“Azərbaycan hakimiyyəti Əlibəyova və onun ailəsinin taleyilə üzləşən insanların mülkiyyət hüququna fərdi qaydada hörmətlə yanaşmasa, o zaman ”Eurovision” yarışmasının gətirdiyi uğurları qeyd etməkçün heç bir səbəb qalmayacaq”, – deyə BBC-nin Cənubi Qafqaz üzrə xüsusi reportyoru Danielen Makkuinz öz məqaləsinin sonunda yazıb.
Məncə, Danielen bəy, həddən artıq nikbinlik nümayiş etdirib. Indidən səbəb yoxdu, bəy, çünki Azərbaycanla bağlı heç nəyi şərt şəkilçilərinə bağlamaq olmaz. Azərbaycan hakimiyyəti kolazlığına salıb heç bir şərt tanımır, üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirmək haqda düşünmək belə, istəmir.
“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı da Azərbaycanda mülkiyyət hüquqlarının kobudcasına pozulduğunu açıqlayıb, baş verənlərlə bağlı Ilham Əliyevə müraciət ünvanlayıb. Lakin hələ də cavab almayıb. Almayacaq da. Ilham Əliyev Human Raytsız da hər şeydən xəbərdardı. Məsləhət bilsə, elə bəri başdan kimsənin evini başına uçurmazdı. Demək, belə lazımdı. Daha doğrusu, belə lazım deyil, belə olmalıdı. Çünki söyləmişdik, istənilən gözəllik bu ölkədə, bu ölkəni yönəldən rejimin sehrli çubuğu sayəsində ən iyrənc bir şeyə çevrilir. Insanlara fərəh, sevinc, yaşam dolu hisslər gətirəcək bir şey burada həyatı zəhərə çevirir, göz yaşlarını selə. Bu gözəllik sevinc əvəzinə qəm-qüsə, yaşam əvəzinə matəm gətirir. Qışın oğlan çağında insanlara əşyalarını belə toplamadan, boğazlarına bıçaq söykəyərək, zopaya sarıyaraq evlərindən çıxmağı əmr etməklə istənilən gözəlliyi murdarlığa çevirirlər. Artıq dünya mediası bu haqda yazır, Azərbaycana gözəlliyi seyr eləmək üçün gələcək insanları məlumatlandırır. Görəsən, Avropa adamı fərqindədirmi bunun? Ki, onların seyrinə gələcəyi gözəllik hansı ah-nalənin üzərində başa gəlir? O tədbirin keçiriləcəyi möhtəşəm binanın özülü qarğışlarla atılır. Qələbəni Azərbaycana gətirən ikili, onu bu ölkəyə verməkdə yalnız yaxşı niyyətlər güdən avropalılar, dünya vətəndaşları bu ölkənin insanına nə boyda sitəm etdiklərini bilirlərmi, görəsən? Sanki bu qələbəylə Tanrı da bir daha Azərbaycanı sınağa çəkdi. Məgər insanın mülkiyyət hüququnun yox, varlıq kimi özünün bir heç sayıldığı ölkəyə bu cür qələbə nə qədər gərəkdir? Məgər bu ölkə, bu xalq, bu əhali bu qədərmi dünyanın nifrətini qazanıb ki, onu bu cür məşəqqətlərə layiq biliblər…
Bilmirəm. Ancaq Lənkəranda baş verən qanlı olaydan yazılan reportajı oxuyanda bu sualıma kiçik də olsa bir cavab tapdım. Dilarə Eyvazova adlı 20 uşaq anası olan bir xanım nənə bunları söyləyir: “Uşaqlarımızı dəryada toka verib tutdular. 71 yaşım var, müharibədə belə şey görmədim. Uşaqlarımız xəstəxanadadırlar. Heydər baba sağ olsaydı, bizə zülm etməzdilər”. Məncə, şərhə ehtiyac yoxdu. Adamın yadına “26-lar” poeması düşür: “O, xəbər tutsaydı…”. Söhbət Piter fəhləsindən gedir. Azərbaycanın neftinə susamış, Azərbaycanı işğal eləmiş, özgürlüyünü əlindən almış Piter fəhləsi. Əzrayıl – Piter fəhləsi xəbər tutsaymış, bir dənə ölüm olmazmış. Nə qədər pafoslu səslənsə də, adamın içindən “Ah, mənim zavallı xalqım! Sən nə zaman ”qanlı bazar günlərindən” baş açacaqsan?”- deyə ulamaq gəlir.
Və ötən qansız bazar günü hansısa qotur qış bulvarı üçün evi qışın günündə başına uçurulan, haqlarını tələb etdiklərinə görə həbs edilən Abbaslılar ailəsi. Həbsdə yatan gənc demokrat Tural Abbaslının ailəsi – anası, qardaşları…
Bir nəfər dostu Turala xitabən Fb-də yazıb: “Salam, Tural. Qardaşım, bağışla, bu gün evinizi sökdülər, heç nə edə bilmədim. Bağışla, bağışla…”. Bütün Azərbaycanın deməli olduğu sözü təkbaşına ulamaq nə qədər acıdır, qardaşım!