“Yalnız ən yüksək vəzifəli dövlət məmuru çoxmilyonluq investisiyaların himayəsini təmin edə bilər”
“Kojeni işi” Azərbaycanda korrupsiyanın hər yerə nüfuz edə bildiyinə dəlalət edir”
Məşhur “Praqa piratı” Viktor Kojeninin Azərbaycan rəsmilərinə Dövlət Neft Şirkətini özəlləşdirmək niyyətilə rüşvət verdiyi ittihamı yenidən dünya mediasının gündəmini tutub. Mövzunu aktuallaşdıran Kojeni ilə əlbir olmuş amerikalı Frederik Burkun həbsdən buraxılmaq üçün verdiyi appelyasiya şikayətinin rədd edilməsidir.
Mövzu ilə əlaqədar “BBC Azərbaycanca”nın hazırladığı məqalədə deyilir ki, 1990-cı illərin sonunda özəlləşdirmə vaxtı Azərbaycanın neft sənayesini nəzarətə götürmək iştahı 65 yaşlı konnektikutlu iş adamı Frederik Burka və onun bizneş ortaqlarına olduqca baha başa gəlib.
Çərşənbə günü Nyu Yorkun Manhattan səmtində yerləşən Federal Apelyasiya Məhkəməsi yüksək çinli Azərbaycan rəsmilərinə rüşvət verməkdə günahlandırılan amerikalı iş adamına qarşı həbs-qətimkan tədbirini qüvvədə saxlayıb. “Müttəhimin irəli sürdüyü arqumentlər tutarlı olmayıb”, – deyə məhkəmənin 27 səhifəlik qətnaməsində yazılır.
Bourke-Kojeni işi
“BBC Azərbaycanca”nın məqaləsində deyilir:
“2005-ci ildə açılmış ittiham aktına görə, Burk 1998-ci ildə çex investoru Viktor Kojeni ilə əlbir olaraq, Azərbaycan rəsmilərini külli miqdarda nağd pul, səhm, başqa hədiyyələrlə ələ alaraq, Dövlət Neft Şirkətinin saxta hərracla özəlləşdirilməyə çıxarılmasına nail olmaq niyyəti güdüblər.
Düzdür, sövdələşmə baş tutmayıb, belə ki, bir ildən sonra Azərbaycan rəhbərliyi şirkətin satılmadığını bəyan edib, buna baxmayaraq, biznes əldə etmək, yaxud icarəyə götürmək üçün xarici hökumət rəsmilərinə rüşvət təklifi və onun icrası ABŞ Xarici Korrupsiya Aktına əsasən, cinayət hesab olunur.
Burk 2009-ci ildə Nyu York şəhər məhkəməsi tərəfindən bu işə görə bir illik qapalı həbs və daha üç il şərti həbs cəzasına məhkum edilib, həmçinin 1 milyon dollar cərimə olunub.
İşi yaxından izləmiş amerikalı ekspertlər diqqəti əsasən iki vacib detala – Qərbdə korrupsiya ilə sərt mübarizəyə və Azərbaycanda rüşvətin yerinə yönəldirlər.
Korrupsiya- köhnə adət
Gerald Robbins, Filadelfiyada mərkəzlənən Xarici Siyasi Araşdırmalar İnstitutunun (FPRI) baş elmi işçisidir. 1990-cı illərin ortalarında o, Bakıda Freedom House təşkilatının proqram direktoru olub və ölkənin iqtisadi-siyasi mənzərəsini yaxından izləyib.
Robbins deyir ki, “Burk-Kojeni işinin” taleyi sabiq Sovet ölkələri boyunca sərmayə yatırmaq istəyən Qərb sərmayədarlarını yaxından düşündürür.
“Korrupsiya Azərbaycanda Sovet sistemindən qalma başlıca mirasdır və belə görünür, 20 illik müstəqilliyə baxmayaraq, köhnə adətlər asanlıqla unudulmur”, o deyib.
Ekspert çıxış yolunu hüquqi və institusional islahatlarda görür.
Denverdə postsovet dövlətlərinin iqtisadiyyatına sistemli korrupsiyanın təsirini araşıdran Kolorado Universitetinin Beynəlxalq Proqramlar direktoru Christoph Stefes də hesab edir ki, “Kojeni işi” Azərbaycanda korrupsiyanın “hər yerə nüfuz edə bildiyinə dəlalət edir”.
“Ola bilər ki, bu və ya digər beynəlxalq şirkət Bakıda rüşvət, xüsusi hədiyyələr və yaltaqlıqla məmurların rəğbətini qazanmaq düşüncəsinə qapılsın. Lakin bunun üçün hansı qapıları döymək lazımdır? Yalnız ən yüksək vəzifəli dövlət məmuru çoxmilyonluq investisiyaların himayəsini təmin edə bilər” deyib cənab Stefes.
Ekspertə görə, ən pisi odur ki, Azərbaycanda sistemli korrupsiya artıq maksimum mərkəzləşib”.
HƏMÇİNİN BAX:
Əliyevlərin Kojeni qalmaqalının şok təfərrüatları