Jurnalistdən Əliyevin qudasına sərt suallar

Araz Ağalarov: «Dövlət mənə kifayət qədər dəstək vermir»

Rusiyada yaşayan biznesmen, Ilham Əliyevin qudası Araz Ağalarov “Komsomolskaya Pravda” qəzetinə müsahibə verib. Müxbir Aleksandr Qamov Araz Ağalarovla müsahibəni sahibkarın şəxsi “Qolfstrim-550” təyyarəsində Vladivostokdan Moskvaya gedərkən alıb. ”ANSPRESS”in tərcümə elədiyi müsahibəni ixtisarla diqqətinizə çatdırırıq:

– Indi uçduğumuz təyyarəni neçəyə almısınız?
– 44 milyona.

– Rubla?
– Dollara.

– Sirr deyilsə, bir sahibkar kimi nə qədər toplaya bilmisiniz?
– Kvadrat metrlə? Milyonu ötüb.

– Bu, rublla nə qədərdir?
– Hesab edirəm ki, 120 milyard.

– Yəqin ki, gəlirləriniz də milyardlarladır, düzdür?
– Milyardlarla gəlir, milyardlarla borc.

– Qorxmursunuz ki, əhalinin müəyyən təbəqəsi bir vaxt yığışaraq sizdən təyyarənizi ala bilər?
– Xeyr, qorxmuram. Təyyarəni nə edirəm? Təyyarəsiz də yaşamışam, bundan sonra da təyyarəsiz yaşaya bilərəm.

– Əgər “Crocus-City” əlinizdən alınırsa…
– Qoy olsun… Qorxulu heç bir şey yoxdur.

– Siz ciddi deyirsiz?
– Əgər, Allah bizim həyatımızı əlimizdən alırsa, təyyarə və Krokuslardan yapışmağın mənası varmı? Əgər biz öləcəyimizi biliriksə, maddi dəyərlər haqqında fikirləşməyə dəyərmi?

– Doğrudan hesab edirsiniz ki, halal zəhmətlə qazandığınız əmlak əlinizdən alınacağı təqdirdə dövlət sizi müdafiə etməyəcək? Bizdə Medvedevlə Putin liberal bazar siyasəti həyata keçirirlər. Kiminsə əlindən nə isə alaraq başqası ilə bölə biləcək Zyüqanovun isə hakimiyyətə gələcəyi hələ ki, real görünmür…
– Həyatda hər şey gözlənilməz və nisbidir… 1988-ci ildə düşünmək olardı ki, SSRI dağılacaq? Mümkün deyildi.

– Hesab edirsiniz ki, kommunistlər hakimiyyətə gələcək?
– Həyatda hər şey baş verə bilər. Bir zaman baş nazirin dəvəti ilə Minskə uçan zaman təyyarədə 8800 metr yüksəklikdə hermetikliyin pozulması baş verdi.

– Bu təyyarədə?
– Bunda deyil, bundan əvvəlki təyyarədə. Göyərtədə məndən başqa daha üç nəfər huşunu itirmişdi. Mən hamıya oksigen maskası geyindirirdim.

– Rusiya iqtisadiyyatı qorxuludur?
– Yox, qorxulu deyil. Həmin vaxt təyyarədə hər şey tez baş verirdi. Iqtisadiyyatda isə hər şey daha ləng və gözlənilən şəkildə cərəyan edir. Sən görürsən ki, bu xoşagəlməz hadisə baş verəcək. Demək istəyirsən, hətta deyirsən ki, uşaqlar, indi nə isə olacaq, ancaq onlar heç bir tədbir görmürlər.

– Siz Russkiy adasında nə qədər insanları əsarətdə saxlayırsınız…
– Siz həqiqətən belə düşünürsünüz, yoxsa bunu müsahibə xatirinə soruşursunuz?

