ACP sədrindən vitse-spikerə sərt cavab

«Ziyafət Əsgərov mənasız boşboğazlıqla məşğuldur»

“Artıq Rəsul Quliyev məsələsi bitib”. APA-nın məlumatına görə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ACP lideri Rəsul Quliyevin Müqavimət Hərəkatı yaratmaq ideyasını belə şərh edib. O, artıq Rəsul Quliyevin siyasi proseslərə təsir etmək gücündə olmadığını vurğulayıb: “Rəsul Quliyev bizim tariximizin qara arxividir. Artıq Rəsul Quliyev məsələsi bitib”.
Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının sədri Vaqif Mahmudov isə “Azadlıq”a açıqlamasında bildirib ki, Ziyafət Əsgərovun fikirlərinə əhəmiyyət vermək istəmir: “Çünki o və onun kimilərinin fikirləri xalq tərəfindən qiymətləndirilmir. Bu adamların nə danışdığı heç kim üçün əhəmiyyətli deyil. Ziyafət Əsgərov və onun kimilər sadəcə mənasız boşboğazlıqla məşğuldurlar. Yaxış olardı ki, o, YAP-ın yoxluğundan danışaydı. Həqiqət budur ki, bu gün YAP adlı partiya faktiki olaraq yoxdur. Sadəcə insanları məcburi şəkildə bu təşkilata üzv ediblər. Lakin insanlar bu təşkilatda təmsil olunmaq istəmir”.