Vəkil MTN-dən izahat tələb edir

Vəkil Əsabəli Mustafayev Naxçıvan MR Culfa rayonunun Ərəzin kənd sakini Turac Zeynalovun müəmmalı ölümü ilə bağlı Naxçıvan MR-in Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib.
Vəkilin “Turan”a verdiyi məlumata görə, müraciətdə T.Zeynalova qarşı “dövlətə xəyanət”lə bağlı başlanmış cinayət işinin ləğv edilməsini istəyib. Vəkil həmçinin T.Zeynalovun ölümü ilə bağlı rəsmi açıqlama verilməsini istəyir. O, NMR Milli Təhlükəsizlik Nazirliyinin təqdim etdiyi arayışda T.Zeynalovun ölümü ilə bağlı tutarlı səbəblərin olmadığı qənaətindədir. Vəkil, həmçinin ombudsmana və Baş Prokurorluğa mərhumun ölümü ilə bağlı aparılan araşdırmaya aydınlıq gətirilməsi üçün müraciət hazırlayır. T.Zeynalovun doğmaları onun işgəncədən öldüyünü hesab edirlər. Jurnalistlərə göstərilən videogörüntüdə də cəsədin üzərində zorakılıq izləri açıq-aşkar bilinir.