Vicdan məhbusu Tural Abbaslının evini uçurdular. Dünən sosial şəbəkələrdə həmin evyıxma əməliyyatından videokadrlar yayılmışdı, izlədikcə insanın içi parçalanırdı. Hələ Tural bəyin anasının vəhşicə, əxlaqsızca yerlərdə sürüdülərək polis maşınına aparılması – adamın heç dili də dönmür ki, öz vətəndaşına qarşı bu qədər qansız və amansız, allahsız və acımasız olan bir rejimi, hətta öz düşməninə belə, arzulasın.
Əslində artıq düşməni ölkədən kənarda, sərhəd dirəklərinin o üzündə axtarmaq da mənasız və məntiqsiz bir işdir. Lənkəranda rejim qoluzorlularının balıqçılara qarşı basqınından reportajda maraqlı bir detal vardı, sakinlərdən biri deyirdi: “Gecənin bir yarısı öz xalqına belə basqın olar? Bizə deyirdilər ki, sizi Xocalıdan betər eləyəcəyik”.
Di buyurun, düşmən başqa necə olur? Axı düşmən yalnız Qarabağı işğal edəndə düşmən olmur. Öz vətəndaşının mülkünü, balıqçısının qayığını, jurnalistinin qələmini, ziyalısının kafedrasını işğal edən də düşməndir və ən azı, torpaqları işğal edən düşmən qədər qorxunc və yaramazdır.
Qarşıdan 20 Yanvar gəlir və bunlar yəqin ki, yenə də o qırğın günlərində Heydər Əliyevin Moskvada mətbuat konfransı keçirib guya azərbaycanlıların fəryadını dünyaya çatdırması haqqında üyüdüb-tökəcək, xalqın faciəsindən siyasi mənfəət əldə etməyə çalışacaqlar. Amma heç kim soruşmayacaq: bəs eyni Heydər Əliyevin qurduğu rejim niyə Lənkəranda balıqçıların üstünə rezin güllələrlə gedir? Cavab verin görək, guya rus tanklarının əliyalın insanlarımızı çığnamasına etiraz edən Heydər Əliyevin mirası olan rejimin PDM-i niyə Lənkəranda vətəndaşımızı əzib keçdi? Hələ də dönüb-dönüb başına vurduğunuz 21 il əvvəlki o mətbuat konfransı nədir, bu gün Sulutəpədə içindəki körpələri belə, çölə çıxarmağa icazə vermədən insanların evini rus tanklarından daha amansız olan buldozerlərin qabağına verməyiniz nə? Bu absurdu nə ilə izah edə bilərsiniz?
Istəyirsiniz, mən deyim: öz xalqına düşmən münasibətlə! Xalqın dərdlərinə, faciələrinə saxtakar münasibətlə! Həmin dərdlərdən, faciələrdən siyasi xal toplayıb, amma ilk fürsətdəcə öz xalqına onlardan daha dəhşətli faciələr, dərdlər yaşatmaqla! Başqa izah sadəcə, yoxdur.
XXI əsrin ən böyük cinayətidir insanların can və mal güvənliyini təhdid etmək. Onun azadlıqlarını məhdudlaşdırmaq. Onun hüquqlarını əlindən almaq. Onu bir nəfərin iradəsinə tabe etməyə çalışmaq. Onunla işgəncə, repressiya, zor və zopa dilində danışmaq. XXI əsrdə bundan böyük düşmənçilik yoxdur.
Baxın, Əfqanıstanda belə, indiki prezident Kərzayi üçüncü dəfə prezident olmaqdan imtina etdi. Konstitusiyanı dəyişməyi, ora “ömürlük prezidentlik” müddəasını soxuşdurmağı özünə rəva görmədi. Onsuz da çağın çox gerisində qalmış ölkəsini daha da geriyə atmağı, öz xalqının ruhunu daha da yaralamağı, ləkələməyi vicdanına sığışdırmadı.
Hətta Əfqanıstanda belə, milli iradəyə qarşı bunca sayğı varkən…
Demokratiyanın vazkeçilməz dəyər olduğuna bunca inam varkən…
Monarxiyanın XXI əsrin ən böyük suçu və ayıbı olduğu anlaşılmışkən…
Hətta Kərzayi belə, ölkəsinin Konstitusiyasını kağız parçasına çevirməyi ağlının ucundan keçirməzkən…
Onillərdir torpağı qanla suvarılan, başı üzərindən qara buludlar dağılmayan ölkəsini uyğarlığa, çağdaşlığa götürmək adına hakimiyyət ehtirasını içinə gömərkən bu gün Azərbaycanın krallığa götürülməsindən, Ilham Əliyevin monarx olmaq sevdasına düşməsindən daha böyük nə düşmənçilik ola bilər bu dövlətə və millətə?
Bu gün bütün cinayətlərin, düşmənçiliklərin bəlkə də bir bəraəti var. Uzağı bir bədəli var – ödəyərsən, qurtularsan. Cəzasını çəkərsən, rahatlarsan.
Amma öz xalqını tarixin axışından qoparıb, öz ölkəni müasir, demokratik dünyanın bir parçası olmaq əvəzinə keçmişin dibsiz qaranlığına, zülm, səfalət və cəhalət bataqlığına gömmək elə bir cinayətdir, elə bir düşmən əməlidir ki, heç nə ilə bəraət qazandıra bilməzsən. Bədəlini isə, hətta canınla, qanınla belə, ödəmək mümkün deyil.
Geriyə nə qalır? Tarixin və Tanrının lənəti! Vəssalam.