– Necə istəyirsiniz, elə də fikirləşin.
– Siz deyirsiniz istismar edirəm, mən isə deyirəm ki, 10 min nəfər insanı işlə təmin etmişəm. Onların bu cür işi yox idi…

– Siz, varlılar, burjua bütün iqtisadiyyatı öz aranızda bölmüsünüz. Hökumət və prezident də sizə dəstək verir…
– Bircə saniyə. Şəxsən mənə heç kəs dəstək verməyib. Böhran vaxtı da, heç yerdə və heç vaxt. Bu bir… Ikincisi isə mən özəlləşdirmədə iştirak etməmişəm. Öz obyektlərimi sıfırdan qurmuşam. Bütün Krokusu bataqlığı təmizləyərək təmiz məkanda qurmuşam. “Veqas” da həmçinin. Mən heç kimdən heç nə istəməmişəm. Vladivostokda və eyni zamanda, Moskvada 10 min nəfəri işlə təmin etmişəm.

– Buna görə dövlət sizə dəstək verir?
– Mən hesab edirəm ki, dövlət mənə kifayət qədər dəstək vermir. Istənilən başqa ölkədə məni daha çox dəstəkləyərdilər.

– Sizin dövlətə hər hansı etirazınız var?
– Mənim heç kimə qarşı heç vaxt etirazım olmayıb.

– Ümumiyyətlə, dövlət biznesmenləri fərqləndirməlidirmi? Bəzi oliqarxlar ölkəni çapıb-talayaraq idman klubları, yaxtlar alırlar… Siz oliqarxsınız, yoxsa yox?
– Məni necə istəyirsiniz, elə də adlandırın. Dövlət əvvəla, özünü talamağa icazə verməməli idi. 90-cı illərdə baş verən özəlləşdirmə ilə razı deyiləm. Bir sahibkar kimi razı deyiləm. Bu sistem öz-özlüyündə unikal idi. Onu dağıtmaq yersiz idi. Elə özəlləşdirməyə də gərək yox idi. Bu heç bir nəticə vermədi.

– Siz özünüz ilkin addım kimi nəyi təklif edirsiniz?
– Ilk addım kimi gömrük rüsumu aşağı salınmalıdır. Bu hədd Kanada-ABŞ, Şimali Amerika səviyyəsində təsbit edilməlidir. Orada tarif 7, 6, 5-dir. Bizdə istehsal olunmayan məhsullara və istehsalat üçün vacib mallara gömrük rüsumu, ümumiyyətlə tətbiq edilməməlidir.

– Putin vaxtilə bizneslə dövlət arasında məsafə saxlanılmasının vacibliyindən danışmışdı. Digər tərəfdən isə, dövlət sizə belə bir layihəni reallaşdırmağı tapşırır. Bunu bir-birilə necə əlaqələndirmək olar?
– Sualın birinci hissəsi – biznes və dövlət arasında məsafə saxlanılması dedikdə, biznesin əlində olan hakimiyyətdən istifadə edərək öz maraqları naminə istifadə edilməsi nəzərdə tutulur. (“Mən daha heç vaxt göyərtəyə jurnalist götürməyəcəm”, – deyə Araz Ağalarov özü-özünə deyir). Prinsipcə, bütün dünyada obyektləri kommersiya strukturları həyata keçirir. Amerikadakı Boeing zavodunu misal çəkim. Dövlət heç bir şey tikmir, sadəcə təşkilatçılıq funksiyalarını yerinə yetirir. Istər dünya, istərsə də müasir Rusiya praktikası onu göstərir ki, kommersiya strukturu dövlət orqanından daha effektiv fəaliyyət göstərir.

– Sizi dövlətlə əlaqə qurmağa nə məcbur edir? Bir halda ki, dövlət sizi incidir? Mən eşitdiyimə görə, ötən il 72 yoxlama olub?
– Yox, bu, başqa obyektdə olub. Doğrusu, mən hesablamamışam, ancaq çox olub.

– Russkiy adasında işlər nə vaxtdan davam edir?
– Bu yaxınlarda 2.5 ili tamam olacaq.

– Müasir Rusiya tarixindən biz belə görmüşük ki, Rusiya kapitalizminin akulaları hər şeyi altlarına yığırlar…
– Elə düşünmək lazım deyil ki, biznesdə ancaq akulalar və mənsəbpərəstlərdir.