Janaozen etirazları qonşu şəhərlərə sıçradı
Qazaxıstanın Janaozen şəhərində maaşlarının artırılması tələbiylə etiraz aksiyası keçirən neftçilərlə təhlükəsizlik qüvvələri arasında yaranmış qarşıdurmadan sonra ölkədə gərgin vəziyyət yaranıb. Hökumət bütün imkanlarını bölgədə etirazların qarşısını almağa və hadisələrin yaxın şəhərlərə yayılmasını önləməyə çalışır. Janaozen şəhərində fövqəladə vəziyyət elan olunub. Bölgədə telefon əlaqəsi kəsilib. Şəhərə media nümayəndələri buraxılmır. Sosial şəbəkələrdən istifadə məhdudlaşdırılıb.
Şəhərdə fövqəladə vəziyyət elan olunmasına baxmayaraq, Manqistau vilayətinin Aktau şəhərində ötən gün yenidən aksiya keçirilib. Intımak meydanına 3 mindən çox adam toplaşıb. Qeydiyyatdan keçməmiş “Alqa” müxalifət partiyasının lideri Vladimir Kozlov “Milli Cəbhə” hərəkatının fəalları ilə birlikdə dekabrın 16-da kütləvi iğtişaşların qeydə alındığı Janaozen şəhərinə yürüş etmək niyyətini açıqlayıb. Ancaq polis əməkdaşları onların bu istəyinə qadağa qoyub. OMON dəstələri döyüşə hazır vəziyyətə gətirilib.
Müxalifət lideri Vladimir Kozlovun sözlərinə görə, Manqistau neftçiləri çətin vəziyyətə düşüblər, onlar keyfiyyətli hüquqi yardım ala bilmirlər, çünki rəhbərliyin hədə-qorxu gəldiyi vəkillər öz vəzifə borclarını yerinə yetirməkdən imtina edirlər. Tətil edən fəhlələrin qohumlarına qarşı kütləvi təzyiq göstərildiyi, onlara hədə-qorxu gəlmək üçün pulla cinayətkarların tutulduğu, rəhbərlik və neft şirkətlərinin sahiblərinin isə danışıqlar masası arxasına keçmək cəhdi göstərmədiyi bildirilir.
Bu arada dekabrın 16-da Janaozen şəhərində yaranmış qarşıdurma nəticəsində ölənlərin sayının artaraq 14-ə çatdığı haqda xəbərlər yayılıb. Ölənlərdən birinin qadın olduğu deyilir. Qarşıdurma nəticəsində yaralananlar arasında Qazaxıstanın tanınmış blogerlərindən biri Murat Tunqişbayev də var. Onu yerli hüquq-mühafizə orqanının əməkdaşları döyüb. Blogerin döyülməsinə səbəb onun etirazçılarla polislər arasında yaranmış qarşıdurmanı lentə alması olub.
Dekabrın 17-də isə Qazaxıstanın qərbindəki Şetpe dəmiryol vağzalında 100-ə yaxın şəxs dəmiryoluna çıxaraq qatarların hərəkətini dayandırmağa çalışıb. Onlar Janaozen şəhərində baş verənlərə etirazlarını bildiriblər. Polislər kütləni dağıtmağa çalışıb. Etirazçıların dirənişi ilə üzləşən təhlükəsizlik qüvvələri odlu silahdan atəş açıb. Aksiya iştirakçıları Janaozen hadisələrinə görə hökumətin ünvanına sərt şüarlar səsləndiriblər. Polislərin açdığı atəş nəticəsində 1 nəfər həlak olub, 12 nəfər isə güllə yarası alıb.
Informasiya şöbəsi


