Cəbhəçi xanımlardan siyasi məhbus övladlarına hədiyyə

«Vicdan məhbuslarının arxasında onların 24 körpə uşağı durur»

 

 

AXCP Qadınlar Şurası dünən maraqlı bir təşəbbüslə çıxış edərək həbsdə olan vicdan məhbuslarının övladlarına yeni il şənliyi keçirdi. Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında mərasim üçün hazırlıq işləri səhər saatlarından başlamışdı. Cəbhəçi xanımlar tədbirin keçirildiyi zalı şarlar, zərli lentlər, bayraqlarla bəzəyərək ətrafda əsl bayram ab-havası yaratmışdılar. Stollara şirniyyat, meyvə, şirələr düzülmüş, körpələr üçün xüsusi yeni il hədiyyələri alınmışdı. Az keçməmiş mərasim zalına gələn körpələr onlar  üçün əvvəldən hazırlanmış şən mahnıların sədaları altında var-gəl etməyə başladılar. Onların arasında 2 aprel mitinqinə görə həbsdə olan AXCP fəalları Şahin Həsənlinin, şərti cəza alan Fuad Qəhrəmanlının, Arif Alışlının, Zülfüqar Eyvazlının, Babək Həsənovun, hüquq müdafiəçisi Vidadi Isgəndərlinin, baş redaktor Əvəz Zeynallının, övladları, həmçinin gənc fəal Elnur Məcidlinin və Ülvi Quliyevin bacısı uşaqları da var idi.

 

Bir neçə saat davam edən mərasimdə olduqca duyğulu anlar yaşandı. Məhbus övladları ayrı-ayrılıqda çıxış edərək öz kövrək, eyni zamanda qürur dolu nitqləri ilə bütün iştirakçıların gözlərini yaşartdılar.

Əvəz Zeynallının qızı balaca Selcanın ağlayaraq “Istəyirəm ki, atam yanımıza gəlsin, yeni ildə bizimlə olsun” deməsi, Şahin Həsənlinin oğlu Fəridin və qızı Nərminin qürurla söylədikləri qəhrəmanlıq şeirləri, Fuad Qəhrəmanlının qızı Selcanın ağıllı fikirləri, Vidadi Isgəndərlinin böyük qızı Həbibənin “Ürəyimiz həbsdə olan atamın və əmilərimizin yanındadır” ifadəsi, Vidadi bəyin kiçik qızı Aylanın skripkada qəmli bir musiqi ifa etməsi, Babək Həsənovun oğlanlarının atalarına həsr etdikləri şeir parçası və nəhayət, Zülfüqar bəyin nitq qüsuru olan qızı Cəmilənin əlləri ilə atası üçün necə darıxdığını izah etməsi yəqin hələ uzun müddət mərasimə qatılanların yaddaşından silinməyəcək.   
Çıxışları zamanı uşaqlar atalarının hansı səbəbdən həbsdə olmasını özləri anladıqları kimi izah etməyə çalışıblar, bayramları ataları ilə birlikdə keçirmək istədiklərini deyiblər.

AXCP Ali Məclisinin sədr müavini Iradə Əliyeva bildirib ki, hakimiyyət bu günahsız adamları həbsə atmaqla heç nəyə nail ola bilməyib: “Bir şeyə nail oldular ki, illərdir bir cəbhədə mübarizə aparan, lakin bir-birini yaxından tanımayanlar bu həbslərdən sonra yaxınlaşdılar, bir-birlərinin ailələrini tanıdılar”.
AXCP sədrinin müavini Gözəl Bayramlı qeyd edib ki, bu tədbiri keçirməkdə məqsədləri məhbus ailələrini bir araya yığmaq və cəmiyyətin diqqətini bir daha onlara yönəltmək olub: “Vicdan məhbusları bütün bu proseslərin görünən hissəsidir. Amma əslində bunun arxasında onların 24 körpə uşağı durur. Bu, elə belə deyil. Bu qədər uşağın taleyi sual altındadır. Mən istəmirəm ki, bu gün bu körpə balaların ürəyində hər hansı iz qalsın. Heç bir hakimiyyətin haqqı yoxdur ki, bu uşaqların taleyi ilə oynasın, onların atalarını günahsız yerə məhbəsdə saxlasın. Biz hakimiyyətə bir daha demək istəyirik ki, onların həbs etdiyi insanlar heç bir qanunu pozmayıblar. Sadəcə, konstitusiyanın verdiyi hüquqlardan istifadə etməklə azad fikirlərini deyiblər. Buna görə isə insanları məhbəsə atmaq, bu qədər körpəni atasız qoymaq olmaz?”.

Mərasimin sonunda bütün uşaqlara bayram hədiyyələri paylanıb və onlar musiqi sədaları altında rəqs ediblər.

Gültəkin