Xaos qorxusu çəkiləndə…

Həqiqətən də nə baş verdiyini anlamaq çox çətindir. Rusiyanın siyasətçiləri bir daha özlərinin irrasional məntiqlərini nümayiş etdirməkdədirlər. Indi elə vaxtdır ki, hər bir bəyanat, hər bir çıxış sonuncu parlament seçkisinin bütün nəticələrinə təsir edə bilər. Budur, D.Medvedev mandatdan imtina etdi. Onu bu hərəkətə sövq edən motivlər haqda yalnız mülahizə söyləmək olar. Mən düşünürəm ki, Medvedev Putini razı sala bilmir. Növbəti prezident seçkisini özü üçün elə də əhəmiyyətli hesab etməyən Medvedev parlament seçkisinin nəticələrini ləğv etməklə siyasi olimpdən getmək ərəfəsində böyük hörmət qazanmış olardı və bəlkə də bununla özünün növbəti dəfə prezident olmaq şanslarını da artırardı. Lakin güman etmirəm ki, Putini razı salmaq mümkün olsun. Hərçənd, Medvedevin mandatdan imtina etməsi bir siqnaldır, ölkəni hərəkətə gətirə bilən addımdır. Müxalifət azacıq təzyiq göstərsə, çox güman ki, bütün seçkinin nəticələrini ləğv etmək mümkün olar.

Düşünmürəm ki, bu addım, yəni Medvedevin mandatdan imtina etməsi, sadəcə bir kübar jestidir və bu, hansısa nəticələrə hesablanmayıb. Qətiyyətlə demək olar ki, ölkənin demokratik düşüncəli seçiciləri qələbənin bircə addımlığındadır. Indilər adi siyasi analitiklər və o cümlədən də Putinə yaxın olanlar bu seçicilərin əvvəl tanıdıqları seçicilərdən çox fərqləndiyini etiraf edirlər. Putin hakimiyyətə və böyük siyasi olimpə qədəm basan məqam tamam başqa idi: müharibə, xaos və qeyri-müəyyənlik hökm sürürdü. Putinin şüarı çox sadə idi: “böyük bir dövləti diz üstündən qaldıraq!”. O vaxt hamı bunu qəbul etdi, cəmiyyətdə o, böyük dəstək qazandı, təşəbbüskarlıq artdı. Indi artıq xaos təhlükəsi yoxdur və insanlar öz həyatlarında bir stabillik hiss edirlər, ona görə də bu gün elə həmin insanlar daha artıq şeylərə iddia edirlər. Bir də gəncləri xüsusi qeyd etməyə dəyər, Rusiya elektoratına yeni nəfəs gəlib. Bu gənclik başqa yerdə olduğu kimi təkcə ölkədən qaçmaq haqqında düşünmür… Indi prosesin tam gedişini proqnozlaşdırmaq çox çətindir. Növbəti aksiyaları gözləmək lazım gələcək. Amma bütün bu hadisələr ölkənin həyatında bir dönüşdür, Rusiya daha əvvəlki kimi ola bilməyəcək və elə Putin də seçiləcəyi təqdirdə əvvəlki Putin kimi idarə edə bilməyəcək. Siyasi karyerasının əvvəlində o, rusiyalılar üçün bir tapıntı idi: xəstə və spirtli içkilərə meylli Yeltsinin əvəzinə səhnəyə gənc, ağıllı və ən başlıcası ciddi bir siyasətçi daxil oldu! Amma indi daha bu gediş alınmayacaq. Putin təkrar seçilmək istəyir. Təkrar seçilmək isə hər an çətindir, çünki sənin arxanda artıq konkret əməllər dayanır. Insanlar da elə həmin əməllərə görə mühakimə yürüdürlər. Əslində elə mütərəqqi siyasətin qaydalarına görə rusiyalılar Putinə “yox” deməlidirlər. Bu avtoritar liderləri bir ümumi cəhət birləşdirir: onlara həmişə vaxt çatmır, onlar ölkəni və xalqı “xilas etmək” üçün iyirmi il, otuz il vaxt istəyirlər! Başqa ölkələrdə isə belə deyil: iki müddət seçildin və xoş gəldin! Qoy, indi də başqaları seçilsin! Bir dəfə yazmışdım ki, R.Reyqan iki müddətə nəinki ABŞ iqtisadiyyatında ciddi dönüş etdi, hətta SSRI-ni çökdürdü!
Bizim insanlar nədən ehtiyat edir?
Bəlkə onlar da xaosdan, yaxud da müharibənin başlana bilməsindən ehtiyat edir. Mən bunu dəqiq bilmirəm. Amma dəyişiklik ucqarlara doğru gəlir. Indi “ərəb baharı”ndan sonra növbəti ünvanın MDB-nin olacağı elə bir şübhə  doğurmur. Bir çoxları elə bilir ki, kimsə haradasa oturub və o sehrli əllərinin hərəkətilə bütün bu prosesləri idarə edir. Əslində belədirmi? Təbii ki, yox! O vaxtlar keçib. Insanlar idarə olunmaq yox, idarə etmək istəyirlər. Təxminən on il sükut oldu. Amma o tam hədər keçdimi? Yox. Gənclik yetişdi. Insanlar yeni kommunikasiya texnologiyalarına yiyələndilər, savadlandılar. Prosesin gedişində bir detalı sezməmək mümkünsüzdür: siyasi mübarizə çox savadlı şəkildə aparılır. Məsələn, B.Əsəd Suriyanı qapaya bilmir, informasiya bütün dünyaya yayılır. Yenilik deyilmi? Internet yarananda “diktaturaların qənimi” adını almışdı. Indi bu, təsdiq olunmurmu?