«Gülün yarpıza dönsün, bizdən üz döndərən yar…»
Qarabağda talan var,
Zülfün üzə salan var,
Gedirsən, tez qayıt gəl,
Gözü yolda qalan var.
Qarabağdan gələn o səsin gözü yolda qaldı. O torpaqların sona bülbülləri ilə səs-səsə verən Qədirin ömrü geri qayıtmağa yetmədi. Bu yerlərdən məsafəcə uzaq, ruhca çox yaxın bir yerdə – Türkiyədə həyata yumdu gözlərini. Oradan öz torpaqlarına da ruhuyla döndü həmin gün…
“Darıxıram yaman. Sonra da deyirlər ki, Qədir ölkəni tərk edib Moskvaya köçüb. Bunu deyən yəqin bu torpağı mənim qədər sevə bilmədiyi üçün mənə paxıllıq edib yandığından deyir. Qədir ölkə tərk eliyər? Bu yaxınlarda Irana konsertə dəvət etdilər, dedilər 10 gün qalacaqsan burda. Dedim qardaş, 2 günə gedib-qayıdacamsa gəlim, yoxsa, gələ bilmərəm. Bir gündən artıq başqa ölkədə havam çatmaz, boğulub ölərəm, geriyə taxtada qayıdaram. Dedilər, səndən ötrü azərbaycanlılar belə ölür, elə görmək istəyir. Dedim məni çox istəyirlərsə, başqa ölkələrə dəvət etməsinlər…”.
Onun qeyri-adi biri olduğunu ölkədə bilməyən yoxdu. Səsinin rəngi də kimsəyə bənzəməmişdi, xarakterinin rəngi də. Hətta onu zamanında televiziyaya, radioya gətirib konsertə çıxarmaq, səsini yazmaq müşkül bir məsələ imiş.
“Qədir Rüstəmov televiziya ilə cəmisi bir neçə dəfə oxuyub. Onda da Allah bilir nə zülm ilə aparıblar ora. Televiziyada işləyən həmkarlarımdan biri deyir ki, Qədirin çıxışını lentə alanda əməkdaşlardan çoxu işini-gücünü buraxıb ona qulaq asmağa gəliblər. Heyran-heyran qulaq asıblar. Hətta gizlincə onun oxuduğu havaları lentə alıblar. Mən həmin lentdəki muğam parçalarına qulaq asa bilmişdim. Həmin havalar sonralar heç yanda səslənmədi. Eşidə bilmədim.
Yadımdadı. Bizlərdən çoxumuz bu konserti gözləyirdik.
Dünya çempionatında xokkey, futbol yarışını gözlədiyimiz kimi. Sonralar Qədir Rüstəmov həmişə peşman-peşman deyərdi: “Gərək razı olmayaydım televiziya ilə oxumağa. Nəyimə gərək idi. Səsimi eşidirdilər. Özümü görmürdülər. Bu bəs idi” (Tofiq Abdin).
Dəlisov bir azadlıq vardı içində. Kimsə ona istəmədiyi şeyi etdirə bilməzdi. Onun danışıq dili yalnız musiqi idi. Qarabağ bülbüllərindən almış kimiydi o səsi. Belə yanıqlı, zərif səsin bənzəri başqa harda ola bilərdi ki…
“O vaxtın mətbuatında Qədir Rüstəmovla bağlı eksklüziv material görmək də əfsanə, rəvayət kimi bir şey idi. Onun mətbuata qoyduğu bu ”embarqo”nu ilk dəfə dələn, həm də layiqli şəkildə dələn yazar Seyran Səxavət oldu. Ağdamda onu hotelə aparıb dilə tutan Seyran Səxavətə, “Müsahibə vermərəm, ancaq atüstü söhbət edə bilərik” – demiş, söhbət edərkən arabir maqnitofona baxıb “Deyəsən, yazırsan” – tərəddüd və şübhəsini də gizləməmişdi. Nəticə: Seyran Səxavət “Ağdamda Qədir Rüstəmovla ”atüstü” söhbət” adlı yazı ilə Azərbaycan publisistikasının şah əsərlərindən birinə imza atmışdı…” (Mais Əlizadə).
Füzuli dərd əlindən dağa çıxdı…
Həyatla çox çarpışmışdı, çox yoxuşları aşmışdı. 77 il həyatın düzünə-tərsinə dayanmaq hər kəsin işi deyil ki. “Bir gün böyrəyini çıxardılar, Qədir yaşadı. Bir gün Qarabağını aldılar, Qədir bu dərd içində dağlara – Oğuzdakı müvəqqəti məskunlaşdığı bir yerə baş götürüb getdi. O vaxt çoxları onu Bakıya dəvət etsə də, Qədir Qarabağdakı dağların və meşələrin təsəllisini duymaq və özünü beləcə aldadıb-ovundurmaq üçün dağlardan aşağı düşmədi. Hətta özü deyirdi ki, ”Məni başa düşmürlər, bəlkə də başa düşmək istəmirlər. Amma çoxlarını başa sala bilmirəm ki, “Füzuli dərd əlindən dağa çıxdı, dedilər bəxtəvər yaylağa gedib”… Bu başadüşməzlik məni çox ağrıdır”(Asif Mərzili).
