Bəşər Əsəd bir gündə 70 əsgəri öldürtdürdü

BMT Baş Assambleyası Suriyadakı hadisələrlə bağlı qətnamə qəbul etdi

Suriyada Əsəd rejimi xarici müşahidəçilərin ölkəyə girişinə icazə verdikdən sonra da hakimiyyət əleyhdarlarına qarşı zorakılıqları davam etdirib. Dekabrın 18-də Idlib vilayətində 70-dən çox hərbçi hökumət qüvvələri tərəfindən öldürülüb. Onlar ordunu tərk edərək, müxalifətə qoşulmaq istədikləri üçün güllələniblər.
Mərkəzi qərargahı Londonda yerləşən Suriya Insan Haqları Müşahidəçiləri təşkilatı bu məlumatı yaralı vəziyyətdə canlarını qurtarmış əsgərlərə istinadən yayıb. Olay barədə Suriyada fəaliyyət göstərən digər hüquq-müdafiə təşkilatları da məlumat verib. Bundan başqa, iğtişaşların davam etməsi nəticəsində 13 nümayişçi də qətlə yetirilib.
Ərəb Ölkələri Liqasının təklifilə əldə edilmiş razılıq sayəsində ilk xarici jurnalistlər qrupu Suriyanın Homs şəhərinə buraxılıb. Jurnalistlər Suriya rəsmilərinin rəhbərliyi altında təhlükəsizlik qüvvələrinin dəfn mərasimində iştirak ediblər. Daha sonra media işçiləri Homs şəhərində yerləşən hərbi xəstəxanada yaralı əsgərlərə baş çəkiblər. Təşkilatın baş katibi Nəbil Əl-Ərəbi bildirib ki, iki gün ərzində Suriyaya 500 müşahidəçinin göndərilməsi üçün Suriya ilə danışıqlara başlayıb. Onun sözlərinə görə, müşahidəçilər 10 nəfərlik qruplar şəklində hərəkət edəcək və hər bir qrup müxtəlif məkanlarda yerləşdiriləcək.
Suriya müxalifəti isə müşahidəçilərin ölkəyə buraxılmasını nəzərdə tutan protokolları imzalayan Bəşər Əsədin əsl məqsədinin vaxt qazanmaq olduğunu bəyan edib. Milli Şura bildirib ki, Əsədin qoşunları geri çəkmək niyyəti yoxdur. “Razılaşmaya imza atmaqda Bəşər Əsədin məqsədi sadəcə, vaxt udmaq və Ərəb Ölkələri Liqasını BMT-yə müraciət etməkdən çəkindirməkdir”, – deyə Şuranın rəhbəri Burhan Qaliun vurğulayıb.
BMT Baş Assambleyasında isə Suriyadakı vəziyyətlə bağlı qətnamə qəbul olunub. 133 ölkə qətnamənin lehinə, 11 ölkə əleyhinə səs verib. 43 ölkə isə bitərəf qalıb.
Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri qətnaməni ölkəsinə qarşı məkrli siyasət hesab edir.
Bu arada, ABŞ Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland bildirib ki, Rusiyanın Suriyaya qarşı qətnamə lahiyələrində ABŞ bu ölkə ilə əməkdaşlıq etməyə hazırdır: “Nyu-Yorkda Rusiyanın Suriyaya qarşı qətnamə layihəsi barədə müzakirələr davam edir. Biz bu barədə bir neçə qeyri-rəsmi danışıqlar aparmışıq. Ümidvarıq ki, bu cür məsələlər BMT Təhlükəsizlik Şurası tərkibində daha ciddi şəkildə müzakirə olunacaq. Biz qətnamədə Suriyaya qarşı bəzi sanksiyaların tətbiqini istəyərdik”.

Informasiya şöbəsi