Nabatəli Qulamoğlu: «Məktəblər isə tam siyasiləşdiyi üçün Təhsil Nazirliyinin fəaliyyəti heçə enib»
«TQDK cəmiyyət arasında nisbi nüfuzundan istifadə edib abituriyent hazırlığını öz əlinə keçirmək istəyir»
Təhsil üzrə tanınmış ekspert Nabatəli Qulamoğlu son vaxtlar Müsahibə TQDK və Təhsil Nazirliyinin rəhbərliyi arasında gedən söz müharibəsində ortaya çıxan ittihamlarla bağlı fikirlərini “Azadlıq”a danışıb
– TQDK ilə Təhsil Nazirliyi arasında yenidən qarşılıqlı ittihamlar başlanıb. Baş verənləri necə qiymətləndirirsiz?
– Belə ittihamlar zaman- zaman olub, lakin mən heç vaxt bunu dramatikləşdirməyin tərəfdarı olmamışam. Səbəb də sadədir: Təhsil Nazirliyi ölkədə təhsil siyasətini aparır, TQDK isə qəbul imtahanları vasitəsilə nəticələrə qiymət verir, yəni bu fəaliyyət növünün fərqi ilə bağlıdır. Lakin bu dəfə məsələ fərqlidir- həqiqətən münaqişə dramatik xarakter alıb.
– Dramatizmi nədə görürsünüz?
– Bu çəkişməni nüfuz dairəsi uğrunda savaş hesab edirəm.
TQDK cəmiyyət arasında nisbi nüfuzundan istifadə edib abituriyent hazırlığı prosesini öz əlinə keçirmək istəyir. Amma səbəblər çoxvektorludur.
– Bəs nə üçün TQDK cəmiyyətin rəğbətini qazana bilir, Təhsil Nazirliyi yox.
– Əvvəla, TQDK-nın problemləri görünən deyil. Elə bu təşkilatı vaxtilə Əli Insanov hakimiyyətin donoru adlandırmışdı. Indi isə qəbulda korrupsiyanı “mədəniləşdiriblər”. Daha doğrusu, nüfuzlu fakültələri nəzarətə götürməklə qəbulun “qaymağını” yığırlar. Məktəblər isə tam siyasiləşdiyi üçün Təhsil Nazirliyinin fəaliyyəti heçə enib. Bu da öz növbəsində insanları qıcıqlandırıb.
– Söz savaşının səbəblərini “çoxvektorlu” adlandırdınız.
– Bir tərəfdən, monopolist müəlliflər yeni dərslik siyasəti ilə barışmaq istəmir, digər tərəfdən, TQDK- nın rəhbərləri belə hesab edirlər ki, Təhsil Nazirliyinin fəaliyyəti yalnız ümumtəhsil məktəblərində təlimi təşkil etməkdən ibarət olmalıdır. Qəbula hazırlıq prosesi, dərsliklərin hazırlanması onların idarəçiliyinə verilməlidir.
Artıq bu qurum öz işini bazar münasibətləri əsasında qurur və satışa müxtılif vəsaitlər çıxarır.
– Dərsliklərin hazırlanması prosesi necədir?
– Çoxlu qüsurlarına baxmayaraq, hesab edirəm ki, dərsliklərin hazırlanması və qiymətləndirilməsi prosesi Türkiyə dövlətinin praktikasına əsaslandığı üçün mürəkkəb və demokratik bir mexanizmdir. Əvvəlcə Təhsil Nazirliyi dərsliyi hazırlamaq üçün elan verir. Nəşriyyatlar tanıdıqları, etibar etdikləri mütəxəssisləri tapıb müqavilə bağlayır və bunu gizli saxlayır. Tenderdə iştirak edən hər bir nəşriyyat öz variantını təklif edir. Bu paketlər anonim şəkildə surquclanır və qiymətləndirmək üçün yaradılmış komissiyalara təqdim edilir. Bir fənn üzrə üç qrup (beş nəfərdən ibarət) komissiya yaradılır. Komissiya üzvləri fərdi şəkildə anonim paketləri qiymətləndirirlər. Onu da deyim ki, müəlliflərin ekspert qismində iştirakına yol verilmir. Sonda Qiymətləndirmə Şurası bir daha nəticələri müzakirə edir. Qəbul imtahanlarında olduğu kimi, burada da keçid balları müəyyən edilir. Keçid balını toplamış iki nəşriyyatdan hansı kitabına daha ucuz qiymət qoysa, ona üstünlük verilir. Lakin konqurentlərdən yüksək bal toplayana kitabına ucuz qiymət qoymaq imkanı verilir. Bu prosesdə subyektivizm halları minimum səviyyədə ola bilər.
– Bəs niyə onda belə keyfiyyətsiz dərsliklər meydana gəlir?
