Son 1 ayda Rusiyadan 10 milyard pul çıxarılıb
Bu ilin 11 ayında Rusiyadan kapital axını 74 mlrd. dollar təşkil edib. Rusiya Mərkəzi Bankının sədrinin birinci müavini Aleksey Ulyukaev bildirib ki, ilin sonunadək bu rəqəmin 85 mlrd. dollara çatacağı gözlənilir. Amma Rusiyada siyasi gərginlik başlayandan sonra bir ay ərzində Rusiya iqtisadiyyatı 10 mlrd. dollar itirib. Qeyd edək ki, sonuncu dəfə Rusiyadan kapital axını 2007-ci ildə müşahidə olunub – 81,7 mlrd. dollar. Ötən il ölkədən kapital axını 35,3 mlrd. dollar, 2009-cu ildə 56,9 mlrd. dollar təşkil edib.
Politoloq Vəfa Quluzadə Rusiyadan bu həcmdə kapital axınının baş verməsində təəccüblü heç nə görmür. Rusiyanın iqtisadi böhranla yanaşı, siyasi böhran astanasında olduğunu deyən V.Quluzadə qeyd etdi ki, artıq Putinin rəhbərliyi altında iqtisadiyyatın inkişaf edəcəyinə investorlarda inam qalmayıb. Putinin yürütdüyü siyasətin ölkəni iflasa apardığını deyən V.Quluzadə əlavə etdi ki, Rusiya iqtisadiyyatının yalnız neft üzərində bərqərar olması ciddi fəsadlar vəd edir: “Neftin qiymətinin yaxın zamanlarda aşağı düşəcəyi gözlənilir. Rusiyanın yeganə gəlir mənbəyinin neft olduğu nəzərə alınarsa, bu o deməkdir ki, iqtisadiyyat kapital itkisindən ciddi ziyan görəcək. Kremlin hazırkı rəhbərliyi anlamalıdır ki, əsgər gücü ilə ölkədə stabilliyi saxlamaq olmaz”.
Mövzu ilə bağlı iqtisadçıların mövqeyinə görə, Rusiyadan hazırda kapital axınının baş verməsi sırf ölkədəki situasiya ilə bağlıdır. Çünki kapital, investisiya axını həmişə stabilliyə bağlı olur. Ölkədə stabillik sual altına düşən kimi sahibkarlar öz maliyyələri üçün daha stabil məkan axtarırlar: “Rusiyada demokratiyanın bərqərar olunmaması stabilliyi hər zaman sual altında saxlayacaq. Yalnız demokratiyaya əsaslanan stabilik uzunmüddətli ola bilər. Ona görə ölkədə əlverişsiz investisiya mühiti, inhisarlaşma ölkədən kapitalın qaçmasını şərtləndirən əsas amillərdəndir”.
Hikmət



