Siyasi məhbus Tural Abbaslının anası Başxanımın xanımın təhqir və həbs olunması səhnəsinə içində ləyaqəti, vicdanı və şərəfi olan adam soyuqqanlı baxa bilməz. Evlərinin başına uçurulmasına etiraz edən vətəndaşlara qarşı qanı qanından, canı canından olan polisin bu qədər vəhşiliyindən dəhşətə gəlməmək mümkündürmü?
“Qış bulvarı” adıyla evlərini dağıtdıqları insanlara ana, bacı, ixtiyar demədən Azərbaycan polisinin hücum etməsini yalnız quduzlaşmış ermənilərin Qarabağdakı qətliamları ilə müqayisə etmək olar. Kadrlara baxanda bir daha əmin olursan: bu manqurtlaşmış polislər Süleyman Nemətovun əmri ilə öz soydaşlarını gülləbaran etməyə də hazırdırlar. Süleyman Nemətov – yalnız fizioloji göstəricilərinə görə insan adlandırdığımız və zorakılığına görə məşhur olan bu polis də heç düşünmədən sıravi, dinc Azərbaycan vətəndaşına güllə atmaq əmrini verməyə və ilk olaraq özü icra etməyə qadirdir.
Süleyman Nemətovun nəinki polisə və hüquq-mühafizə orqanlarına, heç insanlığa yaraşmayan rəftarı barədə Daxili Işlər Nazirliyinə millət vəkillərindən tutmuş qəzet redaktorlarına, hüquq müdafiəçilərinə qədər çoxsaylı şikayətlər verilib. Ancaq bu polis yenə də öz vəzifəsini icra etməkdə, yenə də insanlara qarşı ən ağlasığmaz zorakılığı göstərməkdədir.
Kimdir Süleyman Nemətov? Dəli, psixopat, zırrama, ipləmədirsə, onun polis orqanlarında nə işi var?
Deməli, onu qəsdən polisdə saxlayırlar, vəzifə, səlahiyyət verirlər, zorakılıq aktlarının həyata keçirilməsini ona tapşırırlar. Süleymanlar – YAP iqtidarının hakimiyyəti nəyin hesabına saxladığının göstəricisidir.
Dünyanın indiki düzəmində belə feodal inzibati üsullarla hakimiyyəti qorumaqmı olar? Ərəb inqilabları dünyanı başına götürüb, amma Ilham Əliyev daha aqressiv formada vətəndaşlarının mülklərini əlindən almaq siyasətini həyata keçirir; Rusiyada siyasi təlatümlər başlayıb, amma Ilham Əliyev “hər bir azərbaycanlının diktatoru” olduğunu sübut etmək üçün bütün inzibati gücünü işə salıb; Qazaxıstan dağılır, amma Ilham Əliyev məhz bu məqamda zorakılıqları artırmaq barədə göstəriş verir; Dünyanın ən böyük dövlətlərinin rəhbərləri Azərbaycanda insan haqlarının pozulmasından narahatlıq dilə gətirirlər, Ilham Əliyev hakimiyyəti isə inadına Azərbaycanda insan haqlarını bir az da pis duruma gətirmək üçün əlindən gələni edir…
Kimlərə və nəyə arxayındılar? Avropa və ABŞ-ın təzyiqləri altında rus strateqlərinin planlarınamı güvənirlər? Rusiya Azərbaycanda normal bir dövlətin, güclü cəmiyyətin qurulmasını istəyərmi?
Əlbəttə ki, Rusiya Azərbaycanda zorakılıq aktlarının bir az da artırılmasını ideoloji olaraq Ilham Əliyev iqtidarının beyninə yeritməkdə davam edəcək. Bu hakimiyyətin bir ağıllı adamı da yoxdur deyə ki, zorakılıq diktaturanı qorumağın yeganə yoludursa və rus hakim elitası buna üstünlük verirsə, niyə Moskvada keçirilən mitinqə Putin müdaxilə etmədi? Niyə öz soydaşlarına divan tutmadı?
Bunun çox sadə izahı var: insanlar bu zorakılıqdan bezib axır ki, reaksiya verəcəklər. Bəs, nə düşünürsünüz? Süleymanların qanunsuzluqlarına hüquqi qiymət verilməyəndə, xalq belələrini öz bildiyi üsulla cəzalandırmaq istəməyəcəkmi? Var-yoxunu əlindən alıb küçələrə tulladığınız və həyatını məhv etdiyiniz adamlar nələr edə bilərlər?
Onların nələr edə biləcəyini Azərbaycan hakimiyyəti düşünəcək səviyyədə olmasa da, rus ideoloqları əla bilirlər: bilirlər ki, Azərbaycanda radikal dini cərəyanlar meydan sulayır; bilirlər ki, bu radikalların icra edəcəyi aktı ölümə sürüklənən və nəfəsi kəsilən xalq dəstəkləyəcək; bilirlər ki, Iran və Rusiya kimi xarici, korrupsiya və rüşvətlə ölkəni səfalətə sürükləyən daxili düşmənlərin məngənəsində inləyən Azərbaycan bu aktların başlaması və zəncirvari yayılması ilə cəhənnəmə çevriləcək.
Azərbaycanı cəhənnəmə çevirmək YAP ideoloqlarının söykəndiyi rus dayılarının ənənəvi arzusudur. Bu arzunu reallaşdırmaq üçün niyə dəridən-qabıqdan çıxırsınız? Süleymanlarla bu milləti haraya sürükləyirsiniz?
Hər bir vətəndaşın ürəyinə mina basdıra-basdıra gedirsiniz. Süleyman kimi tankları o minaların üstünə sürməklə bu ölkədə cəhənnəm odunu bir göz qırpımında alovlandırıb da AZAL təyyarəsi ilə cənnətə uçmaq xəyallarınızı başınızdan birdəfəlik çıxarın! Allaha and olsun ki, Cahangir Əsgərov Allah deyil və cəhənnəmdən cənnətə aviareys açmayıb.
Bu ölkəni Liviyaya çevirmək istəyirsinizsə, Qəzzafi aqibətini yaşayacağınızı da gözaltı edin!



