Iki icra başçısı Kəmaləddin Heydərovu saymadı

Alı Qocayevlə Nəsib Məhməliyev himayədarlarına güvənərək «fövqəlnazir»in tələblərinə məhəl qoymayıb

Fövqəladə Hallar Nazirliyi Bakının iki rayonunun icra hakimiyyətini məhkəməyə verib. FHN-in Tikintidə təhlükəsizliyə nəzarət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, məhkəməyə müraciət edilməsinin səbəbi icra hakimiyyəti orqanlarının burdakı yaşayış binalarında yol verilən qanunsuz layihə dəyişdirmə işlərinin qarşısını almamasıdır.
FHN ona edilən müraciətlər əsasında Bakının bir sıra rayonlarında əvvəllər tikilmiş binaların texniki vəziyyətini, onların təhlükəsizlik tələblərinə nə dərəcədə cavab verdiyini araşdırıb. Bu zaman bəzi binalarda ciddi pozuntular aşkarlanıb.
Belə hallar daha çox Bakının Xətai, Nəsimi, Yasamal və Binəqədi rayonlarında qeydə alınıb. FHN həmin rayonları icra hakimiyyətlərini bu pozuntuların aradan qaldırılmasına dəvət edib. Iki rayon pozuntuları aradan qaldırmadığına görə məhkəməyə verilib. Elxan Əsədov həmin rayonların adlarını çəkməyib.
“Azadlıq”ın araşdırması zamanı isə bəlli olub ki, həmin rayonlar Binəqədi və Nəsimi rayonlarıdır. Bu rayonların FHN-ni saymamasının səbəbi icra başçılarının himayədarlarının fövqəladə hallar nazir Kəmaləddin Heydərova qarşı olması ilə bağlıdır. Binəqədinin icra başçısı Alı Qocayevdir. O, parlamentin spikeri Oqtay Əsədovun qudasıdır. Oqtay Əsədovun isə Kəmaləddin Heydərovla münasibətləri bir o qədər yaxşı deyil. Bunun bir səbəbi onların baş nazirlik uğrunda savaşda rəqib olmalarıdır. Nəsiminin icra başçısı Nəsib Məhməliyev isə nəqliyyat naziri Ziya Məmmədova yaxın şəxsdir. Ziya Məmmədovla Kəmaləddin Heydərov əzəli rəqibdirlər və bu, artıq sirr deyil. Görünür, “fövqəlnazir” də icra başçılarının hansı səbəbdən ona saymazyana yanaşdıqlarını bildiyindən güzəştə getmək istəməyib.

Informasiya şöbəsi