Şimali Koreya diktatoru öldü (VİDEO)

Kim Çen Ir 70 yaşında dünyasını dəyişdi

Dünyanın ən qapalı rejimlərindən biri Şimali Koreyanın 70 yaşlı diktatoru Kim Çen Ir ötən gün səhər saatlarında vəfat edib. Diktatorun ölüm səbəbi kimi ürək çatışmazlığı göstərilsə də, digər mənbələr Kim Çen Irin mədəaltı vəz xərçəngindən dünyasını dəyişdiyini istisna etmir.
Kim Çen Ir Koreya Xalq Demokratik Respublikasının başına 1994-cü ildə, atası Kim Ir Senin ölümündən sonra gəlib. O, nüvə silahı əldə etmək iddiasına görə beynəlxalq ictimaiyyətin əsas qınaq obyekti olub. 17 illik hakimiyyəti dövründə ölkənin regional, eləcə də aparıcı dünya ölkələri ilə münasibətləri pisləşib. Şimali Koreya telekanalı artıq Kim Çen Irin oğlu Kim Şon Irin hakimiyyətə gətirilməsi istiqamətində hazırlıq işləri həyata keçirildiyini bildirib.
Diktatorun qəfil ölümü xəbəri Asiya-Sakit Okean regionu birjalarında səhmlərin qiymətlərində kəskin dəyişməyə səbəb olub. Fond birjalarının indeksləri böyük faizlərlə aşağı düşüb. Cənubi Koreyanın KOSPI indeksi ali rəhbərin ölüm xəbərindən sonra nə az, nə çox 4.87 faiz enib. Şanxay Fond birjasında EsEsI Kompozit, eyni zamanda Hong Konqun “Hənq Senq” və Yaponiyanın “Nikkey” və “Topiks” indekslərində də nəzərəçarpacaq enmələr qeydə alınıb.
Kim Çen Ir dünyada hakimiyyətə varislik yolu ilə gəlmiş yeganə Kommunist lideri idi. O, insan haqlarının pozulmasına, nüvə proqramı və uzaq-radiuslu raket sınaqları ilə regionda sabitliyə təhlükə törətməsinə görə tənqid edilirdi. Nüvə şantajı ilə Qərblə münaqişələrə girirdi. 1994-cü ildə atası Kim Ir Senin varisi kimi hakimiyyətə gələn Kim Çen Ir ictimaiyyətə az tanış idi, insanlar arasında az görünürdü. Cənubi Koreya kütləvi informasiya vasitələrində Kim Çen Ir şərab və qadın düşkünü kimi qələmə verilirdi. Şimali Koreyada isə şəxsiyyətə pərəstiş şəraiti çərçivəsində o, qəhrəman reputasiyasına sahib idi. Məktəblərdə şagirdlər Kim Çen Irin həyatı haqqında nəğmələr oxuyardılar.
Ömrünün son günlərinədək Kim Çen Ir atasının qoyub getdiyi çuçxa ideyalarına, yəni qədim Koreya fəlsəfəsinə əsaslanan marksizm-leninizm postulatlarının transformasiyası konsepsiyalarına sadiq qalıb. Onun dünya ictimaiyyətinin tənqidlərinə məhəl qoymayaraq, öz ölkəsinin nüvə proqramını inkişaf etdirməsi Şimali Koreyanın bütün dünyadan təcrid olunmasına gətirib çıxardı.