21 yaşlı məhbus ölüb, yoxsa öldürülüb?

«6 saylı cəzaçəkmə müəssisəsində şillə-təpikdən salamat orqanı qalmamışdı…»

Penitensiar Xidmətin Müalicə Müəssisəsində təxminən bir ay əvvəl dünyasını dəyişmiş 21 yaşlı Asif Əliyevin yaxınları onun ölümünə görə 6 saylı cəzaçəkmə müəssisəsində çalışanları günahkar sayır. Mərhumun yaxınları bildirir ki, sözügedən cəzaçəkmə müəssisəsində məhkumlara amansız işgəncələr verilir. Məhz məruz qaldığı işgəncələr nəticəsində Asif Əliyevin daxili orqanları partlayıb.
Asif Əliyevin əmisi Əmirəli Əliyev “Azadlıq”a bildirib ki, qardaşı oğlunun mədə-bağırsaq sistemi tamamilə sıradan çıxdığından onda qan qusma başlayıb və bu səbəbdən Müalicə Müəssisəsinə köçürülüb. Orada həkim cərrahiyyə əməliyyatına ehtiyac yarandığını deyib: “Həkim əməliyyatdan sonra dedi ki, daxili orqanların həddindən artıq pis vəziyyətdədir, yəni, müalicənin xeyri olmayacaq. Həkim əməliyyat zamanı görmüşdü ki, şillə-təpikdən salamat orqanı qalmayıb. Həqiqətən də noyabrın 11-də əməliyyat olundu, 17-də keçindi”.
Əmirəli Əliyevin sözlərinə görə, mərhum Asifin özü onlarla söhbətində həm özünün, həm də digər məhkumların 6 saylı cəzaçəkmə müəssisəsində işgəncələrə məruz qaldığını deyib: “Deyirdi ki, kim səsini çıxarırsa, haqqını tələb eləyirsə, dərhal aparırlar döyüb-döyüb, axırda da karsa salıb bir neçə gün orada saxlayırlar”.
Mərhumun yaxınları Asif Əliyevin ölümüylə əlaqədar Işgəncələr Əleyhinə Komitəyə müraciət edib. Əmirəli Əliyev deyir ki, yaxın günlərdə mərhumun 40 mərasimini yola verəndən sonra hüquq-mühafizə orqanlarına da müraciət edəcəklər. Onlar 6 saylı cəzaçəkmə müəssisəsinin rəisindən tutmuş, sıravi nəzarətçisinə qədər, bu ölümdə günahı olan hər kəsin cəzalandırılmasını tələb edirlər: “Camaatın balasını döyə-döyə öldürmək cəlladlıqdır. Bunların balası yoxdur? Insan olan kəs Allahdan qorxar. 6 saylı cəzaçəkmə müəssisəsində məhbuslara işgəncə verən cəlladlar cəzalandırılmasa, özbaşınalıqların qarşısı alınmasa, belə ölümlərdən çox olacaq”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə ittihamlarla razılaşmır. Deyir ki, Penitensiar Xidmətin tabeliyində olan müəssisələrdə baş verən hər bir ölüm halıyla bağlı məhkəmə-tibb ekspertizası təyin olunur. Ekspertizanın nəticəsindən asılı olaraq, ya cinayət işi başlanıb istintaq aparılır, ya da cinayət işinin başlanmasından imtina haqda qərar qəbul olunur: “Əgər bu ölümlə bağlı cinayət tərkibi olsaydı, cinayət işi başlanardı, araşdırma aparılardı. Amma belə bir şey olmayıb. Ona görə də deyilənləri həqiqətəuyğun saymıram”.

Aytən Məmmədova