
Qəzənfər Ağayev aksiyanın qarşısını almağa çalışsa da, məqsədinə nail ola bilmədi
Masallının bir qrup sakini aclıq aksiyasına başlayıb. Bu barədə “Azadlıq”a Masallı Ziyalılar Birliyinin sədri Məmmədağa Eynullayev məlumat verib. Onun sözlərinə görə, Aksiya “Hər evdə aclıq keçirək” şüarı ilə dekabrın 18-də saat 15:00-da başlanıb:
“Hazırda rayonun 7-8 kəndində 20-yə yaxın sakin aksiya keçirir və aksiya iştirakçılarının sayının artması gözlənilir. Rayonun hüquq-mühafizə orqanları aksiyanın qarşısını almaq üçün iştirakçılara təzyiqlərə başlayıb. Şəxsən məndən tələb edilib ki, rayon polis şöbəsinə gəlim. Bundan başqa, aksiyaçılardan biri – Hikmət Babayev polis şöbəsinə aparılıb. Onu rəis müavini Əlifağa Kazımov aparıb. Hikmət Babayevə ciddi təzyiqlər olunub. Ondan aksiya ilə bağlı video və foto materiallar tələb edilib. Icra başçısı şəxsən tapşırıb ki, aksiyanın qarşısı alınsın. Lakin bütün bunlara baxmayaraq, aksiya davam edir”.
Məmmədağa Eynullayev deyib ki, aksiyanın keçirilməsinə səbəb rayonda məmur özbaşınalığının bütün hədləri aşması, icra başçısı Qəzənfər Ağayevin az qala rayonu “özəlləşdirməsi”, əsassız həbslər, yerli sahibkarların mülkiyyətlərinin əllərindən alınması, rayondakı özbaşınalıqlarla bağlı rayon ictimaiyyətinin şikayətlərinə ölkənin mərkəzi rəsmi qurumlarının laqeyd yanaşmasıdır.