– Bütün dərsliklər haqqında belə fikir söyləmək düzgün olmazdı, baxmayaraq ki, keyfiyyətsiz dərsliklər var. Səbəblər çoxdur. 1-ci, müəlliflər hələ bu sahədə geniş təcrübəyə malik deyil. Onların məhsulu praktikada təkrar- təkrar istifadə edilməyib. Amma dərslik sahəsində monopoliyaya son qoyulması, prosesə praktiklərin cəlb edilməsini müsbət hal kimi qiymətləndirirəm.
– Məleykə Abbaszadə dərsliklərdə ciddi səhvlərin olduğunu iddia edir.
– Haqlıdır. Hər bir dərslik inşa materialıdır və səhvlərdən xali deyil. Vacib olan odur ki, buraxılmış səhvlərin düzəldilməsi prosesi getsin. Bunu da müşahidə edirik.
– Axı Məleykə xanım konkret olaraq tarix və biologiya dərsliklərini nəzərdə tutur. Hətta deyir ki, tarix dərsliyində etik və siyasi səhvlər var.
– Məlum deyil ki, haqqında danışılan dərslik hansıdır. Yanvarda, dediklərinə görə, bu barədə konkret nümunələr gətirəcəklər. Amma onu bilirəm ki, yeni tarix dərsliyini Musa Qasımlı və iki gənc tarixçi müəllim hazırlayıb.
Həmin dərslik 9-cu siniflər üçündür və XVII əsrdən sosializməqədərki dövrü əhatə edir. Bu səbəbdən də kitabın ilk səhifələrində Heydər Əliyevin şəkli verilməmişdir.
Güman edirəm ki, “siyasi səhv” deyəndə bunu nəzərdə tuturlar və şantaj edirlər. Lakin şəxsən ixtisas müəllimləri ilə görüşmüşəm və kitab haqqında konkret, ağlabatan müsbət fikirlər söyləyiblər.
– TQDK-nın hazırladığı test kitablarına münasibətiniz necədir?
– Bu qurumda xeyli savadlı insan çalışır. Lakin çoxları rusdillidir. Hətta bu, onların buraxdığı nəşrlərdə belə özünü göstərir. Məsələn, dərs vəsaitində (Azərbaycan dili, səh.566) “aksiom” sözü “aksioma” kimi verilmişdir. Yaxud “kordioloq” sözünün tələffüzünü “kordiyaloq” kimi vermişlər ki, bu da rus dilinin orfoqrafiya və orfoepiya qaydalarına uyğundur. Onların nə test tapşırıqları, nə də dərs vəsaitləri idealdır. Təkcə Azərbaycan dili üzrə 6-cı sinfin test tapşırıqlarından ondan yuxarı elmi qüsur göstərə bilərəm.
– TQDK sədrinin 11-ci sinfi bitirənlərin 5-ci sinif həcmində biliyə malik olması fikri həqiqətə uyğundurmu?
– Bu tipik bir nümunədir. Yəni məzunların böyük əksəriyyətini təşkil edir. Amma o da danılmaz faktdır ki, çox az bir dairədə daha geniş biliyə malik gənclərimiz yetişir. TQDK da bu avtoritar ölkədə fəaliyyət göstərir və onların da fəaliyyətində şübhəli məqamlar çoxdur. Neçə ildir ki, bu qurum qəbulun statistikasını aparır və hər il qəbulda “qeyri- kafi” alan məzunların payını 60-65% civarında müəyyən edir. Hər il üçün 2-3% irəliləyiş göstərir.
Bunun siyasi göstəriş olduğu açıq- aydın hiss olunur.
– Bəs nə üçün təhsildə baş verən aşınma prosesini M. Mərdanov danır?
– Nazir bunu dolayısı yolla bir neçə dəfə korrekt şəkildə etiraf edib. Məsələn, deyir ki, buraxılış imtahanları ilə qəbul imtahanları arasındakı fərq onları narahat edir. Amma ciddi hücumlar qarşısında özünü müdafiə edir, çünki ondan soruşa bilərlər: bəs nə işlə məşğulsunuz. O da deyə bilməz ki, təhsili faciəvi duruma gətirən mövcud rejimdir. Heç kimə sirr deyil ki, təhsilin hansı seqmentinə qədərincə maliyyə qoyulursa, orada inkişaf olur. Repetitor təhsili valideynlər tərəfindən normal maliyyələşdiyi üçün nəticələr də sevindiricidir. Amma hakimiyyət bu gün müəllimlərə dilənçi maaşı verməklə onları “kitayski mal”a çevirib- ucuz və keyfiyyətsiz.
– Sizcə, bu münaqişənin sonu necə bitəcək?
– Məncə, TQDK- nın hücumları davam edəcək, çünki müəlliflik monopoliyası əlindən alınmış şəxslər hakimiyyət daxilində xeyli təsir gücünə malikdir və onların maraqları ilə bu qurumun korporativ maraqları üst- üstə düşür.
Hikmət