Hökumət Nərimanabad-2-də «insan ovuna» çıxıb
Daha 5 balıqçı həbs olunacaq; fəalların siyahısı tərtib olunub
Əslən Cənub bölgəsindən olan bir qrup ziyalı “Cənub Naminə Komitə” yaradıb. Onlar son günlər medianın gündəmini zəbt edən Lənkəran rayonun Nərimanabad-2 qəsəbəsinə səfər ediblər. Jurnalistlərin də iştirak etdiyi səfərdə maraqlı məqamlar oldu.
Həbs edilən 4 nəfər azad olunsun
Lənkərana çatanda saat 13 olardı. Nərimanabad-2-nin girəcəyində bir gün əvvəl qurulan postdan əsər-əlamət yox idi. Bizi taksi ilə qəsəbəyə aparan sürücünün sözlərinə görə, dekabrın 18-də səhər saatlarında komendant saatı ləğv edilib, ağır tonnajlı texnikanın kəndin yollarına vurduğu ziyanı aradan qaldırmaq üçün asfalta əl gəzdirməli olublar.
Yalnız bir post-patrul maşını girişdə gözə dəyirdi. O da bizim gəlişimizdən xəbər tutan kimi telefonla aidiyyəti adamlara məlumatı verdi. Biz orada olanda kəndin yaşlı sakinləri icra hakimiyyətinə dəvət edilmişdi. Qəsəbənin mərkəzində yerləşən məscidin ətrafında az sayda insan gözə dəyir. Ağsaqqallara gəlişimizin məqsədini açıqlayırıq. Bir anın içində bütün kənd bizimlə görüşə gəlir. Kameraları görən qəsəbə sakinləri bu dəfə də ANS-dən gəldiyimizi zənn edib az qalır ki, bizi daş-qalaq etsinlər. Özümüzlə gətirdiyimiz qəzetləri onlara göstəririk. Baxıb gözlərini döyürlər. Sənəti balıqçılıq olan bu adamlar sən demə, oxumaq bilmirmiş. Məcbur qalıb qəzetləri kəndin axunduna aparırlar. Yalnız axund oxuduqdan, bizim hadisələri təfərrüatı ilə yazdığımızı, heç nəyi təhrif etmədiyimizi deyəndən sonra camaat sakitləşir. Rahat nəfəs alan sakinlər bizə müsahibə verməyə razılaşırlar. “Bizi qınamayın, nə edək? O gün ANS gəldi, dediklərimizi efirə vermədi. Əvəzində bütün ölkəyə bizim narkotik alverçisi olduğumuzu söylədilər. Guya həbs olunanlar narkotik alverçisidirlər. Bu məlumatı haradan əldə ediblər? Indiyə qədər bu qəsəbədə bircə nəfər də olsun narkotik satışı ilə məşğul olmayıb. Yalandan şayiə yayırlar ki, kəndin sakinləri Iran sərhədlərini keçib dənizlə narkotik gətirirlər. Halbuki hər gün dənizə çıxan balıqçının benzini yoxlanılır. 20 litrdən artıq götürmək mümkün deyil. Bizə icazə verilən sərhəd də 2 mildir. Bu icazə ilə Iran sərhədinə çatmaq olmaz. Bizim tələbimiz həbs olunan dörd nəfərin azadlığa buraxılması və balıqçılıqla məşğul olmağımız üçün şəraitin yaradılmasıdır”.
