Abdulla Gül və Rəcəb Tayyib Ərdoğandan hüquq müdafiəçisilə bağlı işi diqqətdə saxlamaları xahiş edildi
Intiqam Əliyevin vəkilləri Tora Pekin və Həlil Kocabaş hüquqçunun adından şikayəti, nəhayət Bakirköy Dövlət Prokurorluğuna rəsmi təqdim edə biliblər.
Şikayətdə I.Əliyevin dekabrın 6-da Istanbulun Atatürk Hava Limanında gömrük polisləri tərəfindən təhqir olunması, sonradan uçuş biletinin ləğv olunaraq tutulması, 1 sutka Aeroportun içində və sonradan Aeroportun ərazisindəki polis idarəsinin saxlanma yerində qapalı şəraitdə, polis nəzarəti altında saxlanması, dekabrın 7-də barəsində deportasiya olunması barədə qərar çıxarılması, vəkillərinin onunla görüşə buraxılmaması, deportasiya olunan gün bir neçə vəkilin onunla görüşmək üçün aeroporta gəlmələri və təkidli tələblərinə baxmayaraq, onunla görüşə icazə verilməməsi və aeroportun ərazisində çoxsaylı insanların- sərnişinlərin, polis əməkdaşlarının, Aeroportun xidmət işçilərinin gözü qarşısında təhqir olunması və iki dəfə aşırı fiziki zorakılığa məruz qalması faktı ilə bağlı cinayət işinin qaldırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması tələb edilir.
I.Əliyevin vəkillərinin verdiyi məlumata görə, onlar, həmçinin azərbaycanlı hüquqçunun deportasiyasının qanunsuzluğu ilə bağlı Türkiyənin müvafiq qurumlarına qarşı ayrıca mülki iddia qaldırmağa hazırlaşırlar.
I.Əliyev bildirib ki, hadisə ilə bağlı həm Azərbaycan, həm Türkiyə mediasında çoxsaylı yazılar getməsinə, Türkiyənin hüquq-mühafizə orqanlarına hər iki ölkənin siyasi, ictimai dairələrindən, müxtəlif beynəlxalq qurumlardan çoxsaylı müraciətlər göndərilməsinə baxmayaraq, hələ də təqsirkarlar tutulmayıblar. Bu, onlara yüksək səviyyədə himayə olunduğu fikrini yaradır. Türkiyəli həmkarları ona bildiriblər ki, belə işlərdə kamera qeydlərinin yoxa çıxarıldığı və ya keyfiyyətsiz vəziyyətə gətirildiyi hallar az olmur.
Ona görə də Türkiyə prezidenti Abdulla Gülə, Baş nazir Rəcəb Tayyib Ərdoğana, XIN və DIN-ə işin nəzarətə götürülməsi ilə bağlı rəsmi müraciət edilib.