəd imzalanması üçün ABŞ prezidenti Barak Obamaya təqdim olunacaq. Yeni sanksiyalar Belarusa yönəlik maliyyə və Lukaşenko rejiminin rəsmilərinə isə viza qadağalarının sərtləşdirilməsini nəzərdə tutur. Sənədə həmçinin Beynəlxalq Xokkey Federasiyasına müraciət də əlavə olunub. ABŞ qanunvericiləri federasiyanı 2014-dü ildə Belarus paytaxtı Minskdə keçirilməsi nəzərdə tutulan büzüstü xokkey üzrə dünya çempionatının təşkilatı işlərini dayandırmağa çağırıb.

İnformasiya şöbəsi