“Onları sərhəd yox, pul maraqlandırır”
“Indi hamı icra başçısının qəbulundadır. Vəd olunub ki, həbs olunanlar azadlığa çıxacaq. Onların yolunu gözləyirik. Bir azdan gələcəklər, qonaq ola bilərsiniz, ancaq sizin qarşınıza çıxmağa heç bir imkanımız yoxdur. Nə çörəyimiz var, nə də çayımız” – deyir, qəsəbə sakinləri. Onlar bildirirlər ki, dekabrın 15-də Xocalı soyqırımını onlara “bəxş” edən Daxili Qoşunlar və Sərhəd Qoşunları heç bir plan üzrə hərəkət etməyib: “Kimi gəldi tutdular. Kəndin bərbərini, çayçısını, evində uşağıyla oynayanı belə, qanına qəltan etdilər. Hətta kimsə hansısa xətaya yol veribsə, onu qanun çərçivəsində cəzalandırsınlar, daha bütün kəndə toy tutmasınlar”.
Cənub əhlinin tələbi budur ki, qəsəbəyə Daxili Qoşun bölmələri yeridən, rezin güllələrdən, elektroşokdan, gözyaşardıcı qazdan istifadə edənlər cəzalandırılsın: “Balıq ovuna qoyulan məhdudiyyət səbəbsiz deyil. Camaatdan rüşvət tələb edilir. Balıqçılardan ayda 200 manat istəyirlər. Su polisini, Sərhəd Qoşunlarını sərhəd yox, bizdən alacağı pul maraqlandırır. Qəsəbədə 500-dən çox balıqçı qayığı var. Qayığın motoru xarab olanda ehtiyat hissələrini almağa belə, gücümüz çatmır”.
“Burada vəziyyət dözülməzdir. Sərhəd Qoşunları yerli polislə birlikdə əhaliyə qan uddurur. Rezin güllələrdən yara alanların sayı-hesabı yoxdur. Hökumət nümayəndələri balıqçılıqla məşğul olan sakinləri şərləyir. Illərdən bəri balıqçılıqla məşğul olan insanları dənizə buraxmaq istəməyən monopolist məmurlar camaatın gözünü qorxutmaq üçün onlara silah tuşlayır. Indi də öz çirkin əməllərini ört-basdır etmək üçün müxtəlif bəhanələr uydurur və hədə-qorxu gəlirlər. Biz Azadlıq istəyirik. Bu, bizim haqqımızdır” – deyə, qəsəbə sakinləri söyləyir.
Həbs dalğası davam edəcək
Kənddə toqquşma zamanı zirehli avtomobilin altında qalan Rahil Vəliyevin evinə gedirik. Rahil Vəliyev hadisənin necə baş verdiyini desə də hiss olunur ki, ona müəyyən təzyiqlər var. Belə ki, ailəsi onun zorla xəstəxanadan çıxarıldığını deyir, ancaq bir ayağı gipsdə, o biri ayağı isə şiş halda yataqda uzanan sakin bunu inkar edir. Bildirir ki, öz xoşu ilə xəstəxanadan çıxıb: “Pulumuz olmadığı üçün orada qalmadım”. Vəliyevlər ailəsi isə deyir ki, xəstəxanada onlarla maraqlanan olmayıb: “Həkimlər bizi atıb getdi. 200 manat istədilər, pulu verməyə imkanımız olmadı, evə gətirdik”.
Yenidən kəndin mərkəzinə qayıdırıq. Sakinlər deyirlər ki, həbslər davam edəcək: “Bizə xəbər göndəriblər ki, 5 nəfər də həbs olunacaq. Camaat övladını bayıra buraxmır. Kimlər ki, fəaldır, onları tutacaqlar. Sərhəd Qoşunları bizdən əl çəkən deyil. Həbs dalğası davam edəcək”.
***
Görüşə gedən sakinlər icra başçısının qəbulundan qayıdırlar. Bütün kənd onları dövrəyə alır. Onlar danışmaq istəmirlər: “Tutulan 4 nəfəri buraxmayacaqlar. Onlar əlli-ayaqlı getdilər. Allah bu işi başımıza gətirənlərə ölüm versin”.
Camaatı sarsıdan bu xəbərin təsiri altında qəsəbəni tərk edirik…
Ramin DEKO,
Bakı-Lənkəran- Nərimanabad-Bakı


