Əliyevlərin xarabalıq səadəti

Təzəxan Mirələmlinin ailəsi dağılan Azərbaycan modelidir

Təzəxan Mirələmli ilə mübarizə İlham Əliyevin həyat kredosu olub. Bir kənd müəlliminə qarşı bu qədər kəskin aqressiya özünü prezident sayan biri üçün heç şübhəsiz ki, ifadə edilməsi mümkün olmayan zəifliyin, əsəbiliyin göstəricisi, eyni zamanda, siyasi gücün, hissiyyatın itməsi deməkdir.
İlham Əliyev hakimiyyəti Azərbaycan ailələrini bədbəxt etməklə məşğuldur. Və bu, onun hansısa siyasətinin dolayı nəticəsi deyil, nifrətinin, kininin birbaşa ifadəsi-nəticəsidir. Bütün azərbaycanlıların prezidenti olduğunu iddia edən birinin siyasi ambisiyalarına görə bir ailə öz körpə balasını itirib, bir ailə isə artıq dağılmaq üzrədir. Budur İlham Əliyevin rəhbərliyi altındakı xoşbəxtlik və səadət…
Bəziləri bizim Təzəxan bəyi müdafiə etməyimizdən səhv nəticələr çıxara bilər. Amma unutmasınlar ki, biz bu iyrənc provakasiyada həyatını itirmiş yeniyetməni də öz balamız bilirik. Onu bu əxlaqsız rejimin qurbanı sayırıq. Hələ məsələnin başqa bir tərəfi də var ki, faciənin dərinləşməsi, düşmənçiliyin şəxsi zəminə keçməsi üçün o körpənin baxımsızlıqdan, səhlənkarlıqdan həyatını itirdiyini də bütün ölkə və dünya bildi.
Bu rejim öz məqsədlərinin hər addımına bir insan canı fəda edən, Təpəgöz xislətlidir. Məgər Təzəxan bəyin qurmaq və görmək istədiyi xoşbəxt Azərbaycan həyatını itirmiş, ya da gələcəyi baltalanmış bu gənclər üçün deyildimi? Heç kimdə şübhə yoxdur ki, öz həyatını, sağlamlığını, hətta ailəsini fəda edərək mübarizəsindən dönməyən birisi heç vaxt şəxsi düşmənçilik apara bilməz, bu səviyyəyə enməz. Onunla düşmənçilik isə kimsəyə şərəf gətirməz. Bu cür addımlar ölüm üzərində plan quran hakimiyyətin çörəyinə yağ sürtməkdən başqa bir şey deyil. Bu, gəncəcik həyatını itirən körpənin ruhuna da xəyanət olar. Çünki onun əsl düşməni bu tələni quranlar, bu faciədən xeyir güdənlərdir.
Bu hakimiyyətin mənəvi ölçüləri heç vaxt Azərbaycan xalqının dünya görüşü ilə üst-üstə düşməyib. Buna görə də bu hakimiyyətin tələsinə düşüb yaraları qaysaqlı saxlamağın, bunu bir şəxsi düşmənçilik kimi qavramağın ancaq ziyanı var. Heç kimə sirr deyil ki, Əliyevlər hər zaman “Naxçıvanlı”, “Qarabağlı”, “Qərbi Azərbaycanlı”, “Şirvanlı”, “Cənublu”, “Gəncəli” ayrımı ilə bu xalqı parçalayıb, üz-üzə qoyub və hakimiyyətlərini bu intriqaların üzərində qurublar. Artıq bu siyasətləri ifşa olunub, bütün Azərbaycan anlayıb ki, bu rejim özündən – bir neçə ailədən başqa kimsəni düşünmür, indi də keçiblər ailələri bədbəxt eləməyə, üz-üzə qoymağa. Bu həm də o deməkdir ki, rejim artıq böyük intriqalar qurmaq gücündə deyil. Bu həm də o deməkdir ki, ən xırda səviyyədə şəxsi zəmində insanları üz-üzə qoyacaq qədər bütün dəyərlərdən məhrum olub. Budur bizim danışmaq istədiyimiz faciənin mahiyyəti. Onlar qazanır, hakimiyyət qurur, biz isə körpə balalarımızı və ailələrimizi itiririk.

Cəlilabadlılara nə olub?

Şəxsən mənim və xeyli adamın cavab tapmadığı sual odur ki, nə olub cəlilabadlılara? Onlar hər zaman siyasi cəhətdən ayıq, mənəvi baxımdan fərqli olublar. Bu elin bir ağsaqqalı yoxmu ki, bu şeytan tələsini sındırsın? Bu çirkinliyin qabağını alsın… Axı Cəlilabad həmişə ürəkaçan olayların vətəni olub… Necə icazə vermək olar ki, bu rejim öz iyrənc eksperimentini burada yoxlasın? Buna dözməyin izahını tapmaq çox çətindir. Hətta mümkün deyil. Təzəxan bəy kimi, haqq-ədalət yolunda hər cür cəfaya tuş gələn bir ziyalısını qorumaq hər bir cəlilabadlının və azərbaycanlının şərəf işi olmalıdır.
Nəhayət, onu da deyim ki, onlar Azərbaycanı da belə dağıtdılar. Qardaşı qardaş əli ilə öldürdülər. Birini qazamata saldılar, qalanlarını da pərən-pərən edib, ölkəyə sahib çıxdılar. Lütfən, oyanın və bu oyuna getməyin…

Seymur Həzi