Cəlilabadın rəis müavini 14 yaşlı Vasifə təzyiq göstərərək, onu yalan ifadə verməyə məcbur etməyə çalışıb
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov dekabrın 20-də Lənkəran Rayon Polis Şöbəsinin təcridxanasında AXCP Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmliyə baş çəkib.
Elçin Behbudov “Media forum” saytına açıqlamasında deyib ki, hüquq müdafiəçiləri və jurnalistlərdən ibarət qrup cənub regionuna səfərdədir. Onun sözlərinə görə, qrupun digər üzvlərinə Təzəxan Mirələmli ilə görüş icazəsi verilməyib: “Lənkəran Rayon Polis Şöbəsinin rəisindən xahiş etdim ki, qrupun digər üzvlərinə Təzəxan Mirələmli ilə görüş icazəsi versin. Amma icazə vermədi. İki köməkçimlə birlikdə Təzəxan Mirələmli ilə görüşdüm.
Təzəxan Mirələmli səhhətindən və saxlanma şəraitindən narazı deyil. Onu təkadamlıq kamerada saxlayırlar. Polisdən və saxlanma şəraitindən şikayəti olmadı. Dedi ki, oğlumun məhkəməsi qərəzli aparılır, verdiyi vəsatətlər təmin olunmur. Bildirdi ki, məhkəmə zamanı zərərçəkən şəxslər oğluna qarşı kobudluq ediblər”.
***
Hüquq müdafiəçiləri və jurnalistlərdən ibarət qrup AXCP Cəlilabad rayon təşkilatının rəhbəri Təzəxan Mirələmlinin və onun oğlunun həbs şəraiti ilə tanış olmaq üçün cənub regionuna səfər edib.
Təzəxan Mirələmli dekabrın 16-da Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbslə cəzalandırılıb. İttiham kimi dekabrın 15-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində oğlu Vasifin işi ilə bağlı prosesdə yaranan insident əsas götürülüb.
2010-cu ilin parlament seçkisində AXCP-Müsavat blokunun namizədi olmuş Təzəxan Mirələmli İctimai Palatanın 2 aprel mitinqində iştirakı zamanı işgəncələrlə üzləşib, ağır fiziki xəsarət alaraq xəstəxanada bir müddət müalicə alıb.
Təzəxan Mirələmlinin oğlu, 8-ci sinif şagirdi Vasif Mirələmov aprelin 5-də 10-cu sinif şagirdi Cavanşir Həsənlini qarın boşluğundan bıçaqlayıb. Qaraciyər nahiyəsindən xəsarət alan Cavanşir Həsənli həlak olub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Təzəxan Mirələmli hesab edir ki, oğlunu məktəbdə təhqir ediblər, atası mitinqdə iştirak etdiyinə görə aşağılayıblar. Təhqirlərdən bezən oğlu isə qətl törədib.
“Turan”ın məlumatına görə, nümayəndə heyətinin üzvləri qətldə ittiham edilən yeniyetmənin saxlandığı Cəlilabad Rayon Polis Şöbəsində olublar. Yalnız İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov Vasifin yanına buraxılıb.
“Turan”ın direktoru Mehman Əliyevin sözlərinə görə, görüşdən sonra Elçin Behbudov deyib ki, Vasif Mirələmov saxlanma şəraitindən və hər hansı təzyiqlərin olmasından şikayətlənməyib. Yeniyetmənin sözlərinə görə, həbs olunduqdan dərhal sonra Cəlilabad polisinin rəis müavini ona təzyiq göstərərək tələb edib ki, həmyaşıdını atasını təhqir etdiyinə görə bıçaqlamadığını etiraf etsin. Vasif Mirələmov təzyiq göstərilmədiyini yazılı şəkildə təsdiqləyib.
Nümayəndə heyətinə hüquq müdafiəçiləri Eynulla Fətullayev, Vüqar Qocayev, Fuad Həsənov, “Azadlıq” radiosunun, “Azadlıq” və “Bizim yol” qəzetlərinin, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun jurnalistləri daxildir.
Nümayəndə heyəti Təzəxan Mirələmli ilə görüşmək üçün Lənkərana gediblər.


