İcbari sığorta bazarında yeni qaydalar

Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov media nümayəndələrini yeni qaydalarla tanış edib

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov dünən Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib.
O, Milli Məclisin bu il iyulun 24-də qəbul etdiyi “Icbari sığortalar haqqında” qanun barədə geniş məlumat verib: “Bu qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləyir. Yeni qanun qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyənləşdirir”.
Icbari sığorta növlərinin əvvəllər də mövcud olduğunu deyən N.Xəlilov hazırkı qanunun hər bir icbari sığorta növünün ümumi prinsip və standartlar əsasında həyata keçirilməsini, vahid yanaşmalara və terminlərə əsaslanmasını, onların mövcud bazar reallıqlarına və inkişaf etmiş beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını təmin etmək, nəticədə ölkə əhalisinin sosial təhlükəsizliyinə daha əhatəli təminat yaratmaq məqsədilə qəbul olunduğunu söyləyib.
“Qanun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində bir sıra mühüm dəyişiklikləri özündə əks etdirir. Əvvəlki qanunda həyat və sağlamlığa dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 5 000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 1ÿ000 və əmlaka dəymiş zərər üzrə sığorta məbləği də 1ÿ000 manat idi. Ümumilikdə, bir sığorta şəhadətnaməsi üzrə sığorta məbləği cəmi 6 000 manat idi. Yeni qanuna əsasən isə bu məbləğlər həyat və sağlamlığa dəyən zərər üzrə, müvafiq olaraq, 50 000 manat və 5ÿ000  manat, əmlaka dəyən zərərə görə də 5 000 manatdır.  Beləliklə, bir sığorta şəhadətnaməsi üzrə maksimal sığorta  məbləği 55 000 manat təşkil edir. Bu, əvvəlki müqayisədə 9 dəfə çoxdur”.
Onun sözlərinə görə, başqa ölkələrlə müqayisədə də bu məbləğlər artıb. Sürücülərə daha böyük məbləğdə təminat verdiyindən sığortanın qiyməti də əvvəlkindən fərqlidir. Hazırkı sığorta haqqının baza məbləği 50 manat müəyyən edilib və mühərriki 1500 sm3 olan minik avtomobillərinə tətbiq olunur. Avtomobilin mühərrikinin həcmi artdıqca, baza sığorta məbləğlərinə 1,5-dən 5-dək əmsal tətbiq olunur. Avtobuslara münasibətdə əmsal sərnişin yerlərinə görə, yük avtomobillərinə münasibətdə isə onların icazə verilən maksimum kütləsinə görə dəyişir.
“Yeni qanuna görə, növbəti sığorta müqaviləsi bağlayan şəxslərin ödəməli olacaqları sığorta məbləğlərinə onların ”qəza tarixçələri” də təsir göstərəcək. Bu cür sistem “bonus-malus” sistemi adlanır və latın dilində “yaxşı-pis” deməkdir. Sistem ondan ibarətdir ki, yaxşı, yəni qəza törətməyən sürücülərin ödədiyi sığorta haqları hər il azaldılır, ilboyu qəza törədən və ödəniş alan digər sürücülərin ödədiyi sığorta haqqı isə artırılır”.
Qanuna görə, sığorta ödənişindən imtina etmək üçün heç bir hal nəzərdə tutulmayıb. Zərərçəkənlər hər bir halda zərərin əvəzini alacaqlar: “Əvvəlkindən fərqli olaraq, yeni qanunda bəzi hallarda DYP-dən verilən müvafiq arayış olmadan da sığorta ödənişi nəzərdə tutulur. Bu, qəza iştirakçılarının sayı 2 olduqda, hadisə nəticəsində sağlamlığa heç bir zərər dəymədikdə, hər iki tərəfin sığortası olduqda, tərəflər təqsirin kimdə olmasına dair həmfikir olduqda, ziyanın məbləği 1 000 AZN-dən çox olmadıqda mümkündür”.
Tədbirdə bildirildi ki, icbari sığorta şəhadətnaməsi sürücülük vəsiqəsi, texniki pasport və etibarnamə kimi daim sürücünün üstündə olmalıdır. “Yol hərəkəti haqqında” Qanuna əsasən, sığortanın olmaması sürücünü avtomobili idarə etmək hüququndan məhrum edir.
Qanundakı başqa bir yenilik daşınmaz əmlakın icbari sığortası ilə bağlıdır. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya başqa hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əvvəllər qüvvədə olmuş “Yanğından icbari sığorta haqqında” qanunda da əmlakın sığortası icbari idi, lakin sığortalanan risklər yanğınla məhdudlaşırdı. Yeni qanunda sığortalanan risklərin siyahısı genişləndirilib. Indi əmlakın icbari sığortasına fiziki şəxslərin mənzilləri, yaşayış evləri də daxildir. Bakı şəhəri üçün minimum sığorta məbləği 25 000 manat, Gəncə, Sumqayıt, Naxçıvan şəhərləri üçün 20 000 manat, digər yerlər üçün 15 000 manat müəyyənləşdirilib. Sığorta haqqı isə, müvafiq olaraq, 50 manat, 40 manat, 30 manatdır. Ünvanlı sosial yardım alan şəxslərin əmlakının icbari sığortası üzrə sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək.
Daha sonra bildirildi ki, sərnişinlərin icbari fərdi qəza sığortası beynəlxalq və şəhərlərarası sərnişin daşımaları xidməti göstərən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatına və sağlamlığına sığorta hadisəsi nəticəsində zərər dəyməsinə görə sığorta ödənişinin verilməsini nəzərdə tutur.
Sığorta növləri icbari olduğundan Inzibati Xətalar Məcəlləsində müvafiq riskləri icbari qaydada sığorta etdirməyən şəxslərin cərimələnməsi nəzərdə tutulur. Sığorta müqaviləsi bağlamamasına görə fiziki şəxslər 10 manat, vəzifəli şəxslər 60 manatdan 80 manatadək, hüquqi şəxslər 150 manatdan 200 manatadək cərimə ediləcək.
Sonda Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov jurnalistlərin suallarını cavablandırıb.

Fizzə