“Rusiya Putinsiz qurulacaq”

«The Washington Post»: «Putin rejimi gələn ilin martında keçiriləcək seçkilərə qədər və ya sonra süquta uğrayacaq»

“The Washington Post” qəzetində Rusiyada baş verən hadisələrlə bağlı maraqlı məqalə dərc olunub. Maşa Hessenin qələmə aldığı məqalədə deyilir ki, Putinin etirazlar qarşısında dirəniş göstərməsi mənasızdır: “Mən və milyonlarla rusiyalı Putin rejiminin gələn ilin martında keçiriləcək seçkilərə qədər və ya ondan sonra süquta uğrayacağını düşünürük”.
Müəllif Putindən sonra hakimiyyətə gələcək qüvvələrin ölkədə tüğyan edən korrupsiyaya qarşı savaşacağını yazıb. Hessen Putin rejiminin yüzlərlə qurbanının ədalətsiz məhkəmə qərarıyla həbsxanalara salındığını xatırladıb: “Putin hakimiyyətdən gedən kimi Xodorkovski dərhal azadlığa buraxılacaq. Xodorkovskinin nüfuzu imkan verir ki, o, həbsdən sonra ciddi siyasi fiqura çevrilsin. Putinsiz Rusiyada minlərlə insan həbsdən azad olunacaq. Bir o qədər adam da mühacirətdən doğma vətəninə geri dönəcək”.
Hessen daha sonra yazır ki, SSRI-nin süqutundan 20 il ötsə də, Putinin hakimiyyəti illərində keçmiş DTK (KQB) əməkdaşları və sovet məmurları dövlət strukturlarına yerləşdirildi. Ölkədə korrupsiyanın səviyyəsi rekord həddə çatdı. Qanunsuzluq və sifarişli məhkəmə faktları kifayət qədərdir. Insan haqları və söz azadlığı yox dərəcəsindədir. Lakin bir neçə gün öncə başlanan etiraz dalğası Rusiyada köklü dəyişikliklərin baş verəcəyinin siqnalıdır.