Rövnəq Abdullayev Putinin düşməni ilə biznes qurub

ARDNŞ prezidenti Mixail Qutseriyevlə Mozırsk Neftayırma Zavodunda şərikdir

Putinin qəzəbinə gəlib Rusiyanı tərk etmək məcburiyyətində qalan inquş əsilli rusiyalı neft milyarderi Mixail Qutseriyev ARDNŞ-lə Belarusda ortaqlığa başlayıb. Bu barədə “Yeni Müsavat” qəzeti Belarus KIV-inə istinadən məlumat yayıb. Məlumatda deyilir ki, Qutseriyevin şirkəti “Slavneftxim” Belarusun Mozırsk Neftayırma Zavodunda emal prosesini bərpa edib və hazır neft məhsullarını ixrac etməyə başlayıb.
ARDNŞ bu ildən başlayaraq Belarusun Mozırsk Neftayırma Zavoduna xam neft nəql edir. Eyni zamanda neft şirkəti bu zavodun səhmlərini almağa maraq göstərir. Məlumatlara görə, Qutseriyevin “Rusneft” şirkətinin tərkibinə daxil olan “Slavneftxim” zavodda emal edilən soba yanacağını dekabr ayından başlayaraq xarici alıcılara təklif edir. Bildirilir ki, “Rusneft” özü də zavoda Rusiyadan neft nəql edir. Zavodda Azərbaycan nefti Rusiya nefti ilə qarışdırılaraq emal olunur.
Ancaq Rusiya da Mozırsk Neftayırma Zavodunu almağa çalışır və “Rusneft” dövlət şirkəti zavoda müştəri düşüb. Istisna deyil ki, ARDNŞ-lə Qutseriyevin şirkəti zavoda nəzarəti birgə ələ almağa çalışacaqlar. Hazırda zavodun səhmlərinin 42.6 faizi Qutseriyevə məxsus “Slavneft”ə, 42.7 faizi isə Belarus dövlətinə məxsusdur. Qalan aktivlər isə digər səhmdarlara aiddir. Azərbaycan Mozırsk zavoduna ildə 3-5 milyon ton xam neft nəql etməyə hazırdır. Dekabrın 15-də isə ARDNŞ-in tərkibinə daxil olan “Azərkimya” istehsalat birliyinin rəhbəri Muxtar Babayev Mozırsk Neftayırma Zavodunda olub. O deyib ki, Azərbaycan zavodun iş təcrübəsini və texnologiyasını öyrənir.
Belarus mətbuatı yazır ki, 2007-ci ildə Rusiyadan qaçmağa məcbur olanda o, məhz Belarusdakı dostlarının köməyindən istifadə etmişdi. Qutseriyev Minskdən özəl təyyarə ilə Londona uçmuşdu və daha sonra oğlu Moskvada müəmmalı şəkildə həlak olanda onunla vidalaşmaq üçün Bakıya gəlmişdi. O, Bakıda bir müddət yüksək səviyyədə himayə olunub, Rusiya mətbuatı onun Bakı ətrafında general Bəylər Əyyubovun adamları tərəfindən yüksək səviyyədə qorunduğunu yazıb.
Lakin “Azadlıq”ın əldə etdiyi məlumatlara görə, Qutseriyevi Bakıda qoruyan Bəylər Əyyubov yox, iş adamı Isgəndərov Xəlilov olub. Məhz Isgəndər Xəlilovun dəstəyi nəticəsində Qutseriyev bir müddət Bakıda təhlükəsiz şəraitdə qala bilib.