Srağagün ANS kanalında, Sevic Osmanqızının tok-şousunun qonağı, millət “vəkili” Qüdrət Həsənquliyev özünəməxsus bir tezis irəli sürdü. Sən demə, biz XIII əsr təfəkkürlü bir xalqıq, iqtidar və deputatlar isə, XXI əsrə aid bəşər övladları olduğundan, demokratik cəmiyyətın bərqərar olması, hələ uzun müddət çəkəcək. Əfqan xalqı ilə, Azərbaycan xalqı arasında oxşarlıqlara (?) söykənərək, Qərbin Əfqanıstanda, Əliyev rejiminin isə Azərbaycanda “oxşar” problemlərlə üzləşdiyini və təxminən 7 əsrlik fərqi qapatmaq üçün (?) uzun bir zamana ehtiyac olduğunu vurğuladı. Özü ilə gətirdiyi beş-altı gənc isə, şou öncəsi təlimata uyğun olaraq, deputatın bu təhqiredici tapıntısının fərqinə belə varmadan onu alqışladı…
Dünənə qədər Qərbin bizdə olan demokratik cəmiyyəti qısqandığını iddia edən deputatın mövqeyinin birdən-birə 360 dərəcə dəyişməsinə səbəb nədir, görəsən? Başqa bir deputat, alovlu
YAP-çı Mübariz Qurbanlı bir həftə əvvəl bizi Norveçlə müqayisə edərək bir-iki ilə onlara çata(?) biləcəyimizi istisna etmirdi. Diqqətlə müşahidə etsək, görərik ki, iqtidarı tərənnüm edən pafoslu çıxışlara bir neçə gün ara verildi… və ardından Əfqanıstan müqayisəsi…
Bu Asiya ölkəsində 40 ilə yaxındır ki, xaos hökm sürür. Qərb nə qədər çalışırsa, üfüqdə demokratiya deyilən heç bir şey görə bilmir. Prezident Kərzayinin doğma qardaşı elə bu yaxınlarda sui-qəsd qurbanı oldu. Lakin nə vaxtsa, Qərb burada sivil cəmiyyətin qurulacağına ümid edir. Bunun təxminən yaxın 20 ildən tez olmayacağını proqnozlaşdırır və bu müddətdə, bu həssas bölgədə köklü dəyişikliklər gözlənilmir. Ingiliscə sərbəst danışan, Qərblə anlaşmağı bacaran prezident Həmid Kərzayi və onun komandasının, sui-qəsd və planlaşdırılmayan çevrilişin olmayacağı halda, uzun müddət iqtidarda qalacağı dəqiqdir.
Qısası, ərəb və MDB ölkələrində baş verən inqilabi-demokratik dəyişikliklərin Əfqanıstanda təkrar olunmayacağı dəqiqdir.
…Xatırlayırsınızsa, ərəb ölkələrində baş verən demokratik dəyişikliklər və tiranların səhnədən silinməsi zamanı, Azərbaycan iqtidarının ideoloqları, “biz Avropa məkanındayıq, o hadisələr bizdə təkrarlana bilməz deyirdilər”. Çox keçmədi ki, demokratik dalğa MDB məkanını bürüyüb, qapıbir qonşularımız Qazaxıstan və Rusiya demokratiyaya hamilədir. “Nə qədər Putin orda, biz burdayıq” deyənlər, indi Putinin çıxılmaz vəziyyətdə olduğunu yaxşı görürlər. Dünyaya meydan oxuyan bu adamın son çıxışlarında gələcək taleyi ilə bağlı narahatlığını sezməmək mümkün deyil. Nazarbayevin çapıb-taladığı Qazaxıstan ayağa qalxıb, ondan hesab sorur…
Hazırda iqtidar Qüdrət Həsənquliyev kimilərinin dili ilə Qərbə mesaj verir ki, “bizim xalq da elə əfqan xalqı kimi bir şeydir. Xalqın təfəkkürü XIII əsr səviyyəsindədir, Kərzayiyə tanıdığınız ayrıcalığı, lütfən bizə də tanıyın. MDB hara, biz hara, xalis əfqan xalqının analoqudur bu xalq, əlbəttə, iqtidar komandasını çıxmaq şərti ilə. Biz kiçik bir qrup, anadangəlmə avropalıyıq, demək olar ki, London başda olmaqla bütün demokratik şəhərlərdə mülklərimiz, biznesimiz var. ”Çingizxan” kimi sarayımız var. Bax, görürsünüz, geridə qalmış elə bölgələrimiz var ki, deputat seçilməyə adamları belə yoxdur, məcbur olub, Qüdrət Həsənquliyevi Ordubaddan, Zahid Orucu isə Nüşabədən qalma Bərdədən deputat seçirik. Barmaqla sayılan komandamızdan başqa, əksəriyyətin səviyyəsi XIII əsrdə necə idisə, eləcə də qalıb”. Qısası, oyandıq ki, biz əfqanıq(!)…
Istər-istəməz, yada Sov.IKP baş katibi Leonid Iliç Brejnev düşür. Bakı vağzalında, qatardan enən kimi, amneziyadan əziyyət çəkən “gensek” bizə “əziz əfqan xalqı” deyə müraciət etmişdir. Indi bu tarixi faktı da, Qərbin önünə “təzkibedilməz” dəlil kimi qoysalar, təəccüblənməyə dəyməz.
Sonda Qüdrət Həsənquliyevə və özlərini XXI əsrin insanları adlandıran iqtidar nümayəndələrinə, monqol istilası ərəfəsindəki XIII əsr Azərbaycanı haqda çox qısa bir arayış verməyi özümə borc bilirəm.
“Azərbaycan bu dövrdə, intibah dövrünü yaşayırdı, böyük yaşayış mərkəzlərinə, o cümlədən iri kəndlərə saxsı tünglər (borular) vasitəsi ilə su çəkilir və həmin qaydada çirkab suları kənara axıdılırdı. Qız qalası, Mömünə xatun türbəsi, Gəncə qalası kompleksi kimi dünya memarlıq inciləri ilə məşhur idi. Artıq dünyaya Nizami Gəncəvi, Əfzələddin Xaqani kimi dahilər verən xalq, Şərqin ilk klassik – Eldənizlərin Atabəylər dövləti və Şirvanşahlar dövlətlərinə malik idi. Orta əsrlərin möhtəşəm Azərbaycan dövləti – Səfəvilər rüşeym halında idi…”.
Nə yazıq ki, vəzifə, deputat mandatı bir qrup insanları kor və amansız edir…