Britaniya Azərbaycanı niyə qara siyhıya salıb?

Rahim Hacıyev: «Artıq Qərbdə Azərbaycan hakimiyyəti ilə bağlı adekvat mövqe formalaşıb»

Britaniya hökumətinə yaxın olan “The Economist Intelligence Unit” tədqiqat şirkətinin təqdim etdiyi siyahıda Azərbaycan reallığa uyğun olaraq yer alıb. “Dünya ölkələrinin demokratiya indeksi 2011-ci il” adlanan bu sənəddə ölkələr eyni zamanda bir çox keyfiyyətlərinə görə də sıralanıb. Siyahıda göstərilən 167 ölkə arasında isə Azərbaycan 140-cı yeri tutub.
Bundan başqa, hakimiyyət rejimlərinə görə ölkələr dörd tipə ayırılıb. Birinci tip tam demokratik, ikinci natamam demokratik, üçüncü hibrid rejimlər və soununcu avtoritar rejimlər. Məhz avtoritar ölkələr arasında yer alan Azərbaycanın qonşuları Iran və Rusiyadır.
Siyasi ekspert Rahim Hacıyev bildirdi ki, Azərbaycanın siyahıda qərarlaşdığı yer tam obyektivdir və reallığı əks etdirir. “The Economist Intelligence Unit” tədqiqat şirkətinin siyahını açıqladığı zamanın Azərbaycanda seçkilərin saxtalaşdırıldığı, insan haqlarının pozulduğu dövrə təsadüf etdiyini deyən R.Hacıyev vurğuladı ki, artıq uzun müddətdir dünya birliyi də Azərbaycanda sərt avtoritar rejimin olduğunu etiraf edir: “Heç kimdə şübhə doğurmur ki, Azərbaycan hakimiyyəti demokratik institutların formalaşmasını, demokratik dəyərlərin bərqərar olunmasını istəmir. Əksinə bütün vasitələrdən istifadə edərək antidemokratik rejimi saxlamağa çalışır. Əlamətdar hal isə ondan ibarətdir ki, biz coğrafi cəhətdən Iran və Rusiyanın əhatəsində olduğumuz kimi rejimin mahiyyəti baxımından da Iranla Rusiya arasında dayanırıq. Bu isə onu deməyə əsas verir ki, artıq Qərbdə Azərbaycan hakimiyyəti ilə bağlı adekvat mövqe formalaşıb. Rusiya, Iran və Azərbaycan eyni dərəcədə avtoritar ölkələr sayılır. Qərb hər üç ölkədə demokratik dəyişikliklərin baş verməsini istəyir və buna görə hər cür yardımı göstərməyə də hazırdır”.

Hikmət