Qədir Rüstəmovun bioqrafiyasını yazmaq da bir az qəribə gəlir adama. Onun bioqrafiyasını neçə adam bilir ki, ölkədə? Ümumiyyətlə, bu kimi maraqlandırmışdı ki? Qədir sadəcə hər kəs üçün Qədir idi. Səsi gələndə quşların susduğu, insanların ayaq saxladığı, təbiətin nəfəs çəkmədiyi bir şəxs…
1935-ci il noyabrın 20-də Ağdam rayonunda doğulub. Orta məktəbi bitirdikdən sonra əvvəlcə Asəf Zeynallı adına Bakı Orta Ixtisas Musiqi Məktəbində, daha sonralar isə Üzeyir Hacıbəyli adına Ağdam Orta Ixtisas Musiqi Məktəbində təhsil alıb. Burada Allah vergisi olan səsinin möcüzəsiylə xanəndəlik sənətinin sirlərini birləşdirib. Bir çox xalq mahnılarımıza yenidən həyat verib. “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Ay dili-dili”, “Sarı gəlin” kimi mahnılar onun ifasında əvəzsiz səs qazanıb. Ifasında səslənən bir sıra muğam dəstgahları, o cümlədən “Rast” və “Çahargah” musiqi mədəniyyətimizin qızıl fonduna daxil olub.
Musiqi mədəniyyətimizə verdiyi töhfələrə görə Xalq artisti adına layiq görülüb və “Şöhrət” ordeni ilə təltif edilib. 2011-ci il dekabrın 14-də 77 yaşında dünyasını dəyişib…
“1958-də Asəf Zeynallı adına musiqi məktəbinə qəbul imtahanı verəndə Seyid Şuşinskinin ona çəkdirdiyi ”cəfa”nı mənə danışmışdı: “Musiqi məktəbinin diplomuna ehtiyac vardı. Imtahanda Seyid dedi ki, ”Sarənc” oxu, ancaq “Simayi-şəms”ə keçmədən ayaq verib, “Maye”yə qayıt. Seyid mən oxumağa başlayan kimi əsasına söykənib yuxuya gedirdi. Oxuyub qurtarandan sonra Seyidin yuxudan ayılmasını gözləyirdim. Ayılan kimi soruşurdu ki, nə oldu? Deyirdim ki, oxudum. “Bir də oxu”. Mən oxumağa başlayan kimi Seyid yenidən əsasına söykənib, yuxuya gedirdi. Oxuyub qurtarır, onun ayılmasını gözləyirdim. Beləcə, Seyid Şuşinski bir imtahanda “Sarənc”i mənə 5-6 dəfə oxutdurdu” (Mais Əlizadə).
Onun haqqında ən rəngli sözləri yazdılar
Qədir Rüstəmov müalicə üçün Istanbula gedən gündən mətbuatda onun haqqında saysız-hesabsız yazılar nəşr olunub. Onların bəzilərinə nəzər salanda görünür ki, sənətkar haqqında adi söz yazan yoxdur. Onun haqqında yazılanlar da səsi və özü kimi rəngli və fərqlidir.
“Oxuyanlarımız yaman çoxdur, günbəgün də artırlar. Allah daha da artıq eləsin. Insaf naminə qeyd etmək lazımdır ki, oxuyanlarımızın səsi də pis deyil. Amma belə səs çətin bir də ələ düşə. Deyəsən, Vaqif bəy deyib Qədir haqqında ki, bunun səsiÿ ”qeybdən gəlir…”. Həqiqətən bu səs qeybdən gəlir, adamın axırına çıxır…
Adamın özünü boyundan uca yerdən asması elə də çətin olmur. Ancaq adamın özünü boyundan qısa yerdən asmasını gözümün önünə gətirəndə yer ayağımın altından qaçır…
Təsəvvür edirsiniz, kimsə Yer kürəsini stul-kətil kimi vurub ayağımızın altından qaçırdır və …kosmosa – “koma”ya düşürük. Allah Qədirə şəfa və eşq versin. Və gedə bilmədiyi yerlərə getsin. Bizi də özü ilə aparsın…”(Kamran Məhərrəmli).
“Onun oxuması o qədər bənzərsizdir ki, mən Qədir Rüstəmov haqqında zəif yazı ilə neçə-neçə nəslin əzizlədiyi, piləyə-piləyə səslərini qoruyub saxladıqları, şüşə kimi sınmaqdan gözlədikləri ulu ustadların ruhuna, məhz ruhuna xəyanət etmiş olardım. Qədir haqqında yazmaq xatirələri oyatmaq, olmuşları yada salmaq, üstündə otlar göyərmiş, üstünə ulu nəğmələr çilənmiş və bu nəğmələrdən səslər göyərmiş məzarların (əgər tapa bilsəniz) ziyarətinə gəlmək deməkdir.
Qədir Rüstəmov haqqında yazmaq fəsil-fəsil, il-il geriyə dönmək – bu fəsillərdə, bu illərdə mərdanəlik, kişilik və hər şeydən əvvəl azərbaycanlılıq axtarmaq deməkdir.
Elə azərbaycanlılıq ki, utanmadan, çəkinmədən çuxada, buxara papaqda, əldə dəf xanım-xatın Paris qadınlarının, qeyri-adiliyilə seçilən Paris sənətinin qarşısında bir vaxt meydan sulayıb.
Qədir Rüstəmov haqqında yazmaq mənim üçün hər şeydən əvvəl məhəbbətdən, sevgidən yazmaq deməkdir. Oxşamalardan, bayatılardan, ağılardan, toylardan, yaslardan yazmaq deməkdir”(Tofiq Abdin).
Qarabağın Qədirini Bakıda dəfn etdilər – Fəxri Xiyabanda. Qədirin Qarabağı ona çox-çox uzaqda qaldı. Amma Qədirin ruhu ora qayıdacağı günü hökmən gözləyəcək, Qarabağ onu gözləyən kimi…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir