“Xalqlar azadlıq eşqi ilə ölümə gedirlər”

«Gələn il ölkədə demokratiya uğrunda mübarizədə həlledici olacaq»

Əli Kərimli: «Ramiz Mehdiyev böyük-böyük məqalələr yazıb Putin ideoloqlarının qondarma nəzəriyyəsini əsaslandırmağa çalışırdı»

AXCP sədri Əli Kərimli “Media forum” internet portalına müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik:

– Müxalifətin 2012-ci illə bağlı planları nədir? Qarşıdakı il Azərbaycan üçün necə keçəcək? Hazırda bunun hansısa əlamətləri özünü göstərirmi?
– Bir neçə səbəbə görə qarşıdakı il çox gərgin keçəcək. Əvvəla, “ərəb baharı”“” adlanan proses Rusiyada da cərəyan edir. Bəzi jurnalistlər artıq bunu “Rusiya qışı”“” adlandırır. Ərəb ölkələrindən başlanan dalğa “Rusiya qışı”“”nın simasında davam edir və başqa ölkələrə də sirayət edəcək. Proses yekunlaşmayıb. Həm də Iranla bağlı hadisələr sürətlənib, bu ölkənin hazırkı hakimiyyəti ilə Qərb arasında qarşıdurma artıb, Iran əleyhinə sanksiyalar şiddətlənir. Artıq Irana qarşı hərbi əməliyyatlar belə müzakirə olunur. Bu, bizi siyasi proseslərin episentrinə sala biləcək bir durumdur.     
Azərbaycandakı hökumətyönlü politoloqlar müsəlman ölkələrindəki inqilabların təhlilini aparanda deyirdilər ki, Azərbaycanın ərəb dünyasına heç bir aidiyyəti yoxdur, Azərbaycan MDB-nin bir hissəsidir. Onların açıqlamalarından belə çıxırdı ki, Rusiyanın qeyri-rəsmi nüfuz dairəsindəyik və Rusiyada baş verən hadisələrdən asılıyıq. Yeri gəlmişkən, indi onların səsi gəlmir. Növbəti mərhələdə bu çoxbilmişlərdən belə bir açıqlama gözləyirəm ki, onlar Azərbaycanı müstəqil olmasına görə Kuba ilə müqayisə etsinlər və desinlər ki, nə qədər Kuba durur, biz də duracağıq.
Hər halda Rusiyadakı proseslərin Azərbaycana çox ciddi təsiri olduğunu hökumətin “danışan dilləri”“” də etiraf edirdilər. Düzdür, indi onlar dərin fikrə gediblər, böyük həyəcan içindədirlər… Burda da ümumi fikir və qənaət var ki, Rusiyada baş verənlər, nəhayət, Azərbaycana təsir edəcək. Regionun özü ilə bağlı ciddi proseslər gedir. Ərəb inqilabları, “rus qışı”“” və sairə olmasa belə, regionun özü ilə bağlı ciddi proses gedir.

Cənubi Qafqaz diqqət mərkəzinə gəlir

– Nədir bu proses?
– Avropa Birliyi Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz ölkələrini rəsmən Şərqi Avropa ölkələri adlandırdı. Bu, bir əsrlik mübahisənin hüquqi müstəvidə həlli deməkdir. Azərbaycanın bu birliyə üzv olması xeyli çəkə bilər və avropalı olmağın əsas şərti də bu deyil. Amma Avropa Birliyinin 27 ölkəsinin yığışıb Azərbaycanın da Şərqi Avropa ölkəsi olduğunu etiraf etməsi böyük, tarixi hadisədir. Deməli, Cənubi Qafqazın Avropaya inteqrasiyası, demokratikləşməsi mühüm məsələdir. Bu məsələlər Gürcüstanda bir qədər irəli getdiyinə görə Ermənistan və Azərbaycanda siyasi proseslərin, islahatların sürətlənməsi strateji nüansdır. Buna görə də Cənubi Qafqaz diqqət mərkəzində olacaq.
2012-ci il Ermənistanda seçki ili, Azərbaycanda isə seçki ərəfəsi ilidir. Əgər söhbət prezident seçkisi kimi mühüm seçkidən gedirsə, bu, siyasi proseslər üçün ayrıca bir stimuldur. Azərbaycanda 2012-ci ilə daha iki faktor öz damğasını vuracaq. Bunlardan biri ondan ibarətdir ki, Azərbaycan iqtidarının əsassız olsa da lovğalandığı iqtisadi artım, ümumi daxili məhsul  göstəricisinin rəqəmləri artıq yoxa çıxıb. 2011-ci ilin yekunlarına görə, nəinki dünyada, hətta MDB dövlətləri arasında Azərbaycan ümumi daxili məhsul göstəricilərinə görə axırıncı yerdədir. Amma hakimiyyət rəsmilərindən səs çıxmır. Bir vaxtlar ən mühüm faktor budur deyirdilər. Indi izah etsinlər ki, nədən qürrələndiyiniz bu göstəriciyə görə ölkə Ermənistandan, hətta Qırğızıstandan da geri qalır. Müstəqil ekspertlər bunun neftlə bağlı olduğunu deyəndə onlar bunu öz fəaliyyətlərinin, siyasətlərinin nəticəsi kimi dəyərləndirirdilər. Zəhmət çəkib indi açıqlama versinlər və azalmanın da məsuliyyətini daşısınlar. Hanı analoqu olmayan inkişaf? Iqtisadi göstəricilərin aşağı düşməsi istər-istəməz ölkənin siyasi həyatına da təsir göstərəcək.
2011-ci ildə baş verən pozitiv proseslər – Ictimai Palatanın əsas alternativ kimi özünü təsdiq etməsi, ziyalıların, gənclərin, internetin ictimai prosesə müdaxilə eləməsi 2012-ci ildə yüksələn xətlə gedəcək. Çünki bu proseslərin hamısı 2011-ci ildə başlanğıc mərhələsində, rüşeym halında olub. Əslində o proseslərin hamısı daha ciddi faktor kimi yetkinlik mərhələsinə 2012-ci ildə gəlib çıxacaq. Mən 2012-ci il üçün ölkədə çox ciddi siyasi fəallıq proqnozlaşdırıram.
Gələn ilin ölkədə demokratiya uğrunda mübarizədə həlledici il olacağına inanıram. Prinsip etibarilə dünyada, regionda gedən proseslərdən, Azərbaycan xalqının hadisələrə reaksiyasından asılı olaraq ölkədəki inkişafın sıçrayışla dəyişməsi ehtimalını da istisna etmirəm. Yeni-yeni gənc, ictimai qüvvələr ictimai-siyasi proseslərə qoşulduqca siyasi müxalifəti marginallaşdırmaq tapşırıqları əhəmiyyətsizləşir, artıq nəticə vermir. Hakimiyyət artıq elə bir vəziyyətə düşüb ki, direktivləri yerimir, ölkə köhnə qayda ilə idarə olunmur.

Rusiyadakı və ərəb ölkələrindəki rejimlərin sintezi

– Adətən Azərbaycan hakimiyyəti həm nəzəri, həm də praktiki baxımdan Rusiyadakı idarəçilik üsullarından nümunə götürür. Orada baş verə biləcək dəyişikliklər Azərbaycan hakimiyyətini öz siyasətində korrektələrə vadar edə bilərmi?
– Azərbaycandakı rejim Rusiyadakı avtoritar rejimlə ərəb ölkələrindəki sülalə rejimlərinin sintezindən ibarətdir. Azərbaycanın indiki hakimiyyəti Şərqdən ailə hakimiyyətini götürüb. Ailə hər şeyin fövqündədir, hakimiyyət daimi və ömürlük olmalıdır, atadan oğula və ailə daxilində transfer olmalıdır. Şərq diktatorlarına xas qeyri-məhdud hakimiyyətdən irəli gələn qəddarlıq, dözümsüzlük, müxalifəti məhv etmək, qohumlar arasında nazirlikləri, parlamenti bölüşdürmək – Azərbaycandakı rejim bunların hamısını Şərqdən götürüb.
Rusiyadan götürdüyü isə demokratiyanın imitasiyasıdır. Rusiyadakı avtoritar sistemdə bütün demokratik institutları yaradıb gözdən salmaq ənənəsi mövcuddur. Avropa Şurası çox böyük mübarizədən sonra Azərbaycanda Ictimai Televiziyanın yaradılmasına nail oldu və hesab etdi  ki, bununla böyük qələbə əldə edib. Əslində isə hakimiyyət onu ikinci dövlət televiziyasına çevirdi. Burada çətin bir iş yoxdur. Elə bil dedilər ki, ombudsman təsisatının yaradılması üçün mübarizə aparırsız, yaradaq, olsun daha bir dövlət idarəsi. Bələdiyyə istəyirsiz, burada da problem yoxdur, yaradaq, icra hakimiyyətinin bir şöbəsi də artıq olar. Yəni imitasiyalarla demokratik təsisatları gözdən salmaq, hər şeyin saxta nümunələrini yaratmaq. Bax, Rusiyadan da bunları – yalançı suveren demokratiya nəzəriyyəsini əxz ediblər. Ramiz Mehdiyev böyük-böyük məqalələr yazıb Rusiyada Putinin ideoloqlarının ortaya qoyduğu bu qondarma nəzəriyyəni əsaslandırmağa çalışırdı.

Rusiyadakı seçkinin ən mühüm nəticəsi

Indi Rusiyada ciddi proseslər gedir. Hələlik oradakı proseslərlə bağlı birmənalı proqnozlar verməzdim. Uzun dövrlə bağlı isə proqnoz vermək olar. Aydın olan budur ki, artıq Rusiyada hakimiyyət legitimliyini tam itirdi. Bu ölkədə keçirilən parlament seçkisinin ən mühüm nəticəsi budur. Rusiyada ilk dəfədir belə hal yaşanır. Bu ölkədə avtoritarizmin yaşı çox olsa da, etiraf etmək lazımdır ki, prezident olduğu dönəmdə Vladimir Putin və rəhbərlik etdiyi partiya əsaslı-əsassız kifayət qədər populyar idi, xalqdan səs alırdı. Rejimin əleyhdarları onu bəyənmirdilər, etirazlarını bildirirdilər, bununla belə, qeyri-legitimlik söhbəti yox idi. Son 12 ildə ilk dəfədir ki, Rusiyada rejim legitimliyini itirdi. Əgər legitimliyini itiribsə, hakimiyyət mütləq gedəcək. Bu aksiomdur. 21-ci əsrdə qeyri-legitim olan hakimiyyətin heç bir perspektivi yoxdur. Amma nə vaxt və necə? Bu, açıq sualdır. Ona görə də mən sizinlə razıyam, burada hadisələrin həm sürətli inqilabi, sıçrayışlı inkişaf ssenarisi ola bilər, həm də prosesin bir qədər uzanması mümkündür.
Sizin verdiyiniz sual ikinci hissəyə aiddir. Birdən Rusiyada proseslər uzansa, nə baş verəcək? O dəqiqdir ki, proseslər uzansa belə, Rusiya hakimiyyəti indiki kimi qala bilməyəcək. Müəyyən transformasiya olacaq və keçid bir hakimiyyət formalaşacaq. Yarımdemokratik, yalnız müəyyən kilid sahələrə nəzarət edə bilən, amma cəmiyyətə total nəzarəti itirmiş və son günlərini yaşayan hakimiyyət formalaşacaq. Rusiyadakı indiki hakimiyyət iş başında ən yaxşı halda belə qala bilər: demokratiyanı bir qədər artırmaqla, şikayətlərə baxmaqla, xalqla qarşıdurmadan qaçmaqla, mətbuata azadlıq verməklə, liberal kəsimə dəyişiklik mesajı verməklə, özünün də bu dəyişikliklərə müqavimət göstərmədiyini nümayiş etdirməklə, supergüc olan nüvə dövlətində daha iri kataklizmlərə şərait yaratmaq istəmədiyini göstərməklə. Inqilabi ssenarilərin baş verməməsi üçün bunları edə bilərlər.
Rusiyada proseslər bu ssenari üzrə inkişaf etsə belə, yenə də bunun Azərbaycana təsiri olacaq. Əgər orda bu ikinci ssenari reallaşacaqsa, Kreml hakimiyyəti nəinki müvəqqəti olacaq, həm də zəifləyəcək. Bunun nəticəsində Rusiya hakimiyyətinin dünyada jandarm olmaq imkanları itəcək. Rusiya hakimiyyətinin zəifləməsi ona avtoritar rejimlərin babası statusunu saxlamağa imkan verməyəcək. Bu hakimiyyət keçid dövrü üçün birtəhər öz ömrünü uzada bilsə də, artıq dünyada indiki imkanlara sahib olmayacaq.

Avtoritar rejimlərin təfəkkürü oxşardır

– Baş nazir Vladimir Putin Rusiyada parlament seçkisindən sonra keçirilən etiraz aksiyalarını ABŞ-ın təşkil etdiyini, insanların küçələrə başqalarının təhrikiylə çıxdığını dedi. Siz necə düşünürsüz, bu ölkədə gedən proseslərdə xarici amillərin rolu varmı? Əgər varsa, bu, həlledici roldurmu?
– Biz Putinin bu çıxışına təəccüblənmədik. Son bir ildə xalqın ayağa qalxdığı hansı ölkədə avtoritar liderlər başqa söz dedilər? Onların hansı dedi ki, bağışlayın, mən səhvimi başa düşdüm, anladım ki, siz doğrudan da böyük xalqsız?
Bir misal çəkim. Böyük Britaniyanın keçmiş baş naziri Çörçilin ölkəsinin, o cümlədən bütün dünyanın əfsanəvi siyasətçisi olduğunu hamı qəbul edir. Çörçil Ikinci Dünya müharibəsinin antifaşist koalisiyasının qələbəsi ilə nəticələnməsində çox böyük rol oynamış siyasətçidir. Xüsusən də ilk ildə – 1940-cı ilin iyulundan 1941-ci ilin iyununadək, Fransanın, Avropanın əksər hissəsi işğal olunandan SSRI-yə qarşı müharibə başlananadək məhz Çörçilin səyi nəticəsində Böyük Britaniya özünü qoruya bildi. Sonra isə böyük koalisiyanın yaranmasında həlledici rol oynadı. Bütövlükdə isə o, müharibənin əfsanəvi qəhrəmanlarından biridir. Amma müharibədən sonra keçirilən ilk seçkidə uduzdu. Antifaşist koalisiyasının Podstam konfransında o, artıq seçkini uduzmuşdu. Hamı buna təəccüblənmişdi. Bəs özü buna nə dedi? Çörçil məsələyə cari siyasətçi kimi deyil, böyük dövlət xadimi kimi yanaşdı. Dedi ki, yalnız ingilis xalqı Ikinci Dünya müharibəsinin qalibini cəzalandıra və yenidən özünə rəhbər seçməyə bilərdi. Çörçil dedi ki, bunu yalnız mənim xalqım edə bilərdi.
Düzdür, biz deyə bilərik ki, ingilis xalqının Çörçili yenidən seçməməsi haqsızlıq idi. Amma o, bu haqsızlıqdan belə, öz xalqını qaldırmaq üçün istifadə etdi. Əgər bu adamlarda ortabab təfəkkür, ya da heç olmasa insaf olsaydı, bu gördüklərindən sonra dərhal xalqdan üzr istəyərdilər. Deyərdilər ki, biz xalqımızı düzgün qiymətləndirməmişik. Bizim xalqımız doğrudan da böyük xalq imiş, azadlıq istəyirmiş, özünə əsl vətəndaş münasibəti görmək istəyirmiş, rəiyyət, kütlə olmaq istəmirmiş. Avtoritar liderlər xalqın mövqeyini görəndən sonra çıxıb deməliydilər ki, müəyyən səhvlərimi başa düşdüm. Sevinirəm ki, mənim xalqım öz haqları uğrunda mübarizə aparır, mən mesajı aldım və səhvlərimi etiraf edirəm. Bundan sonra bunları nəzərə alacam.
Hansı avtoritar lider bunu dedi? Heç biri. Hamısı bir ağızdan söylədi ki, xalq etirazları xaricdən təşkil olunub. Adamlar nəyə görə hansısa bir xaricinin – Corcun, Conun və yaxud kiminsə sözü ilə ölümə getməlidir? Bunu nəyə görə izah eləmirlər ki, bunlar niyə ölümə gedir? Niyə özlərinə sual eləmirlər ki, bu adamları biz hansı vəziyyətə salmışıq ki, xaricilərin, əcnəbilərin sözü ilə ölümə gedir? Axı bu sualı verərlər sənə… Təbii ki, yalan deyirlər. Bu xalqlar azadlıq eşqi ilə, zülmdən qurtarmaq üçün ölümə gedirlər. Bu xalqlar kiminsə fitvası ilə, kiminsə təsiri altına düşüb ölümə qapı açmırlar.
Elə Azərbaycanda da belədir. Biz də haqqımız uğrunda mübarizəyə başlayan kimi deyirlər ki, xarici qüvvələr, əcnəbilər və sairə. Çünki müasir dövrün, XXI əsrin avtoritar rejimlərinin təfəkkürləri də oxşar və primitivdir. Mən heç geniş təfəkkürə malik olanına rast gəlmədim.

ardı var