2012-ci il hakimiyyətin evini yıxmaq ili elan olunsun!

2011-ci ili sanki iqtidar kimsəyə açıqlamadan “evyıxma” ili elan edib. Bir illik planı da həyata keçirmək üçün bütün “qabiliyyət” və bacarığını göstərdi. Ildə iki dəfə təmir olunan parklar, küçələrin dağıdılması bəs deyilmiş kimi, bu il Bakı və ətrafı söküntüdən bağrı yarılmış hala gətirildi. Elə bil ev yıxmadan yaşaya bilmədiyini sübuta yetirmək üçün iqtidar hansı gözəgörünməzləsə yarışa girmiş. Əməldəki şərin miqyasına görə bu gözəgörünməzin kimliyini təsbit etmək də olar, amma görünən kəndə bələdçi lazım olmadığını bildiyimizdən bunun üzərində çox durmayaq.

Insanın daxili baryeri, özünə nəzarəti olmasa o, heç şübhəsiz, yolunu azar, azğınlaşar. Bu, fərdə, xalqlara  aiddir. Elə iqtidarlara da…
Azərbaycanda illərdir kürsü zərb etmək üzrə “çempiona” çevrilən YAP-ın əslində özünə nəzarəti heç vaxt olmayıb. Indi də hər şey bu nəzarətsizliyə tabe olduğundan qarşısıalınmaz zalımlıqlar daha qabarıq şəkildə özünü göstərir. Son dövrsə binaları, parkları dağıdıb sökmək şakəri peyda olub və bu, “zühur etmiş” zalımlıq iqtidarın hansısa məmurunun simasında küçə-küçə kabus kimi dolaşır. Kimin evini istəsələr söküb sakinlərini də yayın istisində, qışın soyuğunda çölə tökməkdən çəkinmirlər.
Əslində son dövrlər baş verənlər, az qala hər gün rast gəldiyimiz “evyıxma” əməliyyatları təkcə iqtidar ola bilmək, ədalətsizlik etmək məsələsi deyil, bu, artıq insanlıq məsələsidir. Bu şəkildə ev dağıtmaq adi insanlıqdan məhrum olmaqdır…
Çox maraqlıdır, görəsən axrıncı dəfə hansı Azərbaycan məmurunun ürəyindən “insanlıq”, “mənəviyyat”, “xalq”, “haqq” sözləri keçib?! Zənnimcə, belə bir örnək yoxdur. Insanlara obraz kimi, yazar təxəyyülü ilə yanaşmağa çalışsam da, belə bir obrazı hakimiyyət nümayəndələri içərisindən tapmaq olmaz. Bundan əminəm, çünki adamın içində insanlıqdan bir damcı qalmış olsa belə bütün olanlara susa, laqeyd qalıb özünü toxdada bilməz.
Keçən gecə daha bir ev, Tural Abbaslının anasının evi söküldü… Insanilik o yan qalsın, qanun gözlənilmədən gecənin bir aləmində qaranlıqda özünü yaxşı hiss edən bayquş kimi insanların evinin üstünə oturub xarabaya çevirib sonra da Heydər Əliyevin xalq tərəfindən dəstəklənən siyasətindən danışmaq adamın qanını dondurur. Bu arxayınlıq, özünə vurğunluq, əlçatmazlıq və fironluq iddası hardandır bunlarda!?
Təbii, həmişə bu suala gəlib çatanda alınan cavab eyni olur. Bu xalqın səbr adlandırdığı, mahiyyətdəsə adı “cəsarətsizlik olan qorxusundan”.
Evyıxanaların evi abad olmur. Bu, min illərin sınağıdır…
Qoy, hamının evini başına yıxsınlar, qoy dağıtsınlar!
Bütün zalımlıq və ədalətsizlik potensialını qoy iqtidar üzə çıxarsın. Qoy, özlərini firon hesab edib bir ölkənin altını üstünə çevirsinlər…
2011-ci ili “evyıxma ili” elan edənlərin hakimiyyətinin də yıxılacağı olacaq əlbət… Hər şey bir gün yarandığı kimi də yox olur. Sabah bu gün “bəyənməyənə” yol göstərən Əli Həsənovdan tutmuş, jurnalist şərləyib həbs etdirən Gülər Əhmədovaya qədər hamı bu yox oluşun tərkibindən özünü ayırıb bir kənara qoya bilməyəcək.
Qoy bu iqtidar içində bir damcı insanlıq qalmadığını tam sübuta yetirsin ki, indi zülmlə tikdikləri başlarına yıxılanda kimsə “bəlkə” sualı ilə özünü qınayıb nələrdəsə haqsız ola biləcəyi haqda düşünməsin.
2012-ci ilə az qalır. Madam ki, iqtidar az sonra geridə qalan ili “evyıxma ili” elan etmişdi, onun “müdrik siyasətindən” öyrənərək bəlkə hakimiyyətdən razı olmayanlar, yəni 9 milyonluq xalq da 2012-ci ili hakimiyyətin evini yıxmaq ili elan etsin?!
Necə deyərlər, borclu borclunun sağlığın istər…